İmişlidə orta məktəb uça bilər

Ötən əsrin 50-ci illərində inşa olunmuş bina qəzalı vəziyyətdədir, valideynlər uşaqlardan narahatdır Təhsil Nazirliyi yeni binanın tikintisini qeyri-müəyyən vaxda təyin edib
 
2015/2016-cı tədris ilinin əsas hissəsi  arxada qalıb. Bir çox məktəblərin kollektivi tədris ilini təmirsiz və qəzalı şəraitdə davam etdirməyə məcburdur. Onların sırasında 1953-cü ildə tikilən İmişli şəhər Aslan Əminov adına 7 saylı orta məktəbin binası da var. 
 
Bu barədə bir qrup valideynin redaksiyamıza ünvanladığı müraciətdə bildirilir. Müraciətdə yararsız vəziyyətdə olan məktəb binasının tədrisin keyfiyyətinə mənfi təsir etdiyi vurğulanır. Çünki məktəblərdə verilən təhsilin keyfiyyəti qədər onun hansı şəraitdə verilməsi də önəmlidir. 
Tədris müəssisəsi üçün yeni binanın tikintisinə və ya əlavə korpusun inşasına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə ehtiyac var. 
 
Ölkədə qeyri-neft sektorunun davamlı inkişafını, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsini, yeni müəssisələrin və iş yerlərinin açılmasını nəzərdə tutan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının təhsil müəssisələrinin tikintisi və yenidənqurulması bölməsində İmişli şəhər 7 saylı orta məktəbinin adına rast gəlmədik. 
 
Tədbirər Planında 2014-2018-ci illər ərzində Təhsil Nazirliyi və yerli icra hakimiyyəti tərəfindən təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Ölcələr kənd 180 şagird yerlik və Aranlı kənd 2 nömrəli tam orta məktəblərinin  tikintisi, Əliqulular kənd uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub. 
 
Məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərilən sorğuya cavab verilib: "Mütəxəssislərimizin araşdırmaları nəticəsində müəyyənləşdirilib ki, İmişli şəhər 7 nömrəli tam orta məktəbin tədris korpuslarının əsaslı təmirə, əlavə sinif otaqlarının, idman və akt zallarının, bufetin tikintisinə ehtiyac var. Bu məsələyə növbəti illərin dövlət investisiya proqramları çərçivəsində baxılacaq".

Google+ WhatsApp ok.ru