KƏRBƏLA HƏRƏKATI VƏ “MÜQƏRRƏBLƏR”

KƏRBƏLA HƏRƏKATI VƏ “MÜQƏRRƏBLƏR”

Şəhidlər sərvəri imam Hüseynin (ə) Kərbəla hərəkatı əsnasındakı çıxış və bəyanatları ünvanladığı dinləyicilərdən asılı olaraq müxtəlif müstəvilərə bölünür: Bir qismində “əshabul-məş`əmə”dən (sol tərəf sahibləri) olanları hidayət etmək, onları günahlardan, mənfi və iyrənc əməllərdən şəkindirərək doğru yola dəvət etmək məqsədi izlənilirdi. Bir qismində isə “əshabul-məymənə”yə (sağ tərəf sahibləri), əməlisaleh insanlara ünvanlanır, onların yolu daha da işıqlandırılır, haqq yolda qədəmləri möhkəmləndirilir, onlara əzm və səbat bəxş edilirdi ki, aid olduqları bu zümrədə qalsınlar, yaxud daha da ucalaraq “müqərrəblər” (Allaha ən yaxın kəslər) dərəcəsinə nail olsunlar.

İmam Hüseynin (ə) Kərbəla prosesindəki davranışları, çıxışları və məktublarının bir qismi də müqərrəblərə ünvanlanmışdı ki, onlar öz növbəsində ya sahib olduqları “qürb” (Allah dərgahına yaxınlıq) məqamını itirməsinlər, ya da “Sonra (Cəbrail Muhəmmədə) yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, hətta daha da yaxın oldu.” (“Nəcm”/8-9) – ayələrində sözügedən ən ali məqama şövqlənsinlər. Axı müqərrəbliyin özü də müxtəlif dərəcələrə bölünür. Elə sağ tərəf sahibləri ilə sol tərəf sahibləri də müxtəlif dərəcə və siniflərə bölünürlər.

“Tövbə” surəsinin 105-ci ayəsində oxuyuruq: “De: (Ey insanlar, istədiyinizi) edin! Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər.”

Bu ayədən belə aydın olur ki, hətta ilahi rəhbərlərin şagirdləri olan möminlər də başqalarının mənfi dünyasındakı vəziyyətindən agah ola bilərlər. Həmçinin “Xeyr! (Möminlərlə kafirlər eyni ola bilməzlər.) Şübhəsiz, əbrarın (yaxşıların) kitabı İlliyyundadır! Sən haradan biləsən ki, İlliyyun nədir?! O, yazılı bir kitabdır. Onu ancaq müqərrəblər (Allaha ən yaxın olanlar) görə bilərlər.” (“Mutəffifin”/18-21) – ayələrinə əsasən, əbrarın kitabı İlliyyun adlı başqa bir kitabın içindədir. Demək, bu, kitab içində kitabdır.

Əbrarın kitabının saxlanılan yeri olan İlliyyun kitabını isə yalnız müqərrəblər – Allaha ən yaxınlar görə bilərlər. Bəs görəsən o müqərrəblər kimlərdir ki, əbrarın kitabından xəbərdardır, onların əməllərini görə bilir və hətta əməllərinə dair qeydləri özündə ehtiva edən kitabı da müşahidə edə bilirlər?

Burada müqərrəblərlə bağlı iki önəmli məqama toxunmağı məqsədəuyğun hesab edirik:

1. Bütün müqərrəblər Allah tərəfindən göndərilmiş peyğəmbərlər, yaxud onların canişinlərindən ibarət deyil. Onların bəziləri peyğəmbərlər və canişinlərin yolu ilə gedərək, onların mənəvi süfrəsinin dadı və ətrini azacıq olsa da duyanlardır. Bəzi hədislərdə belə ifadələrə rast gəlirik: “Salman bizdən – Əhli-beytdəndir!(“Biharul-ənvar”, c.10, səh.123.)

