Azərbaycanda ikinci “Hacı Məmmədov bandası” var?

Rus qocasından dəhşətli faktlar; 20 nəfər kimsəsizi oğurlayıb, evlərini ələ keçiriblər

“Məni oğurlayıb, Rusiyaya aparıblar, orada saxlayıb Bakıdakı evimi ələ keçiriblər. Lakin mən Bakıya qayıda bilmişəm,  onlar məni axtarırlar, həyatım təhlükədədir”.

Bu sözləri “Azadlıq”a Bakı sakini Nina Nikoyal qızı Baskakova deyib.

Nina Baskakovanın sözlərinə görə, o, Dilarə Əliyeva 239, mənzil 75 ünvanında yaşayıb: “75 yaşım var, ərim dünyasını dəyişib. Tək yaşayıram. Özüm Bakıda anadan olmuşam. Atam Nikolay Baskakov Nəsimi Rayon Polis Idarəsinin 22-ci bölməsinin rəisi olub. Yaşadığım ev atamdan mənə miras olaraq qalıb. Lakin indi bu evi başqaları ələ keçirib”.

Gözlənilməz “qonaqlar”

Nina Baskakova danışır ki, bir neçə ay əvvəl tanımadığı iki nəfər yaşadığı mənzilin qapısını döyüb: “Qapını açdım gördüm, bir kişi və bir qadındır. Mən onları heç vaxt görməmişdim, tanımırdım. Soruşdum kimsiniz nə istəyirsiniz. Dedilər ki, bizi Qalina Aleksandrovna göndərib. Qalina Aleksandrovna mənim rəfiqəmdir. Biz bir yerdə böyümüşük. Bundan başqa Qalina Aleksandrovnanın kürəkəni, mərhum akademik, Milli Elmlər Akademiyasının prezidenti olmuş Mahmud Kərimovla ailəvi dostluğumuz olub. Mahmud Kərimov həmişə mənə kömək edib, həmişə mənimlə maraqlanıb. O, dünyasını dəyişməsəydi mən bu günlərə qalmazdım. Nə isə,  özlərini təqdim etməyən bu adamlar mənə dedilər ki, onlar kimsəsiz adamlara kömək edirlər. Mən Qalinaya zəng vurdum. Onunla məsələni dəqiqləşdirdim. Məlum oldu ki, həmin adamları həqiqətən də Qalina göndərib. Ona görə də mən onlara inandım”.

Nina Baskakovanın oğurlanma əməliyyatı

Nina Baskakova deyir ki, sonradan adlarını öyrəndiyi Valya adlı qadın və Elzibar Ramazanov adlı kişi guya onun evinin təmirinə kömək edəcəklərmiş: “Mənim evim qonşum tərəfimdən yararsız hala salınmışdı. Bununla bağlı hətta məhkəmə çəkişməməmiz də olub”. Şikayətçinin sözlərinə görə, Valya və Elzibar Ramazanovun gəlişindən bir müddət sonra o Rusiyaya müalicəyə gedib: “Təxminən bir həftədən sonra qayıtdım. Valya evimə gəlmişdi. Bu dəfə tək idi. Məndən soruşdu ki, bir həftə idi harada idin. Ona dedim ki, ayaqlarımda problem olduğuna görə müalicəyə getmişdim. O, bildirdi ki, istəyirsənsə səni elə yerə aparaq ki, bir həftəyə ayaqlarındakı problem yox olsun, yerimək nədi, lap qaça bilərsən. Mən də razılaşdım”.

Şikayətçi deyir ki, onu Rusiyanın Krasnodar diyarına aparıblar. Onun sözlərinə görə, yola çıxarkən evin sənədlərini də özü ilə götürüb: “Çeçenistan Respublikasında  Elizbar Ramazanov bütün sənədlərimi məndən aldı və biz Krasnodara getdik. Orada həqiqətən də məni müalicə müəssisələrindən birinə yerləşdirdilər. Müalicədən sonra ayaqlarım düzəldi. Amma mən gördüm ki, yaxşılaşmağım Valyanın ürəyini açmadı. O, mənimlə pis rəftar etməyə başladı. Mən də buna görə Bakıya qayıtmaq istədiyimi dedim və sənədlərimi tələb etdim”.

