Liviya adlı ölkə sadəcə xəritədə var

2011-ci ildə Muammer Qaddafinin devrilməsindən sonra Liviyada demokratik hakimiyyətin qurulması ümidləri boşa çıxdı. Dövlət iflas ərəfəsindədir. Giessen Universiteti Coğrafiya İnstitutundan Ümumi Coğrafiya professoru Andreas Dittmann Liviyada dövlətin batdığını, təşkilatların funksiyalarını artıq yerinə yetirə bilmədiyini bildirir və "ölkə artıq yalnız xəritə üzərində var", - deyir.
 
Maide.az xəbər verir ki, ölkənin şərqi və qərbi arasındakı əzəli qarşıdurmaya diqqət çəkən Dittmanna görə, ölkədəki digər anlaşılmazlıqların mənşəyində də bu iki qrup arasındakı qarşıdurma dayanır: "Liviyada İtalya işğalı dövründən qalma çox köhnə, dinci bir müxalifət var. O zamanlar "Azadlıq Döyüşçüsü" kimi tanınırdılar. İndi isə bu hərəkatı "islamçı" adlandıra bilərik. Üzvləri Liviyanın şərq bölgələrindən gəlir. Bu hərəkat Qaddafi dövründə ən təhlükəli müxalif qrup idi. Hərçənd Qaddafi ölkənin geniş seqmentlərində şəriət tətbiq etmişdi, bir çox İslami qanun çıxarmışdı. Amma radikallar üçün bu kafi deyil." 
 
Dittmann ölkədə gərginliyin artmasını bu radikal gənclərin köhnə rəhbərlərinə arxa çevirib, İŞİD-ə yönəlməsinə bağlayır. Gənclərin İŞİD ideologiyasına bağlandığına diqqət çəkən Dittmann, "Bir çoxları İraqda, Suriyada İŞİD üçün döyüşür. İŞİD-in Suriya və İraqda elan etdiyi xilafəti Liviya torpaqlarında da reallaşdırmağın xəyalını qururlar. Yəni burada dini, siyasi və eyni zamanda nəsillər arası bir qarşıdurmadan söhbət gedir", - deyir.
 
Dittmann, Qaddafi rejimi üzvlərinin indi terrorçularla ittifaq qurması xəbərlərini belə şərh edir: "Bəli, eyni şey İraqda da olur. Səddam Hüseynin adamlarının indi İŞİD ilə birlikdə işlədiyini bilirik. Bunu ideoloji səbəblərdən etmirlər. Daha çox iki tərəf də çökməkdə olan dövlətin yaratdığı xaosu istifadə edərək, gələcəyi öz istədikləri istiqamətdə şəkilləndirməyə çalışırlar."

Google+ WhatsApp ok.ru