Dil və qəlb zikrinin faydaları və xüsusiyyətləri-2

Dil və qəlb zikrinin faydaları və xüsusiyyətləri-2

Ilk yazını BURADAN oxuya bilərsiz!

 

Əvvəla ibadətdən bədənin hər bir üzvü faydalanmalıdır. Gözün ibadəti Quran ayələrinə baxmaqda, Kəbə evinə nəzər salmaqdadır. Qulağın ibadəti Quran ayələrini dinləməkdir. Əgər qəlb ilahi məhəbbətlə dolarsa, bu, onun üçün ibadət hesab olunar. Beləcə, dil üçün də ibadət nəzərdə tutulmuşdur və bu ibadət Allahın zikridir.

Dil zikrinin tərbiyəvi əhəmiyyəti də vardır. İnsan Allaha diqqətini artırmaq üçün dil zikrinə nail olmaq daha asandır. Dünya bərbəzəyi ilə üz-üzə dayanıb, daim qəlb zikrinə məşğul olmaq olduqca çətindir. İnsan mütaliə etməli, qazanc ardınca düşməli, din qardaşlarına yardım göstərməli, qohumlara baş çəkməli və s. gündəlik vəzifələrini yerinə yetirməlidir. Bu işləri yerinə yetirərkən, daim düşünən insanın ardıcıl şəkildə Allahı xatırlaması müşkül məsələdir. Çoxları, hətta namaz zamanı da gündəlik işlər barədə düşünürlər. Bir sözlə, adi insanlar üçün dil zikri daha rahatdır. Dil zikrinə adət verən insan tədricən qəlb zikrinə də nail ola bilər. Demək, dil zikri diqqəti toplamaq üçün ən yaxşı vasitələrdəndir.

Qəlb zikrinin bəzi xüsusiyyətləri

Qəlb zikrinin müstəsna faydaları vardır. İnsanın mənəvi yüksəlişi, təkamülünün əsası Allahın qəlbən xatırlanmasıdır. Həcc zamanı Kəbə evini təvaf edən insan üçün bu müqəddəs məkanı qəlbən təvaf etmək çox mühümdür. Əgər Kəbə evini təvaf edən şəxsin fikri dünya işlərində, alverdə qalarsa, bu ziyarətin dəyərindən danışmağa dəyməz. Ayə və rəvayətlərdə bir çox ibadətlərin qəbulu üçün qəlbin iştirakı zəruri şərt hesab olunur. “Biharul-ənvar”da (c.87) gecə ibadətlərinə işarə ilə buyurulmuş belə bir hədis var: “Nə çoxdur gecəni oyaq qalıb oyaqlıqdan başqa bəhrə görməyənlər.” Həmin kitabın 96-cı cildində buyurulur: “Nə çoxdur oruc tutub, aclıq və susuzluqdan başqa bəhrə görməyənlər.”

Qəlb zikri haqqında birinci onu qeyd etməliyik ki, o, təkamül üçün əsas şərtdir. Qəlbinin iştirakı olmadan bir ömür dil zikri edən insan heç vəchlə kamala çata bilməz.

Qəlb zikrini dil zikrindən üstün edən xüsusiyyətlərdən biri onda riyanın olmamasıdır. Riyakarlıq insanın bütün zəhmətlərini puça çıxarmağa qadirdir. Zahirən görünməyən ibadətlərdə riya mümkün deyil. Məsələn, insan qeyri ilahi niyyətlərlə, kiminsə xoşuna gəlmək üçün dilində zikr deyib, namaz qıla bilər. Amma qəlb zikri, oruc kimi ibadətlərdə riyakarlıq qeyri-mümkündür. Nə oruc, nə də qəlb zikri gözə görünmədiyindən bu ibadətlər vasitəsi ilə yalnız Allahı razı salmaq olar. Məsələn, ulduzlu səmanı seyr etməklə qəlbində Allaha həmd oxuyan insanın bu böyük ibadətini kim hiss edə bilər?! Bəli, qəlb zikri bu sayaq ilahi səmimiyyətə malikdir.

Allah-Taala bütün qəlbləri Özünə sarı yönəltməkdədir. Hər kəs səmimi qəlblə ibadət yolunda bir addım atarsa, Allah ona qat-qat yardım göstərər. Sadiq bəndələrə qəflət üz verdikdə, Allah Özü bir səbəblə bu qəfləti aradan qaldırır. Bəzən belə bəndələr Allahın lütfü ilə başqalarını görmədiklərini görər və günahdan çəkinərlər. Bəli, məhbub həqiqi aşiqi qəflətdən oyadıb onun diqqətini özünə cəlb edər!

Dil zikrinin növləri və dərəcələri

Dil zikri üçün konkret zaman, məkan və miqdar təyin olunmamışdır. Bu baxımdan xüsusi şəraitə malik dualar dua kitablarında nəql olunmuşdur. İnsan istədiyi vaxt istədiyi qədər zikr edə bilər. Həmçinin xüsusi dualara müraciət edə bilər.

