Fitir və Qurban bayram tətilləri Nyu-York məktəblərinin təhsil təqvimində

Nyu-Yorkun meri Bil De Blasio Fitir və Qurban bayramı tətillərinin dövlət məktəblərinin təhsil təqviminə daxil edildiyini xəbər verib.
Maide.az xəbər verir ki, Nyu-York dövlət məktəbləri bundan sonra İslamın 2 böyük bayramı münasibətilə tətil ediləcək. “Nyu-Yorkun bütün dövlət məktəbləri 2015-2016-cı təhsil ilində Fitir və Qurban bayramlarında tətil olacaqlar”,-deyə B.De Blasio Nyu-Yorkun Bruklin bölgəsində məktəblərdən birində çıxışı zamanı deyib. 
 De Blasio Fitir və Qurban bayramı tətillərinin təhsil təqviminə daxil edilməsinin onun seçki öncəsi vədlərindən olduğunu bildirib.  “Müsəlman ailələr bundan sonra öz dini bayramlarını qeyd etməklə məktəb arasında seçim etmək məcburiyyətində qalmayacaq. Bu addım Nyu-York rəsmilərinin müsəlmanlara olan baxışının dəyişdirilməsi istiqamətində atılıb.”
Qeyd edək ki, Nyu-York dövlət məktəbləri hal hazırda xristianlar və yəhudilərin dini bayramlarını tətil edirlər. Bundan öncə də Vermont, Masaçoset və Nyu-Cersi ştatlarında müsəlmanların bayramları tətil elan edilib. 
Statistik məlumatlara görə Nyu-Yorkda 600 mindən 1 milyona qədər müsəlman yaşayır. Həmçinin, dövlət universitetlərində oxuyan məktəblilərin təqribən 10%-i müsəlmanlardır.
 Nyu-Yorkun islamçı fəalları  2009-cu ildə Fitir və Qurban bayramlarının tətil edilməsi istəyi ilə şəhər merinə müraciət etsələr də, o zamankı mer müsəlman ailələrin bu istəyini yerinə yetirməmişdi./ 
 

Google+ WhatsApp ok.ru