Məlumdur ki, bu kəramət yalnız Salman Farsiyə məxsus deyil. Çünki digərləri, o cümlədən, qadınlar da elə mənəvi məqamlara çatmışdılar ki, Əhli-beyt imamları onların barəsində “bizdəndir” ifadəsini işlətmişdilər.

İmamlar (ə) insanların bu ali mənsubiyyət vəsfinə təəccüblə yanaşaraq, “Sıradan insanlar necə Əhli-beytdən (ə) hesab edilə, Salman və Əbuzər kimi böyük səhabələrlə bir tutula bilərlər?” – kimi suallar verməməsi üçün Qurani-Kərimin iki ayəsini sitat gətirirdilər. Bunlardan biri “Kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir!(“İbrahim”/36) – ayəsidir ki, burada uca Allah İbrahim peyğəmbərin onun yolu ilə gedənləri özündən hesab etdiyini bəyan və təsdiq edir. İkinci ayə isə bilavasitə uca Rəbbimizin Öz kəlamıdır: “Şübhəsiz, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və (ona) iman gətirənlərdir.” (“Ali-İmran”/68.)

Bu ayədə qeyd olunan “iman gətirənlər” ibarəsində İslam Peyğəmbərinə (s) iman gətirənlər nəzərdə tutulur.

Bu iki ayə göstərir ki, peyğəmbər və imama mənsubiyyət qazandıran yolu qət etmək mümkündür və bu yolu gedən müqərrəblərdən olacaqdır.

Beləliklə, Aşura hərəkatının ehtiva etdiyi çağırış bütün zümrələrin mənsublarını əhatə edir və onların hamısı üçün bir rol müəyyənləşdirir. Belə ki, bu çağırış qarşısında həm ariflər baş əyirlər, həm zahidlər, həm abidlər, həm siyasətçilər, həm savaçşılar, həm də mələklər. Beləliklə, əgər Fotros adlı mələk, yaxud mələklərdən hər hansı biri imam Hüseyn (ə) kimi bir insanın beşiyinə sığınırsa, bu o demək deyil ki, həmin mələk mütləq bir günah işlətmişdir və bağışlanmaq istəyir. Hətta uca məqam sahibi olan mələklər belə onun dəyərli hüzurunda şagirdlik şərəfinə nail olmaq və onun kimi kamil bir insandan ilahi bilikləri əxz etmək istəyə bilər. Özü də öyrənmək deyərkən mələyin ilahi rəhbərdən bütün biliklərini əxz etməsi deyil, ondan sadəcə bəzi məqamlarda müəyyən məlumatları alması nəzərdə tutulur. Çünki yalnız kamil məxluq olan insan Yaradanın nəzərdə tutduğu “isimlər”i öyrənə bilər: “Adəmə bütün isimləri öyrətdi.” (“Bəqərə”/31.) Mələklərin barəsində isə “öyrətmək” (علم) deyil, “bildirmək” (نبأ) feili işlənir: “(Allah) dedi: “Ey Adəm övladı, bunların adlarını onlara bildir! (“Bəqərə”/33.)

Buradan belə məlum olur ki, qeybi biliklərin bəzi müəllimləri sıravi peyğəmbərlərdən daha üstündür. Çünki “nəbi” adlandırılan peyğəmbərlər qeybdən yalnız xəbər gətirir, qeybi (ilahi) biliklərin müəllimləri isə bu bilikləri öyrədirlər. Beləliklə, bəşəri bilikləri öyrədən müəllimlər bu biliklərdən xəbər verənlərdən üstün olduğu kimi, qeybi biliklərin müəllimləri də qeybi həqiqətlərdən xəbər verənlərdən üstün sayılırlar.

