Rəhmət dini və  ‘ibtidai cihad’-8

Rəhmət dini və ‘ibtidai cihad’-8

Dini mətnlərimizdə əql və məntiqə uyğun üç növ “ibtidai cihad”dan söz açılır ki, İslamın rəhmət və məhəbbəti ilə əsla ziddiyyəti yoxdur:
 
1. Fitnə atəşini söndürən cihad:
 
“Bəqərə” surəsinin 193-cü ayəsində belə buyurulur:
 
وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلّهِ
 
“Fitnə qalmayıncaya (şirk və bütpərəstliyin kökü kəsilincəyə), din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun...”
 
Bu ayəyə əsasən, gözlənilən fitnələri aradan qaldırmaq üçün “ibtidai cihad”a icazə verilir. Baş verəcək hadisələri qabaqcadan proqnozlaşdırıb, onlara qarşı düzgün mövqe seçmək məntiqə uyğun məsələdir. Burada belə hallara dair bir nümunəyə nəzər salaq:
 
Sovet ölkələrinin müstəqilliyi ərəfələrində Bosniyanın müsəlman xalqı serblərin amansız hücumlarına məruz qaldı. Onlar qarşılarına çıxan hər şeyi – evləri, məscidləri, əkin sahələrini, xəstəxanaları və digər mərkəzləri viran qoyurdular. Ağlagəlməz faciə və kütləvi qırğınlara göz yuma bilməyən Avropa, nəhayət, serblilərə qarşı qəti qərarlar verərək NATO qoşunlarının vasitəsilə fitnəni aradan qaldırmalı oldu.
 
Biz burada avropalıların məqsədləri barədə (müsəlmanlara yardım, yoxsa gələcəkdə bu fitnənin Avropanın özünə ağır zərbə vuracağı kimi) açıqlamalar vermək əzmində deyilik. Lakin onların hərbi müdaxiləsinə “ibtidai cihad”dan başqa bir ad vermək olmaz.
 
Hər halda, cihad hər hansı müharibəni törədən amilləri nəzərə alıb müqayisə edərkən, elə də ağlagəlməz bir əməliyyat sayılmır.
 
2. Azğınlar və təcavüzkarlarla mübarizə:
 
Qurani-Kərimin buyruğuna əsasən, döyüşə girən iki tayfa, iki dəstə, yaxud da iki İslam ölkəsi arasındakı ixtilafı aradan qaldırmaq, sülh və barışıq yaratmaq müsəlmanların vəzifəsidir. Burada sülhlə razılaşmayıb zülm, təcavüz və işğala davam edən tərəf İslam baxımından “təcavüzkar” adlanır. Bu zaman İslam müsəlmanlara təcavüzkar tərəflə döyüşə və “ibtidai cihad”a icazə verir.
 
İslam birinin başqa birinə zülm və təcavüzünü qəti pisləyir və başqalarının da onlara tamaşa etməsini bəyənmir. Burada verilən hökm “ibtidai cihad” hesab edilsə də, ağıl və məntiqə uyğundur və onu qəddarlıqla səhv salmaq olmaz. İslamın zülmə məruz qalanların müdafiəsinə qalxması rəhmət və şəfqətin bir nümunəsidir.
 
3. İslamın təbliğində azadlıq üçün cihad:
 
Din müsəlmanların qeyri-müsəlmanlara azad təbliğinə, haqqın bəşəriyyətə yetirilməsinə mane olanlara qarşı “ibtidai cihad”a, nadan düşmənlərlə döyüşüb normal vəziyyəti yaratmağa icazə verir. Məsələn, İslamın İrana gəlişi ilə müəyyən qarşıdurmalar üz verməyə başladı. Nəhayət, sasanilərlə müharibə qaçılmaz oldu. Müsəlmanlar qələbə çaldıqdan sonra da heç kim dinə məcbur edilmədi və indinin özünə qədər İranda İslam daxilində atəşgahlar (atəşpərəst məbədləri) fəaliyyət göstərir. Sasanilərin hakimiyyəti İranda İslamın təbliği üçün maneə idi. İslam bu maneəni aradan qaldırdıqdan sonra iranlıların dini qəbul etməsinə zəmin yarandı.
 
İslamın zahirdə ağır və sərt görünən bəzi göstərişləri (üzərində dərindən düşündükdə, aydın olur ki,) rəhmət və məhəbbətlə əsla ziddiyyət təşkil etmir. Bu ittihamlar yalnız İslama səthi baxanların təsəvvüründən və bir də ki, onun qatı düşmənlərinin böhtanlarından irəli gəlir. (“İlahi bəndələrin səciyyələri”, Ayətullah Məkarim Şirazi, səh.32-34.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru