Saatlıdan müəllimə: `Xəstəxanada olduğum halda əmrimi verib işdən çıxarıblar`

Saatlıdan müəllimə: `Xəstəxanada olduğum halda əmrimi verib işdən çıxarıblar`

"Məktəbi elə günə qoyublar ki, adamlar uşaqlarını çıxarıb başqa məktəblərə aparır".
 
Bunu AzadlıqRadiosu-na Saatlı rayonu, Novruzlu kənd sakini, həmin kənddəki orta məktəbdə müəllimə işləmiş Şərqiyyə Ağayeva deyir. Onun sözlərinə görə, məktəbin rəhbərliyinə və kollektivinə gətirilən yeni kadrlar köhnə kadrları sıxışdırıb məktəbdən uzaqlaşdırır.
 
“7 DİREKTOR GÖRMÜŞƏM”
Şərqiyyə Ağayeva 17 il bu məktəbdə işləyib. Deməsinə görə, işlədiyi müddətdə heç bir töhməti olmayıb. Ancaq ötən il müəllim və rəhbərlik heyətindəki dəyişiklikdən sonra qərəzli münasibətlə üzləşib:
"Mən 7 direktor görmüşəm, heç birindən özümə qarşı qərəz, zərər hiss etməmişəm. Ötən il məktəbə Sabirabaddan Rəvanə Muradova adlı yeni direktor gətirildi. Kənardan gələn müəllimlər saxta protokollar tərtib edib köhnə müəllimləri sıxışdırıb ortadan çıxarmaqla məşğuldular. Bu il mayın 30-da komaya düşmüşəm, məni xəstəxanaya yerləşdiriblər. Xəstəxanada olduğum halda əmrimi verib işdən çıxarıblar".
 
Şərqiyyə xanım iddia edir ki, onu qanunsuz işdən çıxarıblar, səbəbsə məktəbdə baş verən özbaşınalıqlara qarşı susqun davranmaması olub:
"Cədvəl üzrə dərslər keçilmir. Uşaqlar sıxışdırılır, uşaqların qiymətini qəsdən kəsirlər, həvəsdən salırlar. Halbuki, şagirdi elmə, təhsilə həvəsləndirməlisən, bunlarsa uşaqları tamamilə həvəsdən salırlar, hətta döyürlər. Uşaqlar məktəbə yaxın gəlmək istəmirlər. Bu üzdən də valideynlər uşaqlarını məktəbdən çıxarıb qonşu kəndlərdəki məktəblərə aparırlar. Bu da valideynlərə artıq əziyyətdir. Mən bütün bunlara etirazımı bildirir, Təhsil Nazirliyinə şikayət edəcəyimi deyirdim. Nəticədə özümdən xəbərsiz, xəstəxanada olduğum vaxt iclas keçirib, qərar qəbul edib məni işdən çıxarıblar".
 
“ƏZİYYƏTİMİZ ÜSTÜNDƏN XƏTT ÇƏKİLİB”
Şərqiyyə xanım Təhsil Nazirliyinə, rayon prokurorluğuna və Baş Prokurorluğa şikayət edib. Lakin deməsinə görə, həmin qurumlar da məktəb rəhbərliyini dəstəkləyir:
"Bu adam mənim Əmək kitabçama 70-ci maddəsini yapışdırmaqla 17 illik əziyyətimin, fəaliyyətimin üstündən xətt çəkib. Mən də tələb edirəm ki, o maddəni hansı səbəbdən, nə əsasla əmək kitabçama yapışdırıb, cavab versin. Hüquq-mühafizə orqanları mənim ərizələrimi araşdırmaqdansa, qarşı tərəfə himayədarlıq edir. Mən şikayət etmişəm ki, bu adam müvəqqəti müqavilə ilə işə götürülmüş müəllimlərin dərs saatlarının sayını şişirtməklə dövlətin pullarını mənimsəyir, prokurorluqsa bunu heç araşdırmaq da istəmir".
 
“KOBUD DAVRANIŞINA GÖRƏ ÇIXARILIB”
Saatlı rayon təhsil şöbəsindən "Qaynar xətt"ə bildirilib ki, Şərqiyyə Ağayeva daxili intizam qaydalarını pozduğuna, müəllim və şagird heyəti ilə kobud davranışına görə işdən çıxarılıb. Əmrdən narazı qalıbsa, məhkəməyə müraciət edə bilər.
 
Lakin hüquqşünas Vaqif Alıyev deyir, keçmiş müəllimə məhkəməyə müraciət müddətini ötürüb: "Əmri əldə edəndən 10 gün ərzində işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək mümkün idi. Lakin xanım müddəti çox ötürüb. Əgər həmin müddətdə müalicə altında olubsa, bu halda müvafiq arayışlar əlavə etməklə müddətin bərpasına nail ola və işə bərpayla bağlı məhkəməyə müraciət edə bilər".
 
Saatlı rayon prokurorluğundan bildirilib ki, Şərqiyyə Ağayevanın quruma daxil olmuş ərizəsi araşdırılıb. Məktəbdə yeyinti faktlarının baş verməsi iddia olunan ərizə araşdırılıb, müəllimlər və məktəb rəhbərliyi dindirilib, qeyd olunanlar dərindən araşdırılıb və təsdiqini tapmayıb. Prokurorluq ərizəçiyə bu barədə qərar da göndərib. /

Google+ WhatsApp ok.ru