Bütün dünyanın gözlədiyi müzakirələrin nəticəsinə 1 gün qaldı

İran ilə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin ilə Almaniyadan ibarət olan 5+1 ölkələri arasında aparılan müzakirələr sona yaxınlaşır. 
 
Maide.az xəbər verir ki, əldə edilməsi nəzərdə tutulan çərçivə sazişi üçün bir ayda dörd dəfə görüşən tərəflər üçün qərar vaxtına cəmi bir gün qalıb.
 
Nüvə müzakirələr çərçivəsində İsveçrənin Lozanna şəhərində xarici işlər nazirləri səviyyəsində aparılan danışıqların son turunda rəsmilər 12 ildir davam edən danışıqların sona yaxınlaşdığını və müqaviləyə daha əvvəl heç bu qədər yaxın olmadıqlarını bildirirlər.
 
Həm İran, həm də ABŞ rəsmiləri son həftələrdə sürət qazanan müzakirələrdə çox əhəmiyyətli irəliləyişlər əldə edildiyi məsələsində ortaq bir ritorika istifadə etsə də, bəzi kritik məsələlər üzərində tərəflər arasında fikir ayrılıqları davam edir.
 
Nüvə silah əldə etməyə çalışdığı barədə iddialar səsləndirilən İrana qarşı tətbiq olunan sanksiyalar və bu sanksiyaların necə qaldırılacağı tərəflərin yönəltdiyi kilid məsələ olaraq diqqəti çəkir.
 
İran nüvə razılığının əldə edilməsi üçün sanksiyaların hamısının bir dəfəyə ləğvi məsələsini şərt kimi irəli sürür, ancaq 5+1 ölkələri sanksiyaların mərhələli olaraq qaldırılması fikrini müdafiə edir.
 
 5+1 ölkələrindən ABŞ və Fransa arasında da sanksiyaların hansı mərhələdə qaldırılması da daxil olmaqla bəzi açar məsələlər üzərində fikir ayrılıqları olduğu bilinir.
 
İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə müzakirələri mövzusundakı mövqeyinə münasibətlə əlaqədar ABŞ prezidenti Barak Obamaya məktub göndərmiş, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya dövlət başçıları ilə telefonda danışmış və bu "qeyri-adi fürsətin" əldən buraxılmaması lazım olduğunu söyləmiş, İrana qarşı tətbiq edilən bütün sanksiyaların qaldırılmasına dəvət etmişdi.

Google+ WhatsApp ok.ru