Cahangir Hacıyevin adamları Beynəlxalq Bankdan təmizlənir

Növbəti «kredit qalmaqalı»nın qarşısını almaq üçün bankın pullarına da nəzarət artırılacaq

Son aylar kreditlərinin ödənilməməsi və bununla əlaqədar olaraq iş adamlarının həbs edilməsilə gündəmdə olan Azərbaycan Beynəlxalq Bankı (ABB), bir daha belə problemlər ilə qarşılaşmaq istəmir.
 
Fins.az-ın məlumatına görə, ABB-nin Idarə Heyətinin sədri Elmar Məmmədov bildirib ki, Bankın maliyyə resurslarının idarə edilməsi üzərində nəzarət artırılacaq: “Bu müddətdə cəlb olunan resursların, eləcə də verilən kreditlərin faiz dərəcələrinin mümkün qədər aşağı salınması ilə Bankın maliyyə dayanıqlığı gücləndiriləcək. Problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi də bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi məqsədinə əsaslanır”.
 
Elmar Məmmədov qeyd edib ki, hazırda Banka sağlam kapital ona görə lazımdır ki, əlavə pul vəsaitləri cəlb edilsin: “Dövlətin dəstəyi ilə bankdan problemli aktivlər çıxarılacaq və bu məqsədlə tətbiq edilən düzgün, səmərəli mexanizm Bankın problemli aktivlərinin əvəzinə, real maliyyə resursları cəlb etməsinə imkan verəcək.
 
Fərmandan da göründüyü kimi, dövlət tərəfindən Azərbaycan Beynəlxalq Bankına dəstəkləyici tədbirlər davam etdirilir və Azərbaycan dövlətinin bu dəstəyi, Bankın gələcəyinə ən böyük zəmanətdir".
 
Elmar Məmmədov həmçinin deyib ki, ABB qarşısında qoyulan vəzifələrə nail olmaq üçün kadr siyasətinə yenidən baxacaq.
 
Onun sözlərinə görə, bankın maliyyə durumunun sağlamlaşdırılması, fəaliyyətinin səmərəliliyinin artırılması, urada müasir korporativ idarəetmənin qurulması nəzərdə tutulur. Bu vəzifələrin yerinə yetirilməsi üçün digər tədbirlərlə yanaşı, kadr siyasətinə yenidən baxılması və səriştəli kadrların Bankın fəaliyyətinə cəlb olunması nəzərdə tutulur.
 
Qeyd edək ki, hazırda bu bankda rəhbər vəzifələrdə çalışanların əksəriyyəti Cahangir Hacıyevə yaxın adamlardır.

Google+ WhatsApp ok.ru