`Dağlıq Qarabağın erməni icması ilə görüşə bilərik`

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri başa çatıb. Diplomatların Yerevan və Bakıdakı görüşlərdə əsas müzakirə mövzusu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək idi.
 
Məlumat üçün bildirək ki, həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasında da görüş keçiriblər. Onlar bəyan ediblər ki, qaçqınların problemi nəzərə alınmadan Dağlıq Qarabağ münaqişəsinin həlli mümkün deyil.
 
Maide.az xəbər verir ki, həmsədrlərin gündəmə gətirdikləri bu məsələ ilə bağlı modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilә hәllinin tərəfdarıdır. Onun sözlərinə görə, işğalçı tərəf münaqişənin danışıqlarla həllinə razılıq vermir:
 
"Münaqişənin həllində Minsk qrupunun səylərinin də heç bir nəticəsi yoxdur. Qaçqınların öz evlərinə qayıtması yalnız torpaqlarımız işğaldan azad olunanda mümkündür. Bu da müəyyən vaxt tələb edir, ilk olaraq həmin yerlərdə bərpa işləri aparılmalı, insanların yaşaya biləcəyi şərait yaradılmalıdır".
 
Bayram Səfərov Dağlıq Qarabağın erməni icması ilə görüşlər keçirilməsi məsələsinə də münasibət bildirib:
 
"Ermənistanda hazırda vəziyyət olduqca qarışıqdır. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlərin görüşünü təşkil etmək niyyətindədir.
 
Onların görüşləri baş tutacağı halda, Qarabağın erməni icması ilə də görüşlərin keçirilməsi gözlənilə bilər".

Google+ WhatsApp ok.ru