Ceyhun Bayramov: `Ali məktəblərdə 30 yaşa qədər elmlər doktoru yoxdur`

"Azərbaycanda təhsil alan doktorantların böyük əksəriyyəti humanitar, sosial və iqtisadiyyatın payına düşür. Lakin dünyanın və ölkəmizin iqtisadi inkişaf tələbləri daha çox texniki, texnoloji, təbiət, kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasını tələb edir. Təhsil müəssisələrində doktoranturaya qəbul planı formalaşdırılarkən ölkəmizə gələcəkdə lazım olacaq peşə sahibləri - mühəndis, texnoloqlar, proqramçı mütəxəssislər, fundamental sahələr üzrə alimlərin hazırlanmasının vacibliyi nəzərə alınmalıdır".
 
APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında deyib. Onun sözlərinə görə, istedadlı gənclərin elmə istiqamətləndirilməsi və alimlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində gələcəkdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Nazir müavini qeyd edib ki, Milli Məclisdə 2-ci oxunuşdan keçmiş "Elm haqqında" qanun layihəsində bütün təşkilatlarda, o cümlədən ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi və elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan tədbirlər əksini tapıb: "Ümid edirəm ki, bu tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində yüksək ixtisaslı gənc alimlərin yetişdirilməsinə imkan verəcək”. /
 
C. Bayramov bildirib ki, ölkənin elmi kadr potensialının orta yaş həddi ildən-ilə yüksəlir. Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur. Yaşı 65-dən yuxarı olanların sayı isə 68,7 faiz təşkil edir: "Fəlsəfə doktoru üzrə göstəricilərə gəldikdə, onların yaş nisbəti 30 yaşa qədər 0,8 faiz, 65 yaşdan yuxarı olanların sayı isə 37,8 faizdir. Bu sahədə mövcud elmi potensial üçün arzu olunan səviyyəni gənclərin elmə marağını artırmaqla nail olmaq olar. Yüksək ixtisaslı elmi kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir".

Google+ WhatsApp ok.ru