Qırğızıstanda 9 məhkum 3 nəzarətçini öldürərək istintaq təcridxanasından qaçıb

Bu gecə Qırğızıstanın Bişkek şəhəri yaxınlığındakı 50 saylı istintaq təcridxanasından 9 məhkum qaçıb.
 
Bu barədə Qırğızıstan Dövlət Penitensiar Xidməti açıqlama yayıb. Qaçanlar dini ekstremizm və terrorçuluq fəaliyyətlərinə görə cinayət məsuliyyətinə cəlb edilənlərdir. Qaçış zamanı məhkumlar istintaq təcridxanasının 3 əməkdaşını öldürüblər, birini isə ağır yaralayıblar. Mühafizəçi daxili işlər orqanları ilə əlaqə saxlayaraq qaçış faktı və məhkumların oğurladığı avtomobilin markası barədə məlumat verib.
 
“Axtarış zamanı daxili işlər orqanlarının əməkdaşları məhkumların hərəkət etdiyi avtomobili aşkarlayıb. Qaçan 9 məhkumdan 5-i saxlanılıb, onlardan biri yaralıdır. Digər 4-ü isə hələlik azadlıqdadır”,- deyə məlumatda bildirilir. Həmin 4 məhkumdan ikisi ömürlük həbs cəzasına məhkum edilib, digər ikisinin işi isə istintaqdadır. Onların arasında ölkədə qadağan olunmuş “Jayşul-Maxdi” qruplaşmasının üzvləri də var.

Google+ WhatsApp ok.ru