Gürcüstanda mövlud bayramı keçirilib

Gürcüstanda mövlud bayramı keçirilib

- Gürcüstan Müsəlmanları İdarəsinin illik hesabatı təqdim olunub

Ötən gün Tbilsidə Gürcüstan Müsəlmanları İdarəsinin öncə illik hesabatı ilə bağlı tədbir keçirilib nahar fasiləsindən sonra isə İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) təvəllüdü münasibəti ilə mərasim qeyd olub.
 
Maide.Az xəbər verir ki,  tədbirdə din xadimləri, dövlət rəsmiləri, Azərbaycan, İran və Türkiyə səfirlik nümayəndələri və elm və ictimaiyyət xadimləri iştirak edib.
 
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirdə Dini İdarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müfti Hacı Beqlar Kamaşidze, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin birinci müavini Laşa Darsalia, Kvemo Kartli üzrə Qubernatorun müavini Zaur Darğallı və Azərbaycan səfirliyinin əməkdaşı Fəxri Hacıyev və başqaları çıxış edib.
 
İdarənin din rəhbərləri çıxışlarında son zamanlar müsəlman icmasına dövlətin diqqət və qayğısının artmasından, dövlət din münasibətlərinin düzgün müstəvidə hərəkət etməsindən və ölkədə dinlər və məzhəblərarası tolerantlıq ruhunun inkişafından danışıblar. Onlar buna görə  Gürcüstan dövlətinə təşəkkür ediblər.
 
Tədbirdə çıxış edən Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze artıq öz fəaliyyətləri ilə GMİ-nin nüfuzlu dini təşkilata çevrildiyini qeyd edib.
 
 O, Gürcüstanda müsəlman icmasına dövlətin diqqət və qayğısından danışıb: “Əsrlər boyu Gürcüstanda müsəlmanlar məzhəbindən asılı olmayaraq bir yerdə mehriban dostluq şəraitində  yaşayıblar. Gürcüstan bu sahədə bir çox dünya ölkələri üçün nümunədir. Ölkədə məzəblər arasında vəhdətin olmasında müsəlman din rəhbərlərinin rolu böyükdür.”.
 
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin birinci müavini Laşa Darsalia çıxışında ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib: “Milli azlıqlar vətəndaş cəmiyyətinə inteqrasiya edib tamhüquqlu vətəndaş olmalıdırlar. Bununla yanaşı milli azlıqların  özlərinin dini və milli ənənələrini də qoruyub saxlanması vacibdir.”.
 
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov cari il ərzində idarə tərəfindən görülmüş işlər və proqramlar haqqında məlumat verib.
 
Hesabat məruzəsi ilə çıxış edən R.İgidov Gürcüstanda mövcud 320 məsciddən 170-nin dövlət qeydiyyatına alınaraq GMİ-nin sərəncamına verildiyini bildirib. O deyib ki, cari ildə ölkədə bir neçə yeni məscid inşa, 42 məsciddə isə təmir işləri həyata keçib. İl ərzində bir çox məscidin müəyyən ehtiyacları təmin olunub. 
 
GMİ şeyxi idarənin nəzdində 4 sayt və bir internet televiziyanın fəaliyyət göstərdiyini və bu günə qədər 650 verilişin yayımlandığını, 36 kitab, müxtəlif qəzet, poster və jurnalların ira tirajlarda nəşr etdirildiyini bildirib.
 
Bu il GMİ həmçinin 39 məscidin təmmənnasız qazla təmin olunması üçün “SOCAR Georgia Gas” şirkəti ilə müqavilə imzalayıb və Tbilisi Cümə məscidində kitabxana yaradıb. GMİ rəhbəri bu il idarə tərəfindən həyata keçirilmiş xeyriyyə və digər tədbirlər barədə də məlumat verib.  O, bütün dini bayram və mərasimləri qeyd etməklə  yanaşı cari ildə 17 konfrans, 26 seminar, 3 Quran yarışı  və bir neçə təlim proqramlarının həyata keçməsindən də danışıb.
 
Sonra il ərzində Gürcüstan Müsəlmanları İdarəsi ilə əməkdaşlıq edən milli və dini təşkilatlara İdarə tərəfindən Təşəkkürnamə lövhələri təqdim olunub.
 
Birinci tədbirin sonunda tədbir iştirakçıları bayram süfrəsi ətrafında bir araya gəliblər.
 
Fasilədən sonra günün ikinci yarısında Mövlud bayramı münasibəti ilə təşkil olunan mərasimdə Allahın rəsulu və aləmlərin rəhməti olan Peyğəmbərimizin (s) həyat tərzindən, gətirdiyi dinin əsas prinsip və məqsədlərindən və onun insanlığa verdiyi töhvələr haqqında danışılıb. İlahi nəğmələrlə davam edən mərasim dua oxunmaqla sona çatıb.   Qonaqlara İdarənin bir illik hesabatını əks etdirən jurnal və təqvim hədiyyə olunub.

 

 

Google+ WhatsApp ok.ru