Polis 51 manata görə iki azyaşlı uşağı atasız qoydu

Taksi sürücüsünün intiharı ilə bağlı təfərrüatlar…

Ölkədə intihar halları çox sürətlə artır. Insanlar müxtəlif sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərə tab gətirməyərək, özünəqəsd yolunu tuturlar. Intihar edənlərin bu addımı atmasının səbəblərinə diqqət yetirərkən görünür ki, onların əksəriyyəti əlacsız qalaraq həyatlarını yarımçıq dayandırıblar.
 
Təsadüfi deyil ki, son vaxtlar bir sıra intiharlar dövlət strukturlarının binası qarşısında baş verib. Bu da adamların məmur özbaşınalığından bezməsinin göstəricisidir. Amma vəziyyət düzəlmir ki, düzəlmir. Dövlət orqanlarının laqeydliyi, problemləri həll etməməsi, bank borcu, xəstəlik əzabı indiyədək neçə-neçə Qarabağ qazisinin həyatına son qoyub. Bugünlərdə Sumqayıtda taksi sürücüsü, 30 yaşlı Məqsəd Süleymanov da özünə od vuraraq intihar etdi.
 
“Azadlıq” radiosunun əməkdaşları taksi sürücüsünün ailə üzvlərilə danışıb. Mərhum Məqsəd Süleymanovun həyat yoldaşı,  qohumları onun gənc yaşda həyatdan getməsilə barışmaq istəmədiklərini deyirlər.
 
“30 yaşda torpağa getmək olarmı?” sualıyla cəmiyyətə müraciət edən qohumlar onun iki azyaşlı övladına nə cavab verəcəklərini bilmirlər.
 
Ailə üzvləri Məqsədin özünə qəsd etməsinə səbəb olanların  cəzalandırılmasını, bu işin ədalətlə çözülməsini istəyirlər. Onlar bu suala da cavab axtarırlar: dövlət hara baxır?
 
Yaxınlarının verdiyi məlumata görə, Məqsəd Sumqayıt şəhərində taksi fəaliyyətilə məşğul olub. Lakin Post-Patrul Xidmətinin əməkdaşı onun taksi fəaliyyətilə ailəsinə çörəkpulu qazanmasına mane olmaqla, faktiki intihara vadar edib.
 
“O polis ona imkan vermirdi. Deyirdi ki, mənə ”hörmət” elə, işlə, yoxsa qoymayacam.
 
Bir dəfə gəldi, köynəyi cırıq-cırıq idi, dalaşmışdılar. Məqsədə buna görə 3 sutka vermişdilər. Ondan sonra çıxıb 5 manat çörəkpulu qazanmasına imkan vermirdi.
 
On gün olardı ki, maşın almışdı. Ailəsini dolandırmaq üçün taksi fəaliyyətilə məşğul olmağa çıxıb, yenə dalaşıblar. Deyib ki, qoymayacağam səni bura çıxmağa. Buna yenə cərimə yazıblar.
 
Danışırlar ki, ona cərimə yazdırandan sonra da yenə əl çəkməyib, ətrafdakıların yanında şəxsiyyətini alçaldıb. Deyib ki, gördünmü, mən istədiyimi elədim.
 
O da əsəbiləşib, deyib ki, mən incitsən, özümü yandıracam. O da deyib ki, yandır. Uşaqlar danışır ki, gedib benzin alıb gəldi, üstünə töküb özünə od vurdu”, – deyə yaxınları bildirir.
 
Xatırladaq ki, Məqsəd Süleymanov sentyabrın 20-də intihar edib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru