QAN QƏDƏR MÖHTƏRƏMDİR ABIR-HƏYA

QAN QƏDƏR MÖHTƏRƏMDİR ABIR-HƏYA

Özü ilə bərabər din qardaşlarının abır-həyası, izzət və şərəfini qorumaq hər bir müsəlmanın dini və insani vəzifəsidir; yəni insan elə bir iş görməməlidir ki, həm öz abır-həyasını aparsın, həm də başqalarının! Şair demişkən:

آبی است آبرو که نیاید به جوی باز                 از تشنگی بمیر و مریز آبروی خویش

“Abır-həya arxa töküləsi su deyil. Susuzluqdan ölsən də, öz abır-həyanı tökmə!”

Yəni abır-həya suya bənzəyir, su arxa töküldükdə, onun geri dönüşü mümkünsüz olduğu kimi, abır-həya da belədir. Əgər bir şəxsin şəxsiyyəti, heysiyyəti, abır-həyası tapdanarsa, onun islahı və bərpası çətindir. Odur ki, bu məsələ olduqca dəyərli, qiymətli və diqqətəlayiqdir.

Quran ayələrinə nəzər yetirdikdə, İslamda abır-həyaya nə qədər əhəmiyyətlə yanaşıldığını görürük. Hətta İslamda zinanın isbatı üçün dörd şahid tələb edilir, əgər üç nəfər şahidlik edərsə, hər üçünə şallaq vurulur. “Nur” surəsinin 4-cü ayəsində buyurulur:

وَ الَّذِینَ یرْمُونَ الْمُحْصَنَاتِ ثُمَّ لَمْ یأتُوا بِاَرْبَعَةِ شُهَدَاءَ فَاجْلِدُوهُمْ ثَمَانِینَ جَلْدَةً وَ لَا تَقْبَلُوا لَهُمْ شَهَادَةً اَبَداً وَ اُولَئِک هُمُ الْفَاسِقُونَ

İsmətli qadınlara zina isnad edib, sonra (öz iddialarının isbatı üçün) dörd kişi şahid gətirə bilməyən şəxslərə səksən şallaq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar həqiqətən fasiqdirlər.”

Peyğəmbəri-Əkrəm (s) “Vida həcci”ndə söylədiyi xütbəsində can-qan və abır-həyanın əhəmiyyətini belə vəsf edir:

ایُّهَا النَّاسُ، انَّ دِماءَکُمْ وَ اعْراضَکُمْ عَلَیْکُمْ حَرامٌ الی انْ تَلْقَواْ رَبَّکُمْ کَحُرْمَةِ یَوْمِکُمْ هذا، فی‏ بَلَدِکُمْ هذا

“Ey insanlar! Həqiqətən, sizin bu gününüz (həcc günləri) və bu şəhəriniz (Məkkə şəhəri) möhtərəm olduğu kimi, qanınız və abır-həyanız da möhtərəmdir. Rəbbinizlə görüşəcəyiniz vaxta qədər, bir-birinizin qanını və abır-həyasını tökmək haramdır.” (“Tuhəful-uqul”, 1-ci cild, səh.31.)

İslam alimlərinin də həyat tərzinə baxdıqda görürük ki, onlar da bu məsələyə, insanların abır-həyası, heysiyyət və şəxsiyyətinin qorunmasına böyük əhəmiyyət vermişlər:

Bir gün tələbələrdən biri mərhum Seyid Əli Qazinin (Əllamə Təbatəbainin ustadı) göy-göyərti satılan dükana daxil olub kahı seçməklə məşğul olduğunu, lakin başqaları kimi, saf və təzə kahı yox, solub-qaralmış kahı yığdığını görür. Tələbə deyir ki, alış-verişdən sonra, Ustada yaxınlaşıb, onun qeyri-adi işinin səbəbini soruşdum. Ustad buyurdu: “Satıcı şərif və möhtərəm, eyni zamanda möhtac bir insandır. Mən onun izzət və şərəfinə xələl gəlməsin deyə, ona əvəzsiz yardım etmək istəmədim. Bununla bərabər, onun əvəzsiz yardıma adət etməməsini də nəzərə alaraq, heç kimin almaq istəmədiyi, solub-qaraldığı, sonda satıcıya zərər olduğu bu kahıları aldım ki, həm ona zərər olmasın, həm də bu yolla ona bir yardım etmiş olum. Yeri gəlmişkən, bizim üçün nə fərqi var ki, təzə kahı yeyək və ya solub-qaralmış kahı! (“Gəncineyi-məarif”, səh.16.)

Rza Şükürlü (Maid.az)

Google+ WhatsApp ok.ru