NOVRUZ AYNASINDA SƏADƏT VƏ XOŞBƏXTLİK

NOVRUZ AYNASINDA SƏADƏT VƏ XOŞBƏXTLİK

-- Ey qəlbləri və nəzərləri dəyişən (haldan hala salan)!

Novruzun ən gözəl adət-ənənəsi böyükləri ziyarət etmək, kiçiklərə qayğı göstərmək, bir sözlə, yaxınları yad etməkdir. Bu adət-ənənə həm də İslamın başlıca göstərişlərindəndir. Təəssüflər olsun ki, ailələrin həyat tərzinin dəyişilməsi, ailə üzvləri və qohumların yaşayış məntəqələrinin bir-birindən uzaqlığı və müxtəlif məşğuliyyət səbəbləri onları bir süfrə başında əyləşməkdən yayındırır, birgə bayram keçirmək ləzzətini onlardan alır. Doğrudan da, qohumların və yaxınların bir süfrə ətrafına yığışması həyata sevinc tamı, xoşbəxtlik hissi bağışlayır. Peyğəmbəri-Əkrəm (s) dərinmənalı bir hədisdə bədbəxtliyi xoşbəxtliklə dəyişə biləcək amillərə toxunaraq buyurur:

اَلصَّدَقَةُ عَلى وَجهِها وَاصطِناعُ المَعروفِ وَ بِرُّ الوالِدَينِ وَ صِلَةُ الرَّحِمِ تُحَوِّلُ الشِّقاءَ سَعادَةً وَ تَزيدُ فِى العُمرِ وَ تَقى مَصارِعَ السُّوءِ

“Yerində verilən sədəqə, xeyirxahlıq (yaxşılıqla başqasının işini həll etmək), ata-anaya yaxşılıq və “sileyi-rəhm” (yaxınlarla əlaqəni möhkəmlətmək) bədbəxtliyi xoşbəxtliklə dəyişir, ömrü uzadır və pis (qəfil) ölümün qarşısını alır.” (“Nəhcül-fəsahə”, Əbülqasim Payəndə, səh.549.)

Novruz günü ilin dəyişilməsi ilə bağlı duada deyilir:

يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ يَا مُدَبِّرَ اللَّيْلِ وَ النَّهَارِ يَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَالِ حَوِّلْ‏ حَالَنَا إِلَى‏ أَحْسَنِ‏ الْحَالِ

“Ey qəlbləri və nəzərləri dəyişən (haldan hala salan)! Ey gecə və gündüzü dolandıran! Ey ili və halları dəyişən! Bizim də halımızı ən yaxşı halla dəyiş!” (“Zadul-məad”, Əllamə Məclisi, səh.328.)

Bu duanı Peyğəmbəri-Əkrəmin (s) verilən hədisi ilə yanaşı qoyduqda, aşağıdakı mətləblər diqqəti cəlb edir:

QƏLBİN SƏADƏT VƏ XOŞBƏXTLİKLƏ ƏLAQƏSİ

Novruzda təbiət dəyişilib çiçəkləndiyi kimi, biz də bu yeni ildə özümüzdə ruhi-mənəvi dəyişiklik yaradaq. Dəyişiklik yaradaq ki, öz hökmranlığımız, qələbəmiz və nəfsi istəklərimiz uğrunda deyil, yalnız Allaha xatir bir iş görmüş olaq! Qəlb “dəyişmək” mənasını ifadə edir. Məşhur dilçi alim Rağib İsfahani (Əl-mufrədat”, səh.681) bu haqda yazır: “Qəlb “dəyişmək, bir haldan başqa bir hala düşmək” mənasını daşıyır.” İnsanın qəlbi və daxili halı daim dəyişikliyə məruz qaldığı üçün, bu hala “qəlb” adı verilmişdir. Digər tərəfdən də, xoşbəxtlik hissi insanın daxili və ruhi razılığı, aramlığı və sevinci ilə birbaşa əlaqəlidir. Başqa sözlə, ruhi-qəlbi aramlığa yetən insan həyatından ləzzət alır. Bu iki müqəddimədən belə qənaətə gəlmək olar ki, insanlar fərqli anlarda fərqli xoşbəxtlik hissinə sahib olur və xoşbəxtlik qazanmaq, daxili-ruhi ləzzətə çatmaq üçün hər zaman ruhu qidalandıran, ona sevinc və aramlıq bəxş edən işlərlə məşğul olmaq lazımdır. Başqa sözlə, insan öz qəlbi və ruhundan muğayat olmalı; öncə onun həqiqi ehtiyaclarını tanımalı, sonra da həmin ehtiyacları uyğun işlərlə təmin etməlidir. Qəlbin və ruhun ehtiyaclarına diqqətsizlik qəlbi və ruhi xəstləliklərin yaranması ilə nəticələnə bilər ki, bu da xoşbəxtliyin aradan getməsi deməkdir.

