İctimai Siyasi Universitetin lisenziyası əlindən alındı

Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsinə - İctimai Siyasi Universitetinə verilən lisenziya müddətinin uzadılmaması barədə qərar verib. Maide.az ın məlumatına görə, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib. 
 
Onun sözlərinə görə, universitetdə aparılan araşdırmalar nəticəsində orada tədrisin formal xarakter daşıdığı, kafedraların mövcud qaydalara uyğun təşkil olunmadığı məlum olub.
 
Hazırda həmin ali məktəbdə təhsil alan 566 tələbənin taleyi barədə soruşulduqda isə  Cəsarət Valehov yaxın müddətdə onların mərkəzləşdirilmiş şəkildə digər ali məktəblərə köçürülməsi təşkil olunacağınl bildirib: "Bununla bağlı yaradılan işçi komissiya tələblərin müvafiq universitetlərdə yerləşdirilməsi ilə məşğul olacaqlar".
 
Təhsil Nazirliyinin nümayəndəsi köçürülən tələblərin təhsil xərcləri barədə də məlumat verib və bildirib ki, onların ödənişləri oxuduqları ali məktəbin təhsil xərcindən yüksək olmayacaq: "Cari ilin məzunları isə diplomlarını Azərbaycan İctimai Siyasi Universitetindən ala biləcəklər".
 
Cəsarət Valehov universitetə yenidən lisenziya verilə biləcəyinin istisna etməyib: "Lisenziyanın geri alınması özlüyündə universiteti ləğv etmək deyil, qanunvericiliyin mövcud qaydalarındakı standartlara cavab verdiyi təqdirdə universitetə yenidən lisenziya verilməsi məsələsinə baxıla bilər”.

Google+ WhatsApp ok.ru