Ermənistanda ərzaq məhsulları bahalaşdı

Ermənistanda elektrik enerjisi qiymətlərinin artımından sonra ərzaq məhsulları da bahalaşıb. Bu da ölkədə vəziyyəti bir qədər də gərginləşdirib. “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları avqustun 21-də erməni müxalifəti ilə birlikdə mitinqə hazırlaşırlar.
 
Elektrik enerjisinin bahalaşmasının ardından Ermənistanda ərzaq məhsullarının qiyməti də artıb. Statistika xidmətinin məlumatına görə, avqustun ilk on günlüyündə qiymətlər 4 faiz bahalaşıb. İqtisadçı Babken Tunyan qiymət artımının növbəti aylarda maksimal həddə çatacağını deyib. Onun sözlərinə görə, bahalaşma bütün məhsullarda özünü göstərsə də, əsasən meyvə-tərəvəz, ət və süd məhsullarında qiymətlər nəzərəçarpacaq dərəcədə artıb. Satıcılar bahalaşmaya görə ərzaqların günlərlə piştaxtalarda qalaraq yararsız hala düşməsindən gileylənirlər. Erməni iqtisadçıları iddia edirlər ki, yaxın aylarda ölkədə daha ciddi bahalaşma müşahidə ediləcək. Elektrik enerjisinin qiymətinin artması ilə əlaqədar ilin sonuna kimi bütün sahələrdə bahalaşma labüddür. Digər tərəfdən, erməni dramı da dəyərini itirməkdə davam edir. Bütün bu problemlərə etiraz olaraq “Ayağa qalx, Ermənistan” hərəkatının fəalları avqustun 21-də erməni müxalifəti ilə birlikdə mitinqə hazırlaşırlar. Bahalaşmanın qarşısını almaq üçün hökumət qarşısında ciddi tələblər qoyulacaq.

Google+ WhatsApp ok.ru