Polis rəisindən şok açıqlama: Sən oğurlanan 20-ci qocasan! 

Nina Baskakovanın sözlərinə görə, onu daha sonra Adıgey Respublikasına aparıblar: “Mənə dedilər ki, sənədlərini orada verəcəyik. Məni bir evdə saxlayırdılar. Orada məni zəhərləmək istədilər. Mənə zəhərli pirojna verdilər. Amma yemədim, gizlətdim, onu özümlə Bakıya da gətirmişəm. Dərman iyi verirdi, ona görə də şübhələndim ki, zəhərlidir. Həm də Valya biləndə ki, pirojnanı yeməmişəm, onu tapmaq üçün bütün evi ələk-vələk elədi. Sonra mənə dedilər ki, gözlə sənədlərini verəcəyik. Amma məni orda atıb getdilər. Mən günlərlə o evdə tək-tənha ac-susuz qaldım”.

Daha sonra Nina Baskakova küçəyə çıxaraq yaxınlıqda yaşayanlardan ona kömək etməsini xahiş edib: “İra adlı bir qadın mənə kömək etdi. Ona başıma gələnləri danışdım. Mənim iki qardaşım var. Biri Rostovda, digəri isə Moskvada yaşayır. İra məni Rostova gətirdi. Qardaşıma başıma gələnləri danışdım. O, məni o biri qardaşımın yanına Moskvaya göndərdi, oradan isə Azərbaycanın Rusiyadakı səfirliyinə getdik. Səfirlikdə baş verənləri danışdıqdan sonra onlar bu barədə Bakıya məlumat göndərdilər. Mənə dedilər ki, narahat olma, sənin Azərbaycan vətəndaşı olduğun təsdiqlənən kimi səni Bakıya göndərdəyəcəyik. Cavab gələnə kimi mən İra ilə Krasnodar diyarının Beloreçensk şəhərinə getdik. Orada polis müraciət elədik. Polis rəisi Aleksandr Yuriyeviç bizi qəbul elədi. Məlum oldu ki, mən bu adamların aldatdığı 20-ci adamam. Aleksandr Yuriyeviç bizə dedi ki, Elizbar Ramazanov Rusiyada axtarışdadır. Hətta onun axtarış siyahasındakı şəklini də bizə göstərdi. O da məlum oldu ki, Elizbar Ramazanov Gürcüstan vətəndaşıdır. Dəfələrlə Gürcüstan hüquq-mühafizə orqanlarına müraciət edilsə də, onu Rusiyaya təslim etmirlər”.

Nina Baskakova gizlənmək məcburiyyətində qalıb

Nina Baskakova deyir ki, sənədləri düzələndən sonra Bakıya qayıdıb: “Evimə getdim, gördüm ki, qapını bağlayıblar. Qonşular mənə dedilər ki, bəs axı deyirdilər sən ölmüsən, bu vaxta qədər harda olmusan? Başıma gələnləri onlara danışdım. Sonra Bakıda bir tələbəmi tapdım”.

Nina Baskakovanın tələbəsi (adının çəkilməməsini xahiş etdi - V.M) onun evinə gətirib. Baş verənləri öyrəndikdən sonra polisə müraciət etməyi qərara alıb. Nina Baskakovanı da götürərək 20-ci polis bölməsinə gedib. Bölmədə onları Orxan adlı təhqiqatçı dinləyib. Maraqlıdır ki, onlar bölmədən çıxandan sonra naməlum şəxslər Nina Baskakovanın tələbəsinə zəng vuraraq onu hədələməyə başlayıblar: “Tələbəmə deyirlər ki, o qadını gətir bizə təhvil ver. Sənin nə marağın var ki, onu evində saxlayırsan? Ona hədə-qorxu gəlirlər”.

Nina Baskakova deyir ki, bir neçə dəfə Elizbar Ramazanovun özü tələbəsinə zəng vurub: “Tələbəm mənə vəkil tutmaq istədi. Ona dedilər ki, bu məsələ ilə yalnız Aslan İsmayılov məşğul ola bilər. Yalnız Aslan İsmayılov sizə kömək edə bilər. Tələbəmə dedim ki, məni Aslan müəllimin yanına apar”.