Qəlbin, ruhun və daxili aləmin müsbət mənada dəyişilməsi, başqa sözlə, rahatlığa və aramlığa yetməsi yalnız Allahın yadı və zikri ilə mümkündür. Allahın adı və yadını unutmaq qəlbi daşlaşdırır, paslaşdırır. İmam Sadiq (ə) buyurur:

اَوْحَى اللّه‏ُ عَزَّوَجَلَّ اِلى مُوسى(عليه ‏السلام) يا مُوسى؛ لا تَفْرَحْ بِكَثْرَةِ الْمالِ وَ لا تَدَعْ ذِكْرى عَلى كُلِّ حالٍ فَاِنَّ كَثْرَةَ الْمالِ تُنْسِى الذُّنوبَ وَ اِنَّ تَرْكَ ذِكرى يُقْسِى الْقُلوبَ

“Allah-Taala həzrət Musaya (ə) belə vəhy etdi: “Ey Musa! Mal-dövlətin çoxluğu ilə sevinmə və heç vaxt Məni unutma. Çünki mal-dövlətin çoxluğu ilə günahlar unudulur və Məni unutmaq qəlbi daşlaşdırır.” (“Məsailu Əli ibn Cəfər (ə) və mustədəkatuha”, Əli ibn Cəfər Üreyzi, səh.344.)

Demək, xoşbəxtlik hissinin mərkəzi olan qəlbin qorunmasını təmin edən və qəlb üçün oksigen hökmünü daşıyan ən mühüm amil Allahı yad etməkdir. Qurаni-Kərimin “Rəd” surəsinin 28-ci ayəsində belə buyurulur:

الَّذِينَ آمَنُواْ وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللّهِ أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“İmаn gətirənlər və qəlblərini Аllаhın yаdı ilə sаkitləşdirənlər bilsinlər ki, yаlnız Аllаhı yаd etməklə qəlblər sаkitləşir.”

Təbii ki, qəlbə həyat bəxş edən bu oksigen vaxtlı-vaxtında qəlbə ötürülməzsə, iztirab və həyacana, sonda isə qəlbin ölümünə səbəb olacaqdır. Sual oluna bilər ki, Allahı yad etməyin nişanəsi və onun əməldə təsiri nədir? Bu suala qeyd olunan ayənin davamında, yəni “Rəd” surəsinin 29-cu ayəsində belə cavab verilir:

الَّذِينَ ءَامَنُواْ وَ عَمِلُواْ الصَّالِحَاتِ طُوبىَ‏ لَهُمْ وَ حُسْنُ مَابٍ‏

İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (cənnət gözləyir)!”

Aydındır ki, Allahı yad etməyin əməldə təsiri yaxşı və saleh əməllərə üz tutmaqdır. Doğrudan da, Allahı yad etməklə qəlbi və ruhundan muğayat olan insan xeyir işlərə laqeyd yanaşmaz. Həmin xeyir işlərdən biri də yaxınlara və qohumlara baş çəkmək, dərdi olanların çətinlikləri ilə maraqlanmaq, onları maddi yardımlarla sevindirməkdir. Əgər ətrafımıza bir nəzər yetirsək, görəcəyik ki, nə çoxları bu qayğı və yardımlara ehtiyaclıdır. Əgər qayğı və yardımlar Allaha xatir yerinə yetirilərsə, qəlbə aramlıq, həyata nuranilik bəxş edəcəkdir!

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru