Qəzza sakinlərinin vəziyyəti ilə bağlı narahatçılıqlar var

Fələstin rəsmilərinin bildirdiklərinə görə, təqribən 2 milyon insan bu il Qəzza zolağında mübarək Ramazan ayını elə bir şəraitdə qarşılayır ki, sionist rejimin bu məntəqəyə olan hücumları və mühasirəinin davam etməsinə görə, məntəqə sakinləri insani və iqtsiadi baxımdan son dərəcə ağır və dözülməz vəziyyət ilə üz-üzədirlər. 
 
Maide.az xəbər verir ki, Qəzzanın ticarət palatasının üzvü Mahir Təba, "bu il İsrail rejiminin Qəzzanın mühasirəsini daha da artırmasına görə, işsizlik və yoxsulluq səviyyəsi orta hesabla müvafiq olaraq 55 və 39% artıb. Beləliklə təqribən 1 milyondan artıq insan, yəni Qəzza əhalisinin təqribən 60%-i gündəlik gəlirdən məhrum vəziyyətə düşüb", - deyə bildirib. 
 
Qəzzanın mühasirəsi ilə mübarizə xalq komitəsinin sədri Camal Xızrı da mübarək Ramazan ayında Qəzzada vəziyyətin xeyli təəssüfləndirici olduğunu bildirib və deyib: "Qəzzanın İsrail rejimi tərəfindən mühasirədə saxlanılması və ötən ilin yayında Qəzzaya olan hücumlar nəticəsində yaranan dağıntıların aradan qaldırılması və abadlıq işlərinin təxirlə həyata keçirilməsi məntəqə sakinlərinə son dərəcə mənfi təsir buraxır. Qəzza əhalisinin problemlərinin kifayət qədər çox olmasına baxmayaraq Misir ordusu da Sina səhrasında yaşanan hadisələri bəhanə edərək, Qəzza zolağının yeganə çıxış nöqtəsi olan Rəfəh keçidini bağlayıb. Bu da mübarək Ramazan ayında Qəzza əhalisinin problemlərinin daha da artmasına səbəb olub. Belə ki, Rəfəh keçidi mühasirədə olan Qəzza zolağının xarici dünya ilə yeganə əlaqə yolu sayılır. Bütün bunlara baxmayaraq, İsrail rejimi Qəzzada insani durumun ağır olması ilə bağlı dünya ictimaiyyətinin xəbərdarlıqlarını qulaq ardına vuraraq, Qəzzanın mühasirəsini daha da artırır. İsrail rejiminin Qəzzaya yanacaq, ərzaq məhsulları, dərman preparatları və tikinti materiallarının gətirilməsinə icazə verməməsi məntəqə sakinlərinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olub." 
 
İnsan Haqlarına Nəzarət Təşkilatı Qəzzanın vəziyyətini nəzərə alaraq, yaşanan insani faciənin önlənilməsi üçün dünya ictimaiyyətinin dərhal məsələyə müdaxilə etməsini istəyib. Qəzzanın mühasirəsinin gücləndirilməsi ilə yanaşı sionist rejim hərbçiləri hər gün müxtəlif məntəqələrə qarşı hücumlar həyata keçirərək, Qəzza sakinlərinin vəziyyətini daha da ağırlaşdırırlar. Bu hücumlar elə bir şəraitdə davam edir ki, ötən ilin yayında 50 günlük müharibənin ardınca imzalanan atəşkəs müqaviləsinə əsasən İsrail rejimi Qəzzaya qarşı hücumlarını dayandırmalıdır. 
 
Fələstin xalqı və rəsmiləri bu fikirdədirlər ki, sionist rejim Qəzza sakinlərinə qarşı təzyiqləri artırmaqla Qəzzada ictimai narazılığa yol açmaq və əhalini Həmasa qarşı təhrik etmək niyyətindədir. Amma, Qəzza əhalisi ötən 9 ildə sionist rejimin bütün cinayətləri və təzyiqləri qarşısında müqavimət göstərərək, bu rejimin təzyiqlərinə təslim olmayacağını sübut edib."

Google+ WhatsApp ok.ru