2. İşlərin ən xeyirlisi orta həddə olanlardır! – kəlamı əməllə bağlı xüsuslar üçün nəzərdə tutulmuşdur. Yəni bir kəs hər hansı bir iş görmək istəsə, o işdə həddi aşmağın və həddindən az səviyyə ilə kifayətlənməyin zərərlərindən qorunmalıdır. Lakin bir kəs doğru yolda və ədalətin düz mərkəzində qərar tutarsa, sağa və sola sapmaqdan qurtularsa, başqa sözlə, Sağ da, sol da zəlalətdədir, (doğru hədəfə aparan) yol orta yoldur!(“Biharul-ənvar”, c.32, səh.9.) – kəlamını əməli surətdə gerçəkləşdirməyə müvəffəq olar və bundan sonra onun üçün “(Faydalı) əməllərin ən xeyirlisi ən uzunmüddətlisi və ən təsirlisidir! – kimi kəlamlar qüvvəyə minər. Çünki o dəyərli yola çıxdıqdan sonra toqquşma, zərərlə qarşılaşma ehtimalı yoxdur. Şair demişkən:

Eşq badəsi ilə ruhunu sirab et və o gözəl Yarı axtar,

Yarın hüzuruna qədəm basanadək çayın mənbəyinə doğru addımla.

Bu yerdə Adəm oğluna deyilir ki, israfcıl olma, nə öz ailəni çətinliyə salacaq qədər səxavətli ol, nə də paxıl sayılacaq qədər əliaçıqlıqdan uzaq ol: Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa, həm qınanarsan, həm də peşman olarsan!(“İsra”,/29.)

Səxavətli olub-olmamaq xüsusunda doğru yolu tapmaq üçün ədalətin özəyini əldə etmək lazımdır. Ancaq bəzən də kamil bir insan özü mütəmadi olaraq mənəvi məşq və səylər nəticəsində doğru yolun timsalına, canlı örnəyinə çevrilir. Belə insanlara məsum imamları, o cümlədən, imam Həsəni (ə) nümunə göstərmək olar. O həzrət bütün əmlakını bir gündə ehtiyac sahiblərinə paylasa da, bu əliaçıqlıq israf, yaxud ifrat sayılmaz, əksinə o, ədalət və doğru yolun ən bariz örnəyidir. Həmçinin, əgər imam Həsən (ə) səfər üçün ən əlverişli minik heyvanlarına sahib olduğu halda, Məkkəyə piyada gedirsə, onun üçün bu hərəkət israf və ifrat sayılmaz. Çünki bu məsələdə önəmli olan əməlisaleh haqq yolçusunun doğru yolda sabitqədəm olmasıdır.

Müqərrəblər Kərbəla hərəkatının mənəvi feyzindən maksimum dərəcədə feyziyab olurlar. Onlar yalnız Kərbəla şəhidlərinə göz yaşı tökməklə cəhənnəm əzabından xilas olmaq, yaxud cənnəti qazanmaq dərdində deyil, əksinə, onların arasında elələri vardır ki, cənnət özü həmin insanların müştaqıdır. Cənətin şövqlə yolunu gözlədiyi insanlar az deyil. Ancaq haqqında danışdığımız bəndələr cənnəti elə bu dünyada görməyə və hətta özləri nicat tapdıqdan sonra başqalarına da şəfaət etməyə can atırlar. Əlbəttə, bu qəbildən olan ilahi lütflərin özü də daha ali mənəvi dərəcələrə sahib olan insanlar üçün ibtidai feyzlərdən sayılır.

İmam Hüseyn (ə) elə bir mənəvi dərəcəyə çatmışdı ki, Aşura gecəsi səhabələrindən bəzilərinə cənnəti göstərmişdi. Onlar ya “sağ tərəf sahibləri” zümrəsindən idi, ya da “müqərrəblər” zümrəsindən. Bəli, müqərrəblər və sağ tərəf sahibləri sonrakı dönəmlərdə də Kərbəla çağırışının ən bariz dinləyiciləri olmuş və olacaqlar. (“İmam Hüseyn (ə) və əqlin inkişafı”, Ayətullah Cavadi Amuli, səh.96-101.)

Maide.Az

 

Google+ WhatsApp ok.ru