İslam ölkələrindən Qarabağ dəstəyi

İslam ölkələrindən Qarabağ dəstəyi

“Ermənistanın işğal etdiyi Azərbaycanın ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələr, maddi-mədəniyyət nümunələri İslam irsinin ayrılmaz tərkib hissəsidir. Bu irsi Ermənistanın dağıtması silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır”.
 
İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 18-i və 19-u Daşkənddə keçirilən 43-cü sessiyasında qəbul edilən sənəddə belə deyilir. Sənəd “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adlanır.
 
Bu haqda Xarici İşlər Nazirliyi xəbər verir.
 
Xəbərdə bildirilir ki, Şura adıçəkilən sənəddən əlavə Ermənistan təcavüzü ilə bağlı qətnamə də qəbul edib.
 
Həmin qətnamədə qeyd edilir ki, Ermənistan təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizi işğal edilib. Azərbaycan ərazilərinin fiziki, demoqrafıq, iqtisadi, sosial, mədəni xarakteri, institusional strukturu və statusu Ermənistan tərəfindən dəyişdirilib.
 
Sənəddə işğal olunmuş ərazilərdə ictimai və şəxsi mülkiyyətin məhv, talan edildiyi və mənimsənildiyi, təbii sərvətlərin qeyri-qanuni istismar olunduğu ifadə edilib.
 
Sənəddə tələb olunur ki, Ermənistan silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının (TŞ) müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır.
 
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
 
1993-cü ildə BMT TŞ-sı işğal edilən Azərbaycan rayonlarının qeyd və şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməyib.
 
İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.
 
Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru