OXU, ÖZÜN-ÖZÜNƏ QİYMƏT VER!

OXU, ÖZÜN-ÖZÜNƏ QİYMƏT VER!

Şübhəsiz, heç kim insanın özü kimi özünü tanıya bilməz, öz işlərindən agah ola bilməz. Qiyamət günü də insana deyiləcək ki, özündən hesab çəkmək və əməllərini çək-şevir etmək üçün elə sənin özün kifayətsən, artıq kiməsə ehtiyac yoxdur.

İNSAN ÖZÜNÜ YAXŞI TANIYIR!

Qurani-Kərimin “Qiyamət” surəsinin 12-15-ci ayələrində belə oxuyuruq:

إِلَى رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ يُنَبَّأُ الْإِنسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ بَلِ الْإِنسَانُ عَلَى نَفْسِهِ بَصِيرَةٌ وَلَوْ أَلْقَى مَعَاذِيرَهُ

O gün (ey insan,) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! O gün (qiyamət günü) insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı-pis nə varsa, hamısı) xəbər veriləcəkdir! Doğrusu, (xəbər verməyə heç ehtiyac da yoxdur,) insan özü-özünə şahiddir! Baxmayaraq ki, o, (günahlarını yozmaq üçün) hər cür üzrxahlıq edər!”

Bəli, insan öz halına hər kəsdən yaxşı agahdır, hərçənd ki, Quranın buyruğuna əsasən, öz halını inkar etməyə çalışacaq. O dünya üçün zülm, haqsızlıq, ədalətsizlik, başqalarının haqqını mənimsəmək və digər çirkin əməllər kimi ağır əməl dəftəri düzəldənlər, sözsüz, öz daxillərində mənfilik və pislik hissini keçirsələr də, zahirdə bunu inkar edir və dillərinə gətirmirlər ki, birdən bir gün qanun əlində giriftar olarlar!

Əqidəsiz və ilahi qanunlara laqeyd yanaşan insanlar bu dünyada öz çirkin əməllərindən peşmançılıqlarını bildirməsələr də, o dünyada Allahın şiddətli əzabını görcək hər bir şeyi dilə gətirəcək, etiraf edəcək! Allah-Taala “Bəqərə” surəsinin 206-cı ayəsində buyurur:

وَ إِذا قيلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَ لَبِئْسَ الْمِهادُ

Ona: “Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!

“Səcdə” surəsinin 12-ci ayəsində də belə buyurur:

وَ لَوْ تَرى‏ إِذِ الْمُجْرِمُونَ ناكِسُوا رُؤُسِهِمْ عِنْدَ رَبِّهِمْ رَبَّنا أَبْصَرْنا وَ سَمِعْنا فَارْجِعْنا نَعْمَلْ صالِحاً إِنَّا مُوقِنُونَ

“(Ya Rəsulum!) Kaş günahları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) başlarını aşağı dikib: “Ey Rəbbimiz! (Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun əzabını) gördük, (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə inandıq!” – deyəndə görəydin!”

OXU VƏ ÖZÜN-ÖZÜNÜ QİYMƏTLƏNDİR!

Allah-Taala insanı pak fitrət və fitri din əsasında xəlq etmiş, bu haqda “Rum” surəsinin 30-cu ayəsində buyurmuşdur:

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنيفاً فِطْرَتَ اللَّهِ الَّتي‏ فَطَرَ النَّاسَ عَلَيْها لا تَبْديلَ لِخَلْقِ اللَّهِ ذلِكَ الدِّينُ الْقَيِّمُ وَ لكِنَّ أَكْثَرَ النَّاسِ لا يَعْلَمُونَ

(Ya Peyğəmbər!) Haqqa tapınaraq qəlbini bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də yoxdur). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.”

Allah-Taala bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır. Təəssüflər olsun ki, əksər insanlar öz fitrətlərindən qafil olmuş, dünya və dünya matahına bağlılıq onları öz həqiqətlərindən ayırmışdır. Necə ki, “Ənam” surəsinin 32-ci ayəsində buyurulur:

وَ مَا الْحَياةُ الدُّنْيا إِلاَّ لَعِبٌ وَ لَهْوٌ وَ لَلدَّارُ الْآخِرَةُ خَيْرٌ لِلَّذينَ يَتَّقُونَ أَفَلا تَعْقِلُون‏

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Heç düşünmürsünüz?”

Bu ayədə əqlə, düşüncəyə təkid olunur. Əlbəttə, hər bir əql və düşüncəyə yox, insanı fitrətə, əxlaqa və insaniyyətə yönəldən, sövq edən əql və düşüncəyə! Yenə də çox təəssüf ki, bugünkü dünyada əxlaq və insaniyyətə zidd işlər ağıllı işlər kimi aşılanır. O çirkin işlərin tərəfdarları – onların çirkin və əxlaqsız olduqlarını bildikləri halda – onları azadlıq, demokratiya, müasirlik və bu kimi digər adlarla yozur, onlara haqq donu geyindirir, sanki elə bu cür də olmalıymış! Bu dünyada öz fitrətinə qarşı çıxan, dini, qiyaməti haşiyədə qoyanlar bilsinlər ki, bir gün onlara belə deyiləcək:

اقْرَأْ كِتابَكَ كَفى‏ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسيبا

Oxu, kitabını! (Bax gör dünyada nələr edibsən?). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə kifayətsən!” (“İsra”/14.)

Günahkar bir insan bu dünya məhkəməsində fitrətinə zidd çirkin əməl və rəftarını etiraf edirsə, onda bilməliyik ki, hesab-kitabı olduqca dəqiq olan, necə deyərlər, tükü tükdnə seçən o dünyada insan özü-öz çirkin işlərini etiraf edəcək, özü-özünə hökm oxuyacaq, özü-özünə qiymət verəcək!

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru