Qəzzada bir şəhid, onlarla yaralı

Sionist rejim hərbçilərinin Qəzza zolağındakı təcavüzkar hücumlarının ardınca bir fələstinli şəhid olub, bir qrup fələstinli isə yaralanıb.
Maide.az Fələstin İnformasiya Mərkəzinin məlumatına istinadən xəbər verir ki, cümə günü Qəzza zolağında baş vermiş toqquşmalarda Sami Şəuqi Mazi adlı fələstinli gəncin sinəsinə sionist hərbçilərin açdığı güllə dəyib və o şəhid olub. 
Digər bir xəbərə görə, Qəzza zolağındakı tibb mənbələri fələstinli gənclərlə sionist hərbçilər arasında baş vermiş "Qəzəb cüməsi" toqquşmalarında 40-dan çox nəfərin yaralanmasından xəbər veriblər.
Qarşıdurmanın əsas məkanları Qəzza şəhərinin mərkəzindəki Əlbric düşərgəsi, bu şəhərin şərqindəki "Nahil Əuz" bazası, şəhərin cənubundakı Əlfərayən və şimalında Bəyt Hanun keçidinin yaxınlığında yerləşən İrəz məntəqələri olub.
Həmçinin cümə günü İordan çayının qərb sahilində gedən toqquşmalarda daha iki fələstinli şəhid olub. Beləliklə, "Qəzəb cüməsi"ndə şəhid olmuş fələstinlilərin sayı 3 nəfərə, Qüds İntifadasının başlanmasından indiyədək isə şəhid olmuş fələstinlilərin sayı 121 nəfərə çatıb. Minlərlə nəfər də Qüds İntifadada yaralanıb.
Qeyd edək ki, Fələstin xalqı ötən gün cümə namazından sonra “Qəzəb cüməsi” adlı ümumxalq etirazlar keçirib. Fələstinli qruplar əhalini Sionist rejiminin cinayətlərinə qarşı qiyamı gücləndirməyə çağırmışdılar. Fələstinlilərin kütləvi etirazlarının qarşısını almaq məqsədi ilə sionist İsrail rejimi Qərb sahilində  və Qəzza zolağnda təhlükəsizlik tədbirlərini gücləndirmişdi./
 

Google+ WhatsApp ok.ru