Gələn ilin fevralından paytaxtda şagirdlərin məktəblərə qəbulu elektron qaydada aparılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi son bir ildə təhsil sahəsində olan yenilikləri açıqlayıb. Təhsil Nazirliyindən Maide.az-a verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatda qeyd olunub ki, Təhsil Nazirliyi direktorlar və direktor olmaq istəyən şəxslər üçün təlim elan edib. Təlimə qəbul müsabiqə ilə həyata keçirilib. Yalnız uğur qazanmış namizədlərdən 15 nəfər direktor və digərləri direktor müavini kimi təyinat alıb.
 
Daha bir yenilik ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqə keçirilməsidir. Belə ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. I mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər 17-24 noyabr tarixlərində bakuedu.az saytında qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra II mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün imtahan təşkil olunacaq, imtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək. Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunması nəzərdə tutulub.
 
Təhsil ictimaiyyətinin rəyini nəzərə almaq, təhsil verənlərin və təhsil alanların problemlərini təcrübəli insanlar tərəfindən qiymətləndirmək və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədilə BŞTİ-nin nəzdində "Ağsaqqallar Şurası" yaradılıb. Şuranın mütəmadi iclaslarının keçirilməsi nəzərdə tutulub.
 
Məktəblərlə BŞTİ arasında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə bütün məktəblərə xüsusi korporativ elektron poçt ünvanları açılıb. İdarə və təhsil müəssisələri arasında yazışmalar elektron poçt vasitəsilə aparılır. İctimaiyyətin məktəblərin fəaliyyətini daha yaxından izləməsi məqsədilə ümumtəhsil məktəblərinin saytlarının yaradılması istiqamətində işlər görülür və ilin sonundan bu saytların istifadəyə verilməsi nəzərdə tutulub.
 
Növbəti ilin fevral ayından etibarən şagirdlərin məktəblərə qəbulu elektron qaydada (məktəb seçimi elektron qaydada valideyn tərəfindən, müəllim seçimi isə xüsusi proqram tərəfindən həyata keçirilməklə) aparılacaq. Beləliklə, valideynlərin məktəb seçimi və qeydiyyatı prosesi asanlaşdırılacaq və yarana biləcək mənfi halların qarşısı alınacaq.
 
Məktəblərdə fəaliyyət göstərən bufetlərin məktəblərlə müqavilələr bağlaması da yenilikdir. Belə ki, təhsil müəssisəsi ilə imzalanan müqaviləyə əsasən məktəbləri qida məhsulları ilə hüquqi və yaxud fiziki şəxslər təmin edir. Məktəblərlə əməkdaşlıq imkanını əldə etmək üçün operatorlar pul vəsaitlərini BŞTİ-nin bank hesabına, şagirdlərin sayına mütənasib olaraq köçürür və bu vəsaitlər məktəbin maliyyə ehtiyaclarının təmin edilməsinə sərf edilir.

Google+ WhatsApp ok.ru