Neftin qiyməti bundan sonra da düşəcək

Natiq Cəfərli: «Neft olan yerdə həmişə siyasi amillər rol oynayır»

Maide.az xəbər verir ki, neftin qiyməti kəskin şəkildə ucuzlaşmaqda davam edir. Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edirlər. Ekspertlərin bir qismi hesab edir ki, neftin qiymətinin kəskin ucuzlaşması hazırda bazara bunkerlərdə möhtəkirlik məqsədilə saxlanılan neft həcmlərinin bir qisminin çıxarılmasıyla əlaqədardır.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 80,54 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,38 dollar ucuzlaşaraq 85,86 dollar olub.
 
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 2,5 faiz və ya 2,23 dollar ucuzlaşaraq 86,61 dollar olub.
 
İqtisadçı-ekspert Natiq Cəfərli "Azadlıq"a deyib ki, dünyanın ən böyük neft istehlakçılarından olan ABŞ bu məhsulu xaricdən almaqdan imtina edərək, özünü neftlə təmin edir. Yeni texnologiyaların tətbiqindən sonra Amerika özünü neftlə təmin etmək istiqamətində ciddi addımlar atmağa başlayıb. Bundan başqa, Avropa Birliyi ölkələri, Avrozona və Çində iqtisadi artım ciddi şəkildə azalmağa doğru gedib: “Fundamental məsələlər neftin qiymətinin azalmasına təsir göstərdi. Təbii ki, neft olan yerdə həmişə siyasi amillər rol oynayır. Qərb-Rusiya qarşıdurmasında neftin qiymətinin aşağı enməsinə Qərb dövlətlərinin ciddi marağı var. Güman ki, beynəlxalq təşkilatlar, analitik şirkətlərin proqnozlarına görə, gələn ilin ortalarına qədər onun qiyməti 75-85 dollar arasında dəyişəcək. Ən optimist proqnozlara görə, neftin qiymətinin belə olacağı gözlənilir”.

Google+ WhatsApp ok.ru