İngiltərə Fələstini rəsmən tanıdı

Britaniya parlamenti İsraillə yanaşı Fələstin dövlətinin də tanınmasını dəstəkləyən qətnaməyə 274 leyhinə, 12 əleyhinə nisbətində səs verib. 
 
Maide.az-ın verdiyi məlumata görə, parlamentin qəbul etdiyi qətnamədə deyilir ki, bu sənəd iki dövlət prinsipi əsasında aparılacaq danışıqlara töhfə verməlidir. Mətbuat yazır ki, səsvermə müəyyən mənadə rəmzi olsa da, qətnamənin uzaqgedən beynəlxalq nəticələri ola bilər.
 
Hökumətə daxil nazirlər səsverməyə qatılmayıblar, lakin xarici işlər nazirinin Yaxın Şərq üzrə müavini Tobias Ellwood deyib ki, Britaniya “sülh prosesinə müvafiq olacaq məqamda” Fəsləstin dövlətini tanımaq hüququnu özündə saxlayır. 2012-ci ildə BMT-nin Baş Assambleyası Fələstinin statusunu “qeyri-üzv müşahidəçi dövlət” dərəcəsinə qaldırıb.
 
Assambleyada belə bir qətnaməyə 138 leyhinə, 41 əleyhinə nisbətində səs verilərəkən Britaniya bitərəf qalmışdı.
 
Fələstinin dövlət müstəqilliyinin tanınması təşəbbüsünü parlamentdə müzakirə üçün leyborist millət vəkili Grahame Morris qaldırmış, təşəbbüsün mətninə keçmiş xarici işlər naziri Jack Straw düzəliş etmişdi. Cənab Morris deyib ki, millət vəkillərinin Fələstin dövlətini dəstəkləməsi dalana düşmüş İsrail-Fələstin danışıqlarında sülhə doğru “mühüm simvolik” addımdır.
 
Bu məsələdə Britaniya hökumətinin hazırkı rəsmi mövqeyi belədir ki, London bunun “sülh prosesinə xidmət edəcəyini düşündüyü istənilən məqamda” Fələstin dövlətini ikitərəfli qaydada tanıya bilər. Təşəbbüsün mətnində deyilir ki, Parlament hökuməti münaqişənin iki dövlət prinsipi əsasında həllinə töhfə kimi sionist rejimlə yanaşı Fələstin dövlətinin də tanınmasına çağırır.

Google+ WhatsApp ok.ru