İMAM RZA (Ə) VƏ TEOLOJİ-ETİQADİ MÖVZULAR

İMAM RZA (Ə) VƏ TEOLOJİ-ETİQADİ MÖVZULAR

İmam Rzanın (ə) dövrü müxtəlif ideoloji cərəyanların, elmi-teoloji müzakirələrin meydana gəldiyi bir dövr olmuşdur. Mötəzilə və “hədis əhli” adı ilə tanınmış iki qrup bu fikri-etiqadi mübarizənin gündəmə gətirilməsində böyük rol oynamışdır. Abbasi xəlifələrinin bu məsələlərdə iştirakı da fərqli olmuşdur. Amma onların heç biri Məmunla müqayisə edilə bilməz. Yalnız Məmunun dövründən etibarən, xəlifələr ciddi şəkildə etiqadi və teoloji mövzulara qatılmağa başlamışlar.

Əqli dəlilləri nəqli dəlillərə və yaxud nəqli dəlilləri əqli dəlillərə üstünlük verən bu iki qrup qarşısında imam Rza (ə) öz mövqeyini bəyan etməyə çalışırdı. Bu səbəbdən, imam Rzadan (ə) nəql edilən hədislərin böyük bir hissəsi etiqadi məsələlərlə əlaqədardır, özü də sual-cavab və yaxud müzakirə şəklində! O həzrət bir müddət vəliəhdlik məqamında olduğu və aşkar mövqedən çıxış etdiyi üçün bu müzakirələrlə tez-tez qarşılaşırdı. Xüsusilə, Məmun işin başlanğıcında müəyyən məqsədlər güddüyü üçün belə elmi yığıncaqların təşkil edilməsinə ciddi yanaşırdı.

Müzakirələr əsnasında üzərində daha çox dayanılan məsələ “imamət” məsələsi idi. Çünki onun bir sütunu əqli, digər sütunu isə nəqli dəlillər üzərində qurulmuşdu. Əlbəttə ki, tövhidlə, xüsusən, “cəbr” və “ixtiyar” predmeti ilə birbaşa əlaqəli olan “ədalət” sifəti başda olmaqla, Allahın sifətləri haqda müxtəlif müzakirələr əsrlər boyu müsəlmanlar arasında gündəmə gətirilmiş və yeniliyini itirməmişdi. Bu məsələlər birinci əsrin sonlarında irəli sürülmüş və ikinci əsrin ikinci yarısından genişlənməyə başlamışdı.

Abbasilərin şiələr və Əbu Talib övladları üçün yaratdıqları məhdudiyyətlər şiələrin imamlardan uzaqlaşmasına və etiqadi məsələlərin imamlardan öyrənilməsində bir sıra çətinliklərin yaranmasına səbəb olmuşdur. Odur ki, Əbu Nəsr Bəzəntidən belə nəql olunur: “Bir gün imam Rzanın (ə) hüzuruna gedib dedim: “Şiələrdən bir qrupu “cəbr”ə, digər bir qrupu “ixtiyar”a inanırlar!”

Ən mühüm problem hədis əhli idi. Onlar ayə və rəvayətlərin zahirini qəbul etməyi özlərinə vəzifə bilir, Əməvi, yaxud yəhudilərdən qaynaqlanaraq yayılan yanlış təfsirlərə əsaslanır və “mütəşabeh” ayələrin zahiri ilə kifayətlənirdilər. Onlar bir-birinə bənzər “mütəşabeh” ayələrin mənasını anlamaqla “möhkəm” ayələrə istinad etməyi heç cür qəbul etmir, rəvayətlərə əsaslanaraq Allah və Onun sifətlərini elə təfsir edirdilər ki, nəticədə Allaha cismanilik şamil olunurdu və bu batil idi.

