İŞİD terrorçuları peyk antenalarını yığışdırmağa başlayıb

İŞİD terrorçuları anti-İŞİD reportajları yayan “qorxulu” telekanallara baxılmasının qarşısını almaq məqsədilə evlərdəki peyk cihazlarının və antennalarının yığışdırılmasına başlayıb.
 
Bu barədə məlumatı "Azadlıq" radiosuna Suriyadakı şahidlər veriblər. Bundan bir qədər əvvəl İŞİD televizorlara baxılmasını qadağan edən fətva yaymışdı.
 
Fətva avqustun 7-də təşkilatın de-fakto paytaxtı sayılan Raqqa şəhəri də daxil olmaqla İŞİD-in nəzarətində olan ərazilərdəki məscidlərin imamları tərəfindən elan edilmişdi.
 
Raqqa sakini Mohammed əl-Əli "Azadlıq" radiosuna bildirib ki, belə bir fətvanın əl-Fəvvaz şəhərinin məscidində elan edildiyini özü eşidib.
 
"Azadlıq" radiosunun müxbiri yazır ki, bu reporatjda sözügedən şəxslərin adları təhlükəsizlik məqsədi ilə dəyişdirilib.
 
M.əl-Əli radioaya WhatsApp vasitəsilə bildirib ki, əl-Fəvvaz məscidinin İŞİD rəğbətlisi olan imamı "Al-Jazeera", "Al-Arabiya" və başqa telekanallarda verilən məlumatların yalan olduğunu elan edib.
 
M.əl-Əli deyib ki, televizora yalnız cümə günləri baxmaq icazəsi veriləcək və onda da efirdə Quran oxunacaq.
 
Yerli fəallar bildirirlər ki, İŞİD döyüşçüləri Hasaka əyalətindəki əl-Şədadiyyə şəhərində də evlərə girərək peyk avadanlıqlarını sındırıblar.
 
Təhlilçilər deyirlər ki, onlar bununla nəzarətində olan əraziləri ətraf aləmdən təcrid etmək məqsədi güdür.
 
Meydanlarda edamlar və ekranlar
 
Suiriya və İraqda böyük əraziləri qəsb etmiş təşkilat Raqqanın əsas meydanında qurduğu böyük televiziya ekranından öz təbliğatını yaymaq üçün istifadə edir.
 
Raqqa sakini Əbu Nasser WhatsApp vasitəsilə xəbər göndərib ki, cihadçılar şəhərin əl-Rəşid, Dalla, Saah və Naim meydanlarında belə teleekranların quraşdırılmasına başlayıblar.
 
Əbu Nasser xəbər verir ki, terorçular həmçinin maşınlarda quraşdırılmış ekranlardan istifadə edirlər.
 
Raqqadakı “Sakit Edam Olunmaq” adlı kampaniyanın təsisçisi Hamoud əl-Musa deyib ki, İŞİD xarici televiziyalardan çəkinir.
 
H.əl-Musanın atası oğlunun siyasi fəaliyyətinə görə İŞİD tərəfindən 77 gün həbsdə saxlandıqdan sonra işgəncələrə məruz qalıb və başı kəsilərək edam edilib.
 
Xəbər verilir ki, İŞİD adamların xarici aləmlə əlaqələrini kəsmək üçün başqa tədbirlər də görüb.
 
İyul ayında ekstremist qrup Raqqada şəxsi evlərdən internetə girişi qadağan edib.
 
İndi WiFi bağlantısı yalnız İŞİD-in nəzarətində olan ictimai kafelərdə var.

Google+ WhatsApp ok.ru