Dekabrın ilk günlərində Azərbaycan ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb

Umayra Tağıyeva: "Cənubi Qafqaz regionu üçün qış fəslinin nisbətən mülayim keçəcəyi, temperaturun iqlim norması daxilində və normadan bir qədər yüksək olacağı gözlənilir"
 
Dekabrın ayının ilk günlərində Azərbaycan ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva apa-ya açıqlamasında deyib ki, dekabrın ilk ongünlüyünün birinci yarısında havanın temperaturu iqlim normasından 5 dərəcəyədək aşağı olub.
 
Onun sözlərinə görə, hazırda isə ölkə ərazisində temperatur norma daxilindədir: “Dekabrın ilk günləri göstərdi ki, bizim qış fəsli ilə bağlı verdiyimiz ilkin proqnoz özünü doğruldub. Bəzi günlərdə temperatur normadan xeyli aşağı enib. Dekabrın ortalarında - ikinci və üçüncü ongünlüyün bəzi dövrlərində havanın temperaturu normadan aşağı olacaq. Cənubi Qafqaz regionu üçün qış fəslinin nisbətən mülayim keçəcəyi, temperaturun iqlim norması daxilində və normadan bir qədər yüksək olacağı gözlənilir. Lakin Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında bölgəmiz daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır. Buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçəcəyi istisna olunmur. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi dövrlərdə normadan aşağı düşəcəyi ehtimal olunur”.
 
U. Tağıyeva qeyd edib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraitində mühüm və kəskin dəyişiklik gözlənilmir. Onun sözlərinə görə, yaxın 2 gün ərzində paytaxtda havanın temperaturu 8-13 dərəcə intervalında olacaq: “Bu da iqlim normasına yaxın göstəricidir. Ölkə ərazisində, əsasən, yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər saatlarında bəzi yerlərdə duman olacağı gözlənilir. Dekabrın 10-da Abşeron yarımadasında gecə və səhər saatlarında, dekabrın 11-də bəzi ərazilərdə duman olacağı proqnozlaşdırılır. Hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Dekabrın 10-da bəzi qərb rayonlarında, dekabrın 11-də isə əsasən dağlıq və dağətəyi rayonlarda az yağıntılı hava şəraiti müşahidə olunacaq”.

Google+ WhatsApp ok.ru