Rusiya bir sıra Türkiyə məhsullarına məhdudiyyət qoya bilər

Rusiya bir sıra Türkiyə məhsullarına məhdudiyyət qoya bilər

Moskva Ankaraya cavab olaraq bir sıra Türkiyə məhsullarına məhdudiyyət qoya bilər.
 
İnterfax agentliyinin aprelin 3-də yaydığı məlumata görə, bunu bazar ertəsi baş nazir müavini Arkadi Dvorkoviç bəyan edib.
 
“Ola bilsin, istisna deyil. Amma ümid edirəm ki, sağlam fikir üstün olacaq”, Dvarkoviç Rusiyanın buna qarşı cavab tədbirləri görməsinin mümkünlüyü ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib.
 
Məlumata görə Türkiyə martın 15-dən Rusiyanı ölkəyə rüsumsuz taxıl ixrac edən ölkələr siyahısından çıxarıb.
 
Beləliklə rusiyalı ixracçılar indi Türkiyə bazarına taxıl çıxarmaq üçün 130% rüsum ödəməlidir.
 
Həmçinin Rusiyadan gətirilən qarğıdalıya 130%, düyüyə 45%, günəbaxan tumuna 13%, lobyaya isə 9,7 % rüsum tətbiq edilib.
 
Qeyd edək ki, Rusiya 2015-cı ilin noyabrında Suriya sərhədi yaxınlığında hərbi təyyarəsinin vurulmasına görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi.
 
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bir qədər sonra həmin insidentə görə üzr istədikdən sonra Moskva sanksiyaların əksəriyyətini aradan qaldırsa da, bu ölkədən tomat, xiyar, alma və armud, həmçinin toyuq və hinduşka məhsullarının idxalı hələ də sanksiya altındadır. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru