Moskva iğtişaşlar sakitləşənədək Qarabağ danışıqlarının dayandırılmasını təklif edir

Moskva iğtişaşlar sakitləşənədək Qarabağ danışıqlarının dayandırılmasını təklif edir

-- Ermənistanda mayın 8-də yeni baş nazir seçkiləri keçiriləcək

Rusiya Ermənistanla tərəfdaşlıq əlaqələrinin davam etdiriləcəyinə ümid edir.
 
Maide.Az "sputnik"-ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, Milli Məclisdə ilk cəhd nəticəsiz qaldığı üçün Ermənistanda mayın 8-də yeni baş nazir seçkiləri keçiriləcək.
 
"Hazırda Yerevanda vəziyyət müəyyən dərəcədə sabitləşib. Biz dəfələrlə öz tərəfimizdən dost Ermənistanda mövcud olan problemlərin müxtəlif siyasi güclər arasında konstruktiv dialoq yolu ilə ölkə Konstitusiyası, qanunvericiliyi əsasında həllinin lehinə çıxış etmişik", — deyə Rusiya XİN sözçüsü bildirib.
 
Zaxarovanın sözlərinə görə, ikitərəfli münasibətlər sahəsində Rusiya dəyişməz qaydada tərəfdaşlıq əlaqələrinin və inteqrasiya əməkdaşlığının inkişaf etidirilməsi və möhkəmləndirilməsində erməni həmkarlarla birgə işin davam etdirilməsinə sadiqdir.
 
Rusiya XİN sözçüsü Ermənistanda baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə təsiri ehtimalına da toxunub. O bildirib ki, münaqişə ilə bağlı danışıqları davam etdirmək üçün Ermənistandakı vəziyyətin sabitləşməsini gözləmək lazımdır.
 
"Ermənistan hazırda çətin siyasi dövrlərini yaşayır. Daxili siyasi vəziyyət tam olaraq sabitləşdikdən sonra digər problemlər, həmçinin Qarabağ münaqişəsinin həlli məsələsi barədə danışmaq olar", — Zaxarova vurğulayıb.
 
Qeyd edək ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın birində isə Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.
 
Ermənistan parlamenti Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib. Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Onun Ermənistanın baş naziri seçilməsi üçün 53 səs tələb olunub. Səsvermədə baş nazir seçilə bilməyən müxalifət lideri Nikol Paşinyan ölkədə ümummilli tətil elan edib.

Google+ WhatsApp ok.ru