İndoneziya parlamentinin vitse-spikeri: “Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq”

Azərbaycan Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun Bakıda səfərdə olan İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə vitse-spiker Azərbaycanla İndoneziya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib.
 
O, bu münasibətlərin möhkəmlənməsində dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolu oynadığını vurğulayıb. V. Ələsgərov bildirib ki, Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir: “Ölkəmizin öz enerji təhlükəsizliyini təmin etmək baxımından böyük potensialı var. Amma xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa maneçilik törədir. Bu münaqişədə minlərlə insan şəhid olub və ya hər hansı formada zərər çəkib, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. İşğalçılıq siyasətini davam etdirən Ermənistan BMT, AŞPA, ATƏT və İKT kimi beynəlxalq təşkilatların Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamə və qərarlarına məhəl qoymur. Münaqişə nəinki, Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyini təhdid edir”.
 
Milli Məclisin deputatı, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bəxtiyar Əliyev isə münasibətlərin genişlənməsində hər iki ölkənin parlamentində mövcud olan dostluq qruplarının fəaliyyətindən söz açıb, qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
 
Öz növbəsində İndoneziya parlamenti sədrinin müavini F. Hamzah bildirib ki, xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin var. Qonaq öz ölkəsinin Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə böyük maraq göstərdiyini söyləyib. F. Hamzah İndoneziyanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, ölkəsinin bundan sonra da bu istiqamətdə diplomatik səylərini davam etdirəcəyini deyib.
 
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb./
 

Google+ WhatsApp ok.ru