Amma qəlb zikri haqqında dərin mütaliə və araşdırmalara ehtiyac var. Bu sahədə övliyaların məsləhətləri çox faydalıdır. Bəzi sufilər qəlb zikri sahəsində bir sıra ixtiralar etsələr də, bu ixtiralar şəriətlə uzlaşmır. Ona görə də ayə və rəvayətlərdən istifadə etməyi lazım bilirik.

Qəlb zikrinin üç mərhələsi vardır. Onun birinci mərhələsi vacibləri yerinə yetirib, haramları tərk etməklə gerçəkləşir. “Üsuli-kafi”nin 2-ci cildində belə bir hədis nəql olunur: “Allahı daim zikr etmək ardıcıl olaraq “Subhanəllah”, “Əlhəmdu lillah” sözlərini dilə gətirmək demək deyil. Məqsəd Allahın təyin etdiyi vacib və haramlara riayət etməkdir.” Qəlb zikrinin ikinci mərhələsi şübhəli və xoşagəlməz (məkruh) işləri tərk etməkdir. Demək, zikrin bu mərtəbəsində insan çalışmalıdır ki, Allahın iradəsinə zidd hərəkət etməsin. Əslində zikrin bu mərtəbəsi elə təqvadır. Yada salaq ki, təqva Allahı narazı salacaq işlərdən çəkinməkdir. Təbii ki, hər bir işdə Allahın razılığını düşünmək elə onu xatırlamaqdır. Allahdan qəflətdə olan insan dini vəzifələrə lazımınca riayət etməkdə acizdir. Vacibə əməl edib haramdan çəkinmək ilahi zikrin başlanğıc mərhələsidir.

Qəlb zikrinin ikinci və üçüncü mərhələləri cənab Əbuzərin Həzrət Peyğəmbərdən (s) nəql etdiyi bir hədisdə bəyan olunur. Bu hədis həm şiə, həm də sünni mənbələrində nəql edilmişdir. Bu hədisdə Əbuzər Həzrət Peyğəmbərdən (s) ehsan haqqında soruşur. Sualı doğuran isə “Maidə” surəsinin 93-cü ayəsi olur: “İman gətirib saleh əməl edənlərə təqvalı olub, iman gətirərək saleh işlər görsələr, yenə təqvalı ikən iman gətirsələr və təqvalı ikən yaxşılıq etdikləri təqdirdə, daddıqları (yeyib içdikləri) şeylərdən ötrü heç bir günah yoxdur. Allah yaxşı iş görənləri sevər.” Ayənin zahiri mənasından belə məlum olur ki, xeyirxahlar (möhsinlər) cərgəsinə qoşulmaq üçün əvvəlcə təqvalı olmaq lazımdır. Ayəni eşidən Əbuzər anladı ki, möhsinlik müttəqilikdən üstündür. Ona görə də Peyğəmbərdən (s) insanın möhsinlik sifəti olan ehsan haqqında soruşdu. Həzrət Peyğəmbər (s) buyurdu: “Ehsan odur ki, insan Allah xatirinə elə əməl etsin ki, sanki Onu görür. Sən Onu görməsən də, O səni görür.” (“Biharul-ənvar”, c.59.)

Hədisdən aydın olur ki, qəlb zikrinin digər bir mərtəbəsi Allahın hüzurunda olduğunu daim nəzərdə tutmaqdır. Bu mərhələyə çatmış insan öz üzərində daim Allahın nəzərini hiss edir. Elə şüşələr var ki, bir tərəfindən o biri tərəf görünsə də, o biri tərəfindən əks tərəf görünmür. İnsan özünü belə bir şüşə qarşısında hiss etməlidir; o, Allahı görməsə də, Allah onu görür. Həyatda belə bir şüşə qarşısında dayanmış insan hər bir an onu görə bilərlər deyə öz hərəkətlərinə nəzarət edir.

Qəlb zikrinin üçüncü mərtəbəsinə çatmış insan sanki Allahı görür. Bu hal insanda tez-tez təkrarlanarsa, xarakter xüsusiyyətə çevrilər. Həzrət Əli (ə) “görmədiyim Allaha ibadət etmərəm” buyurur. Aydındır ki, söhbət bəsirət gözü ilə görməkdən gedir. Həzrət öz buyurduğuna əlavə edir: “Gözlər Onu aşkar görməz, amma qəlblər Onu iman nuru ilə dərk edər.” (“Nəhcül-bəlağə”)

Demək, qəlb zkrinin üç mərhələsi məlum oldu: Əməldə Allahı xatırlamaq, özünü daim Allahın hüzurunda hiss etmək, bəsirət gözü ilə Allahı görmək. (“Be suye-xoda – Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.73-76.)

Maide.Az

Google+ WhatsApp ok.ru