Putin Ankaraya öz müstəntiqlərini göndərir - VİDEO

Putin Ankaraya öz müstəntiqlərini göndərir - VİDEO

 Ankarada Rusiya səfiri Andrey Karovun qətlindən az sonra Anadolu agentliyinə müsahibə verən Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu hadisəni qətiyyətlə pisləyib və deyib ki, bu aktı törədənlərin məqsədi Rusiya və Türkiyə arasında getdikcə yaxşılaşan münasibətlərə zərbə vurmaq olub.

Azadlıq radiosu məlumat verir ki, Erdoğan qətli törətmiş şəxs haqqında da məlumat verib.
 
Mevlüt Mert Altıntaş Söke Cumhuriyet Anadolu Liseyinin məzunu olub, ikiillik polis kurslarında təlim alıb və iki il yarımdır ki, Ankara Çevik Qüvvələrində çalışırmış.
 
Türkiyə prezidenti bildirib ki, ölkənin Daxili İşlər Nazirliyi qətllə bağlı dərin və hərtərəfli araşdırmaya başlayıb.
 
Səfir Karlovun öldürülməsinə Rusiya prezidenti Vladimir Putin kəskin və qəzəbli reaksiya verib.
 
O hadisəni “açıq-aşkar təxribat” adlandırıb və bu qətl üçün məsuliyyət daşıyanların cəzalandırılacaqlarını vəd edib.
 
Vladimir Putin deyib ki, qətldən məqsəd Rusiya-Türkiyə münasibətlərinə, habelə Suriyada başlanan “sülh prosesinə” zərbə vurmaq olub.
 
O bildirib ki, səfirin öldürülməsinə Moskvanın cavabı terrora qarşı mübarizənin gücləndirilməsi olacaq.
 
Vladimir Putin bunu da əlavə edib ki, qətl hadisənin araşdırılması üçün İstintaq Komitəsinin xüsusi qrupu tezliklə Ankaraya yola düşəcək.
 
“Biz bu qətlin kim tərəfindən təşkil olunduğunu, sui-qəsd əmrinin kimdən gəldiyini bilməliyik” – deyib Putin.
 
Rusiya prezidenti deyib ki, Türkiyədəki Rusiya diplomatlarının təhlükəsizliyi üçün Ankaradan qarantiya istəyib.
 
Bu da xəbər verilir ki, dekabrın 20-də, Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin Suriya münaqişəsinə dair danışıqları başlanacaq.
 
Qeyd edək ki, bu gündən (dekabrın 20-dən)  İranın Trabzon, İstanbul və Ərzurumdakı baş konsulluqları müvəqqəti olaraq tətildir. İranın Ankaradakı səfirliyi bəyanat yayaraq vətəndaşlardan baş konsulluqlara müraciət etməməyi xahiş edib.  Baş konsulluqların işinin dayanırılmasının səbəbi  açıqlanmayıb. 
 
Həmçinin ABŞ-ın Ankaradakı səfirliyi, eləcə də İstanbul və Adanadakı konsulluğu bu gün bağlıdır və normal iş fəaliyyəti aparmayacaq
 
 

Google+ WhatsApp ok.ru