Rusiyanın nüfuzlu müxalifət liderinin öldürüldüyü tapança tapıldı

Rusiyada müxalifətyönümlü siyasətçi kimi tanınan 55 yaşlı Boris Nemtsovun qətli zamanı istifadə olunduğu ehtimal edilən tapança tapılıb.
 
Bu barədə Rusiya mətbuatı yazıb.
 
Bildirilir ki, tapança “Şimal” xüsusi batalyonun sabiq döyüşçüsü Zaur Dadayevin anasının evində axtarış aparılan zaman üzə çıxıb. Tapança ballistik ekspertizaya göndərilib. Ekspertiza zamanı “Makarov” tapançasının 5 ədəd 9x18 kalibrli gülləsi yoxlanılacaq. Nemtsovun eyni tip silahdan qətlə yetirildiyi güman olunur.
 
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də Kreml yaxınlığındakı körpüdə odlu silahdan qətlə yetirilib. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib. Nemtsov başından, ürəyindən, mədəsindən və qara ciyərindən güllə yarası alıb. Rus siyasətçi daxili qanaxmadan keçinib.
 
Hadisə baş verən vaxt Nemtsovun birlikdə olduğu 23 yaşlı ukraynalı model Anna Duritskaya onun yanında olub. Bu qətl ilə bağlı iki şübhəli - Anzor Qubaşevi və Zaur Dadayev saxlanılıb.

Google+ WhatsApp ok.ru