İri vergi ödəyicilərinin büdcədən aldıqları verdiklərindən çoxdur

Prezidentin üç il əvvəl sildiyi dövlət borcları yenidən təhlükəli həddə çatıb

İqtisadçıların gəldiyi qənaətə görə, bu gün dövlət büdcəsinin vergi yığımlarında müəyyən problemlər yaşanır. Büdcənin gəlirlər hissəsinin 80 faizə yaxını neft sektorundan formalaşır. Bura Dövlət Neft Fondundan transfertlər və neft şirkətlərinin ödədiyi vergilər daxildir. Qeyri-neft sektorundan daxilolmalar üzrə əsas yük isə büdcə təşkilatlarında çalışanların üzərinə düşür. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, cəmi 8-10 min nəfərin çalışdığı xarici neft müqavilələri üzrə muzdlu işə görə gəlir vergisinin həcmi az qala 750-800 min nəfərin çalışdığı qeyri-büdcə təşkilatlarının gəlir vergisinə bərabərdir: "2015-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində 300.6 milyon manat, büdcə işçiləri üçün 261.6 milyon manat, qeyri-büdcə təşkilatları üzrə 390 milyon manat gəlir vergisi ödənəcək. Nəzərə alın ki, qeyri-büdcə təşkilatları içərisində Dövlət Neft Şirkəti, Azərsu, Aztelekom, Metropoliten, Xəzər Dəniz Gəmiçiliyi kimi iri dövlət şirkətləri də var".
 
"Azərenerji"nin 385 milyon manatlıq qaz borcu
 
Ümumiyyətlə, ekspertlər vergi daxilolmalarında yaranan problemləri ölkədə nizamlı vergi yığımının olmaması ilə izah edirlər. Bu gün dövlətin iri vergi ödəyicilərinin, böyük şirkətlərin büdcəyə külli miqdarda borcları var. Bu borclar ildən-ilə daha da artır.  Məsələn, "Fitch" Ratings hesabatında "Azərenerji"nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borcu olduğunu göstərmişdi. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban  deyir ki, "Azərenerji"nin Dövlət Neft Şirkətinə qaza görə borcu 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manata çatıb. Eyni vəziyyət vergi ödənişlərinə məsuliyyətsiz yanaşma digər iri vergi ödəyicilərində də mövcuddur. Dövlət Neft Şirkəti istisna olmaqla, demək olar ki, hamısının - "Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, "Azərsu" SC-nin , "Azərbaycan Hava Yolları"nın, Xəzər Dəniz Gəmiçiliyinin, "Bakıelektrikşəbəkə"nin və Bakı Metropoliteninin yalnız adları "iri vergi" ödəyicisi olaraq qalır. Bu qurumların hər biri büdcədən həm dotasiya, həm də investisiya xərcləri əldə etməklə, dövlət vəsaitlərinin səmərəsiz və qeyri-şəffaf istifadəsi ilə məşğuldurlar.
 
Bu şirkətlər büdcədən nə alır və nə qədər vergi ödəyir?
 
"Bizim Yol" qəzetinin yazdığına görə, 2015-ci ildə dövlət mülkiyyətində olan iri vergi ödəyicilərinə ayrılan subsidiyaların həcmində 7.5 milyon manatdan çox artım proqnozlaşdırılır. Bu xərclər əsasən büdcə zərfində 3 istiqamətdə özünü göstərir: nəqliyyat, mənzil-kommunal təsərrüfatı və rabitə xərcləri çərçivəsində. 2014-2015-ci illərin büdcə xərclərində adıçəkilən şirkətlərə düşən subsidiyalar aşağıdakı kimi bölünür:
 
"Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tərkibində olduğuna görə büdcədə səhmdar cəmiyyətə yönəldilən subsidiyanın həcmi ayrıca bölmə kimi göstərilmir. 
 
Qeyd edək ki, bu iri vergi ödəyiciləri subsidiya almaqla yanaşı, büdcənin əsaslı xərclərində (investisiya xərclərindən) də böyük paya sahibdirlər. Belə ki,
 
- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2014-cü ildə iki istiqamət üzrə sərmayə alması gözlənilir. Birinci mənbə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılması proqnozlaşdırılan 5 milyon manatdır. İkinci mənbə Dövlət Neft Fondudur ki, buradan "fiber-optika" layihəsi üçün 100 milyon manat yönəldilməli idi. Lakin Fondun üçüncü rübünə dair hesabatından aydın olur ki, layihə üzrə xərclər, hələ ki, ixtisara düşüb. Çünki oktyabrın 1-nə olan məlumata görə, Fond tərəfindən layihənin maliyyələşdirilməsi reallaşmayıb. Ekspertlər vəsaitin ilin dördüncü rübündə ayrıla biləcəyini ehtimal edirlər. 
 
- "Bakı Metropoliten" QSC-yə 224 milyon manat;
 
-  Dövlət Neft Şirkətinə dövlət büdcəsinin investisiya xərclərindən 100 milyon manat ayrılıb. Bundan əlavə, dövlət Neft Fondundan da bu şirkətə böyük həcmdə vəsait yönəldilib. Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsinə 285 milyon manat, "Star" Neft Emalı Zavodunun tikintisinə 224 milyon manat istifadə edilib.
 
- "Azərenerji" ASC-yə 92.3 milyon manat 
 
- "Bakıelektrikşəbəkə" ASC-yə 89.3 milyon manat;
 
- "Azərbaycan Hava Yolları"na 20 milyon manat;
 
-  "Azərsu" Səhmdar Cəmiyyətinə 390.4 milyon manat
Beləliklə, 2014-cü ildə iri vergi ödəyicilərinə icmal büdcədən düşən pay 1,6 milyard manatdan çox olması gözlənilir. Həmin vəsaitin 93 milyon manatını subsidiyalar, 921 milyon manatını dövlət büdcənin investisiya xərcləri, 609 milyon manatını isə Dövlət Neft Fondunun vəsaitləri təşkil edir. 
 
2015-ci il üzrə hələ ki, adıçəkilən qurumlara ayrılan subsidiyaların həcmi bəllidir. Nəqliyyat, kommunal-təsərrüfat və rabitə xərcləri üzrə 100,4 milyon manatın yönəldilməsi proqnozlaşdırılır.  
 
Burada diqqət çəkən məqamlardan biri "Bakı Metropoliteni" QSC-yə ayırmalardır. Tarif Şurası metroda gediş haqlarını qaldırarkən, bunu subsidiyaların azaldılacağı ilə əsaslandırmışdı. Lakin hesablamalara görə, o vaxtla müqayisədə "Bakı Metropoliteni"nin büdcədən aldığı subsidiyanın həcmi 30 faizə qədər artıb.
 
Yuxarıda qeyd etdiyimiz kimi bu müəssisələrin hər biri eyni zamanda büdcənin iri vergi ödəyiciləridir. Son illərin təcrübəsi göstərir ki, sözügedən strukturların dövlət büdcəsinə ödədikləri verginin əhəmiyyətli hissəsini sadaladığımız xərclər çərçivəsində geri alırlar. Yəni büdcədən aldıqları subsidiya həcmində də vergi ödəyirlər. Doğrudur, vergi ödənişi üzrə ən son məlumat 2013-cü ilə aiddir. Amma həmin illə də müqayisə etdikdə, bu müəssisələrin nə qədər "nizamlı" vergi ödəyicisi olduğunu görmək olar. Belə ki, 2013-cü ildə adıçəkilən qurumlar dövlət büdcəsinə 1.7 milyard manat vergi ödəyiblər. Vergi ödənişləri ayrı-ayrı müəssisələr üzrə belədir:
 
- Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 32.5 milyon manat  
 
- "Bakı Metropoliteni" 224 milyon manat;
 
- Dövlət Neft Şirkəti - 1.494 milyard manat 
 
- "Azərenerji" ASC 125.8 milyon manat
 
- "AzAl"  QSC 10.9 milyon manat
 
- "Azərsu" SC 10.8 milyon manat 
 
Digər ödəyicilər - 60 milyon manat vergi ödəyib…

Google+ WhatsApp ok.ru