Gültəkin Hacıbəyli: “Siyasi konyektura Qarabağ münaqişəsini həll edəcək səviyyədə deyil”

Bu gün Dağlıq Qarabağla bağlı danışıqlar bir çox yerlərdə gedir.
Rusiyanın, ABŞ-ın ekspertləri və rəsmiləri müəyyən vaxtlarda bu mövzu ilə bağlı fikirlərini də bölüşürlər. Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, Dağlıq Qarabağ әtrafındakı 7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır. C. Uorlik bildirib ki, hәllin digәr vacib elementi Dağlıq Qarabağın statusunun müәyyәnlәşdirilməsi olacaq. Ekspertlər bu fikirin publika üçün söylənilən fikir olduğunu istisna etmirlər.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, perspektivlər baxımından hər kəs bilir ki, Azərbaycanın Dağlıq Qarabağ tərəfindən işğal edilmiş 7 rayonu qaytarılmalıdır: “Yəqin ki, yaxın gələcəkdə biz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində müəyyən addımların atılmasını görəcəyik. Amma bunun üçün münaqişəni yaradan Rusiyanın mövqeləri zəifləməlidir. Əminəm ki, artıq Ermənistan siyasətçiləri də anlayırlar ki, Rusiyanın perspektivləri işıqlı deyil.
Rusiya iqtisadiyyatı iflas həddinə yaxınlaşır. Krım və Suriya əməliyyatlarından sonra Rusiyanın siyasi mövqelərinə sarsıdıcı zərbə dəyib. Gələcəyini Rusiya ilə bağlamaq Ermənistan üçün cəlbedici deyil. Digət tərəfdən Ermənistanın qarşısında başqa bir cəlbedici alternativ birlik olan Avropa Birliyi var. Ermənistanın AB ilə münasibətlərinin inkişafı da beynəlxalq hüquq normalarına əməl etməkdən keçir. Bu çərçivədə Ermənistan işğal etmiş torpaqlardan çıxmalıdır.
Dağlıq Qarabağın özü də, statusu da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşə bilər. Bu proseslər gec-tez baş verəcək. Lakin bu gün beynəlxalq konyektura buna imkan verəcək səviyyədə deyil. Burada ən azı Rusiya faktoru var. Rusiya bu təsir mexanizminin itirilməsində maraqlı deyil. Bütün bunları nəzərə alsaq, hələlik bu məsələnin həlli üçün ciddi bir şərait yetişmədiyini düşünürəm”.

Google+ WhatsApp ok.ru