Prezidentlər bir-birini acıladı

Moskvada Özbəkistan prezidenti İslam Kərimov və Qırğızıstan lideri Almaz Atambaev bir-birilərini acılayıblar.
 
Bu, iki ölkə arasında soyuqluğun hələ də davam etdiyini göstərir.
 
Hadisə mayın 8-də MDB-nin qeyri-rəsmi sammitində baş verib.
 
Atambaev öz çıxışında təəssüflənib ki, MDB ölkələri liderlərinin heç də hamısı mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq.
 
“Bu onların böyük qələbəyə hörmətini nümayiş etdirəcək...” – deyib qırğız lider.
 
Parada qatılmaq niyyəti olmayan MDB liderlərindən biri – İslam Kərimov öz çıxışında Atambayevin ironiyasına reaksiya verib, belə sözlərin “yersiz” olduğunu bildirib.
 
Onun sözlərinə görə, hər bir ölkə, xalq və lider hansı tədbirdə, ildönümündə iştirak edəcəyini sərbəst şəkildə seçir. Və bununla bağlı heç bir öhdəliyi yoxdur.
 
Mikrofonu sönülü olan Atambayev bu yerdə yerindən replica atıb ki, o, sadəcə şəxsi fikrini deyib.
 
“Çox gözəl” – deyə Kərimov cavab verib - “Sizin mövqeyinizi biz çoxdan bilirik”.
 
Daha sonra Kərimov faşizm üzərində qələbənin memarı olan “atalarımızı və babalarımızı” alqışlayıb.
 
Amma “qələbədə xüsusi rolun, mübaliğəsiz olaraq, ilk növbədə rus xalqına məxsus olduğunu” da qeyd edib.
 
2-ci Dünya Müharibəsindən danışan Kərimov potensial 3-cü dünya müharibəsinin təhlükələrinə də toxunub.
 
Deyib ki, belə bir savaş başlasa,bəşəriyyət tarixində sonuncu savaş olacaq.
 
Kərimov daha sonra Ukrayna məsələsindən danışıb.
 
Münaqişəyə görə heç kəsi ittiham etmədiyini bildirsə də, dünyanın aparıcı ölkələri arasında, “ilk növbədə də ABŞ və Rusiya arasında” inam və etibarın bərpa edilməsinin vacibliyini qeyd edib.
 
Rus televiziyasının sammitdən hazırladığı proqramda Kərimov çıxış edərkən Putini də bir neçə göstəriblər.
 
Son illər Özbəkistanın Orta Asiyanın digər iki ölkəsi Tacikistan və Qırğızıstanla arası soyuyub.
 
Özbəkistan hətta Qırğızıstanın Oş vilayətinin qazını da kəsib.
 
Mübahisənin səbəbi isə sudur.
 
Qırğızıstan və Tacikistan Orta Asiyanın dağlıq bölgəsində yerləşir.
 
Onlar Sırdərya və Amudərya çayları üzərində elektrik stansiyaları tikmək istəyirlər.
 
Özbəkistan isə daha çox düzənlik ərazidir və ölkə iqtisadiyyatının əsasını əkinçilik, xüsusən pambıqçılıq təşkil edir.
 
Bu sektorun isə çay sularına tələbatı böyükdür.
 
Özbəkistan qonşularının elektrik stansiyası tikmək planlarını həm də siyasi baxımdan özünə təhlükə sayır.
 
Çünki onda Tacikistan və Qırğızıstanın əlində suyun qabağını istədiyi vaxt açıb-bağlamaq kimi rıçaq olacaq ("Azadlıq" radiosu).

Google+ WhatsApp ok.ru