Nina Baskakova və tələbəsi Aslan İsmayılovun ofisinə gedərək  baş verənləri tanınmış vəkilə danışıblar. Aslan Ismayılov əvvəlcə onların danışdıqlarına inanmayıb. Tanınmış vəkil belə bir hadisənin baş verdiyini təsəvvür edə bilməyib. Lakin apardığı araşdırmalar nəticəsində ahıl qadının həqiqətən film kimi bir olay yaşadığının şahidi olub. Həmçinin o da bəlli olub ki, Aslan Ismayılov Nina Baskakovaya kömək etməklə özünü də təhlükəyə atıb.  

Təhqiqatçı ilə danışıqdan sonra təhdid

Təfərrüatları tanınmış vəkilin öz dilindən eşidək: “Nina Baskakova və tələbəsi yanıma gəlib baş verənləri danışanda, dedim, bu nağıla oxşayır. Necə yəni, Azərbaycandan 20 nəfər oğurlanıb, evləri ələ keçirilib? Mən qəti buna inana bilmirdim. Lakin Nina Baskakova polis rəisi Aleksandr Yuriyeviçin mobil nömrəsini mənə verdi. Dərhal həmin şəxslə əlaqə saxladım. O baş verənləri bütün detalları ilə mənə danışdı. Dedi ki, bu birinci hal deyil, belə hadisələr çox olub. Azərbaycandan evi olan kimsəsiz adamları aldadıb gətirib burda atırlar. Onun sözlərinə görə, bu əməli törədənlər hazırda axtarışdadır”.

Bundan sonra Aslan İsmayılov Orxan adlı təhqiqatçıya zəng vuraraq məsələ ilə maraqlanıb: “Mən ondan soruşanda bu məsələ ilə siz məşğulsunuz, o tutuldu. Dedi yox mən məşğul deyiləm. Dedim axı bu adamlar mənim yanıma gəlib deyirlər ki, siz onları qəbul edib dinləmisiz. Dedi hə, onlar danışıb getdilər. Mən başa düşdüm ki, bu şəxs nəyisə gizlədir. Orxanla danışığımın üzərindən 5 dəqiqə keçməmiş, həmin şəxslər Nina Baskakovanın tələbəsinə zəng vurdular. Qız qorxurdu, mən dedim, götür de ki, qadını Aslan İsmayılova təhvil vermişəm və mənim nömrəmi onlara ver. Qız telefonu açanda həmin Elizbar adlı şəxs özü dedi ki, niyə qadını Aslan İsmayılovun yanına aparmısan, o müxalifətçidir, sizin burada nə marağınız var və s. Bundan sonra mənə zənglər gəlməyə başladı. Eyni şeyləri mənə deyirdilər və məni hədələyirdilər. Ona görə də mən Nina Baskakova və tələbəsini Nəsimi rayonunun prokurorunun qəbuluna apardım. İnsafən prokuror Salman Məmmədli Nəsimi Rayon Polis Idarəsinin Babək adlı müstəntiqinə göstəriş verdi ki, bu işi araşdırsın”.

Vəkilin sözlərinə görə, polis idarəsində Nina Baskakovanın izahatı alınandan sonra yenidən ona zənglər gəlməyə başlayıb. 

Nina Baskakova milliyyətcə rusdur. O, məsələ ilə bağlı Rusiya səfirliyinə müraciət etmək istəyib. Lakin Aslan İsmayılov buna mane olub.

Vəkil deyir: “Bu məsələ ilə bağlı Rusiya səfirliyinə müraciət edilərsə, ciddi diplomatik qalmaqal yarana bilər. Azərbaycanın indiki mürəkkəb geosiyasi durumunda bu məsələyə Rusiya səfirliyinin qarışmasının hansı fəsadlara səbəb olacağını təsəvvür etmək çətin deyil. Ona görə də mən ciddi-cəhdlə çalışıram ki, məsələ Azərbaycanın daxilində həll olunsun. Bütün hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Özü də rəhbərlik səviyyəsində. Lakin nəticə yoxdur. Əksinə bizim müraciətlərdən sonra özümüz təhdid altındayıq”.     

Yazıda adı hallanan şəxslərin mövqeyini öyrənmək mümkün olmayıb. Bununla belə onları da dinləməyə hazır olduğumuzu bildiririk.  

Google+ WhatsApp ok.ru