Təbii ki, rəvayətlərə əməl edən şiələr bu məsələlər qarşısında çaşbaş qalır və bu haqda imam Rzadan (ə) soruşurdular. Hirəvi deyir: “İmam Rzadan (ə): “Hədis əhlinin “Möminlər cənnətdə Allahı öz evlərindən ziyarət edəcəklər!” – kimi qiyamətdə Allahın gözlə görünəcəyinə dəlalət edən rəvayətlər barədə soruşdum.” İmam tam təfərrüatı ilə bu hədisləri izah etməyə başladı. Bir qismini kökündən yanlış bildi, bir qismini də ayələr, digər rəvayətlər və əqli müqəddimələrlə təvil və təfsir etdi.” (“Üyunu əxbarir Riza (ə)”, c. 1, s. 155.)

İmam başqa bir rəvayətdə buyurur: “Kitab və sünnənin düzgünlüyünü təsdiqlədiyi hər şeyi biz də qəbul edirik.” (“Üsuli-kafi”, c. 1, s. 100.)

İmam Rza (ə) “təşbeh” və “cəbr” inancının qarşısında məsum ata-babalarının vasitəsilə Rəsulullahdan (ə) belə nəql edir: “Allahı məxluqatına bənzədən şəxs, həqiqətdə, Onutanımamış və bəndələrin günahlarını Allaha nisbət verən şəxs Onu ədalətli bilməmişdir.”

Bu rəvayət “təşbeh” və “cəbr” əqidəsini açıq-aşkar rədd edir. İmam Rza (ə) başqa bir rəvayətdə hədis əhli arasında geniş yayılan “təşbeh” inancının küfr olduğunu vurğulamışdır. Davud ibn Qasim deyir: “İmam Rzanın (ə) belə buyurduğunu eşitdim: “Allahı məxluqata bənzədən şəxs müşrik və Allahın məkanı olduğuna inanan şəxs də kafirdir.”

Hədis əhlinin “təşbeh” əqidəsini hansı dərəcədə çirkin və eybəcər hala saldığını aydınlaşdırmaq üçün onların bəzi rəvayətlərinə nəzər salaq: 1. Allah-Taala “Ərəfə” günü səmaya enir; 2. Qiyamət günü cəhənnəmin atəşi o qədər alovlanacaq ki, Allah-Taala ayaqlarını onun üzərinə qoyan kimi, atəş dayanacaq; 3. Rəsulullahın (ə) adından bir hədis uydurub nəql etmişlər: “Mən Allahımı ən yaxşı şəkildə gördüm.”

Bunlar sadəcə hədis əhlinin inandıqları yanlış əqidələrdən bir neçə nümunədir. Bu kimi şirk və küfrlə dolu etiqadlar onları həqiqətdən uzaqlaşdırırdı.

İmam Rza (ə) bir rəvayətdə camaatı Allahın sifətlərinə etiqadı baxımından üç qrupa bölmüşdür: “1. “Təşbeh”ə inananlar; 2. Allahın sifətlərinin olmadığına inananlar. Bu əqidənin hər ikisi batildir. 3. Allahı heç bir şeyə bənzətmədən Onun sifətlərini isbat edənlər.” (“Fərəcul-məhmum”, Şeyx Səduq, s. 139.)

Yuxarıda qeyd etdiyimiz kimi, imam Rzanın (ə) dönəmində gündəmə gətirilən ən mühüm məsələlərdən biri də imamət məsələsi idi. Ümumiyyətlə, məsum imamlarımızdan imamət mövzusu ilə əlaqədar bir çox dəyərli kəlamlar nəql edilmişdir. Burada ən mühüm nöqtə budur ki, imamət məsələsi əvvəllər yalnız nəqli dəlillərə əsaslanırdı. Çünki tarixi baxımdan Peyğəmbərdən (s) sonra o həzrətin öz yerinə bir şəxsi təyin edib-etmədiyinə söykənirdi. Amma zamanın keçməsi ilə imamət məsələsi əqli baxımdan araşdırılmağa başlandı. Belə ki, “Rəsulullahdan (s) sonra kim hökmranlıq etməlidir? Hakim şəxs Allah tərəfindənmi seçilməlidir, yoxsa, xalq tərəfindən?” – kimi sualları cavablandırmaq üçün əqli dəlillər irəli sürüldü. Beləliklə, imam Rzanın (ə) zamanına qədər imamət barəsində ən çox nəqli, bəzən də əqli bəhslərlə qarşılaşırıq. Lakin imam Rzanın (ə) zamanından etibarən imamətlə əlaqədar mövzular daha çox əqli yöndən araşdırılmağa başladı və o həzrət bu haqda bir çox məsələləri üzə çıxartdı. Təbii ki, bunun başqa bir səbəbi də vardı, o da Əhli-beytin xilafətə layiqli olması idi.

İmam Rza (ə) Xorasana gedərkən tövhidlə vilayət arasındakı əlaqə haqda ən mühüm səbəblərdən birini Nişapurda bəyan etmişdir. Camaat arasında imam Rzaya (ə) məhəbbətin çoxaldığı bir vaxtda o həzrətin bu rəvayəti buyurması onun tarixi əhəmiyyətinin hansı dərəcədə önəmli olmasını başa salır. O həzrət ata-babalarının, onlar da Allah Rəsulunun (s), o da Allahın belə buyurduğunu nəql edir: La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) mənim qalamdır, ona daxil olan kəs əzabımdanamanda qalar. İmam Rza (ə) bir az irəli getdikdən sonra, camaata xitab edərək buyurdu: Bunun bir sıra şərtləri var ki, o şərtlərdən biri də mənəm.” (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.134.)

İmam Rzadan (ə) imamətlə bağlı nəql olunan iki rəvayətə nəzər yetirək:

اِنَّ الْاِمامَةَ زَمامُ الدِّينِ وَنِظامُ المُسلِمِينَ وَصَلاحُ الدُّنْيا وَعِزُّالمؤُمِنِينَ، اِنَّ الْاِمامَةَ اُسُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّكات وَالصِّيام وَالحَجّ وَالجَهاد وَتَوْفيرُ الفَيئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْكام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ يَحِلُّ حَلالَ الله، وَيَحْرُمُ حَرامَ الله، وَيُقِيمُ حُدوُد الله، وَيَذُبُّ عَنْ دِينِ الله، وَيَدْعُو اِلی سَبِيلِ رَبِّهِ بِالحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ

1. “İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı vəmöminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmamvasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytül-mal (ümumi əmlak) vəsədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur, İslamın sərhədləriqorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icraedir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlıdəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir!”
 

O həzrət Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxundu və o cümlədən buyurdu:

اِنَّ الْاِمامَةَ هِىَ مَنْزِلَةُ الْاَنْبِياء، وارِثُ الْاَوصِياء، اِنَّ الْاِمامَة خِلافَةُ اللهِ وَخِلافَةُ الرَّسوُلِ... اَلْاِمامُ اَلْبَدْرُ الْمُنِيرُ، وَالسِّراجُ الزَّاهِرُ، وَالنّوُرُ السّاطِعُ، وَالنَّجْمُ الْهادِی فِی غَياهِبِ الدّجی... اَلْاِمامُ اَلماءُ الْعَذبُ عَلی الظَّمّاءِ وَالدّالُّ عَلی الْهُدی، وَالمُنْجِی مِنَ الرَّدی... اَلْاِمامُ السَّحابُ الْماطِرُ، وَالْغَيثُ الْهاطِلُ، وَالشَّمْسُ الْمُضِيِئَة... اَلْاِمامُ اَمينُ اللهِ فِى خَلْقِهِ، وَحُجَّتُهُ عَلى عِبادِهِ، وَخَلِيفَتُهُ فِى بِلادِهِ... نِظامُ الدِّيِن، وَعِزُّالْمُسْلِمِينَ، وَغَيْضُ الْمُنافِقِينَ، وَبَوارُالْكافِرِينَ

2. “Şübhəsiz, imamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahınnümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir... İmam parlaq ay, işıqlıçıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır...İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmamyaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti vəcanişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır,münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)
 

Mənbə: “Məsum imamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəryan, “imam Rzanın hətatı” bölümü; “Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, səh. 14 və 30.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru