EYİB AXTARMAQ BƏLASI

EYİB AXTARMAQ BƏLASI

-- İnsan nəinki öz eyiblərini kəşf etməli, hətta bu işdə...

İnsanın öz eyiblərinə diqqətli olması birincidərəcəli vəzifələrdəndir. Təəssüf ki, insanların əksəriyyəti davamlı şəkildə başqalarında eyib axtarırlar. Bu xasiyyətin səbəbi insanın eqoistliyidir. Özünüsevən insan özündə eyib görmək istəmir. Çoxları öz eyiblərindən xəbərdar olsalar da, bunu inadkarlıqla gizlətməyə çalışırlar.

بَلِ الْإِنْسانُ عَلى نَفْسِهِ بَصِيرَةٌ

Doğrusu, insan özü-özünə şahiddir.” (“Qiyamət” surəsi, ayə 14.)

Məğrur insanlar öz eyiblərinin əhəmiyyətini az göstərmək üçün daha çox eybi olanları misal çəkirlər.

Bir hikmət sahibindən: “İnsan nə üçün başqalarının eyiblərini axtarır, amma öz eyiblərini görmür?” – deyə soruşduqda, belə cavab verir:

لان الانسان عاشق لنفسه والعاشق لايرى عيوب المعشوق

“Çünki insan özünə aşiqdir və aşiq də məşuqun eybini görməz.”

Allaha yaxınlaşmaq istəyən insan başqalarının yox, öz şəxsi eyiblərinin qayğısına qalmalıdır. Əslində, öz eyibləri ilə məşğul olan insanın başqalarının eyiblərini düşünməyə vaxtı qalmır. Öz gözündə tiri qoyub, başqasının gözündə çöp axtaranlar özlərini eyib axtarmaqda ixtiyar sahibi bilirlər.

Allahı tanımaq üçün insan özünü tanımalıdır. İnsan öz eyiblərini kəşf etmədən çətin ki, özünü tanısın. İnsan nəinki öz eyiblərini kəşf etməli, hətta bu işdə başqalarından kömək istəməlidir. Təkamül yolunu seçənlər əxlaq ustadlarına müraciət edərək öz eyibləri haqqında eşitmək istəmişlər. Bir insana səmimi şəkildə eyibləri deyilərkən qəzəblənib narahat olursa, demək, bu şəxsin özünü tərbiyə etmək fikri yoxdur.

Avtomobili yolda xarab olmuş sürücü yoldan ötənlərdən kömək istəyir. Maşının eyibi tapılıb sahibinin nəzərinə çatdırılanda, o, təşəkkür edir. Eyibli mənəviyyatla təkamül yolunu başa vurmaq olarmı? Bir insan eybini bilmək istəmirsə, demək, onun yola çıxmaq fikri yoxdur.

Eybə münasibətdə daha bir halla rastlaşırıq. Elə adamlar vardır ki, birinin eybini görən zaman özünü üstün tutub, hətta qəlbində sevinc də duyur. Belələri yoldan ötən insanın, məsələn, libasının söküldüyünü görəndə, narahat olmaq əvəzinə, öz səliqəli paltarına nəzər salıb qürur duyurlar. Küçədə özündən xəbərsiz sökük paltarla yol gedən adama gülənlər da tapılır. Maraqlı bir rəvayətdə buyurulur: “Bir kafirlə rastlaşdıqda, şükr edin ki, Allah sizi imanlı yaradıb.

Zahiri eyiblər də belədir. Fiziki cəhətdən nöqsanlı, şikəst adama gülmək yox, özünün belə olmadığını düşünüb şükür etmək lazımdır.

Mövzu ilə bağlı imam Sadiqdən (ə) nəql olunan bir hədisə diqqət yetirək. O həzrət bir əxlaqi nöqtəni öz şiələrinin nəzərinə çatdırmaq üçün həzrət İsadan (ə) belə bir əhvalat nəql edir:

Həzrət İsa (ə) bir gün öz həvarilərindən soruşur: “Əgər dostlarınızdan biri yatdığı zaman üstü açılıb ayıb yeri görünərsə, siz nə edərsiniz? Onun üstünü örtərsiniz, ya daha da açarsınız?” Həvarilər cavab verirlər: “Çalışarıq ki, üstünü örtək.” Həzrət İsa (ə) buyurur: “Yox, siz belə etməzsiniz, onun üstünü daha da açarsınız.” Həvarilər çox təəccüblənirlər. Amma anlayırlar ki, burada nə isə bir sirr var. Həzrət İsa (ə) onları anlatmaq istəyirdi ki, təkcə eybi örtmək yox, bu barədə kimsəyə danışmamaq da lazımdır. Həvarilər unutdular desinlər ki, onun üstünü örtəndən sonra bu barədə susmaq da lazımdır.

Bəli, müsəlman başqasının eybini açan yox, örtən şəxsdir. Bəziləri bu işi “əmr be məruf” və “nəhy əz münkər”ə zidd başa düşürlər. Hansı ki, bir şəxsin eybini aradan qaldırmaq üçün onunla xəlvətdə, ilk əvvəl işarələrlə danışmaq lazımdır. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 23-cü dərs, səh.250-252.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru