QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ-17

QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ-17

-- 17. İMAN VƏ DOĞRU YOLDA SABİTQƏDƏMLİK

Qurani-Kərimin bəzi ayələrində “iman və haqqa itaət yolunda mökəmlik”, “doğru yolda sabitqədəmlik” məsələsi xüsusi vurğulanır və “Əhqaf” surəsinin 13-14-cü ayələrində doğru və haqq yolda sabitqədəm olanlar behiştlə müjdələnirlər:

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ. أُوْلَئِكَ أَصْحَابُ الْجَنَّةِ خَالِدِينَ فِيهَا جَزَاء بِمَا كَانُوا يَعْمَلُونَ

Şübhəsiz: “Bizim Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (Onun yolunda) möhkəm duranlar (sabitqədəmlik göstərənlər) üçün nə bir qorxu var, nə də onlar qəmgin olarlar! Belələri cənnət əhlidirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!

Həmçinin “Fussilət” surəsinin 30-cu ayəsində belə buyurulur:

إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ

Şübhəsiz: “Bizim Rəbbimiz Allahdır!” – deyən, sonra da (Onun yolunda) möhkəm (sabitqədəm) olan kəslərə mələklər nazil olub (belə deyərlər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!

Ayədə qeyd olunan “istəqamu” ibarəsi “istiqamət” sözündən alınmışdır və doğru yolda iltizamlı olmaq, ilahi yolda sabitqədəmlik, başqa sözlə, həm doğru yolda etidal və hər bir azğınlıqdan uzaqlıq, həm də sabitlik və möhkəmlik mənasını bildirir. Bəzi lüğət alimlərinin onu etidal mənasında şərh etdiklərini görürüksə, məqsəd elə həmin mənadır – sabitqədəmlik və azğınlıqdan uzaqlıq.

Məşhur lüğıt alimi Rağib İsfahani “Müfrədat” kitabında yazır: “İstiqamət – düz xətt üzərində yerləşən yola deyilir. Elə buna görə də, haqq yola “sirati-müstəqim” – doğru yol deyilir və insanın doğru yolda möhkəmliyi “istiqamət” adlanır. Demək, “istiqamət” məfhumunda həm yolun düzlüyü, həm də möhkəmliyi yatır. (“Müfrədat”, qövm və ondan alınan sözlərin şərhi.)

Qeyd edilənlərə əsasən, Allahın lütf və rəhmət ocağına, yəni behiştə daxil olmağa səbəb olan işlərdən biri də imanla bərabər doğru yolda möhkəmlik və sabitqədəmlikdir.

Sözügedən ayənin təfsiri ilə bağlı məsum rəhbərlərdən (ə) nəql olunan bəzi rəvayətlərdə “doğru yolda sabitqədəmlik”də Əmirəlmöminin Əlinin (ə) vilayət və imamətinə möhkəm bağlılığın nəzərdə tutulduğu bildirilir. (“Təfsiri Əli ibn İbrahim Qummi”, 2-ci cild, səh.265 və 279.)

Ayədə öncə imanın, sonra isə doğru yolda sabitqədəmliyin qeyd olunması ona işrədir ki, həqiqi imanın nəticəsi sabitqədəmlikdir.

Diqqəti cəlb edən odur ki, insanın narahatlıq və qəmginlik mənşəyi bəzən keçmişdə gördüyü işlərdir və insan onları xatırladıqda qəmgin olur; bəzən də onun qorxmasına səbəb olacaq gələcək işlər və hadisələrdir. Sözügedən ayədə deyilir ki, Allaha iman gətirən və Onun yolunda sabitqədəm olanlar nə keçmiş işlərinə görə qəmgindir, nə də gələcək işlər və hadisələrdən qorxuları vardır.

Sözümüzü Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədislə sona yetiririk. Bir nəfər o həzrətin hüzurunda ikən dedi: “Ya Rəsuləllah, mənə bir iş öyrət ki, onu yerinə yetirməklə behişt əhlindən olum!”

Həzrət buyurdu:

قُلْ رَبِّي اَللَّهُ ثُمَّ اِسْتَقِمْ

“De: Mənim Rəbbim Allahdır, sonra onun üstündə möhkəm dayan!

Həmin şəxs soruşdu: “Çəkinməli olduğum ən qorxulu şey nədir?”

Həzrət dilini əli ilə tutub: “Bu!” – deyə buyurdu. (“Təfsiri Əbülfütuh Razi”, 10-cu cild, səh.22; “Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.73-74.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru