İsrail fələstinli siyasi məhbuslara hücum edib, xeyli yaralı var

İsrail fələstinli siyasi məhbuslara hücum edib, xeyli yaralı var

Dünən Nəqəb Səhra həbsxanasında baş vermiş qarşıdurmadan sonra işğalçı İsrail rejim qüvvələri burada saxlanılan fələstinli siyasi məhbuslara hücum edərək xeyli insana xəsarət yetiriblər. Gecə boyunca yüzlərlə məhbus qolları bağlı şəkildə soyuq havada saxlanılıblar.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, qarşıdurma İsrail ordusunun onlarla xüsusi təyinatlı hərbçisinin məhbusların saxlanma kameralarına qəfil basqın edərək zorakılıq törətməsi və axtarışlar aparmasından sonra baş verib.
 
İsrail mediasının yazdığına görə, zorakılıqla müşayiət olunan axtarış sonrada qarşıdurmaya çevrilib, xeyli məhbus yaralanıb, daha sonra məhbuslardan bir neçəsi işğalçı ordunun iki əsgərinə bıçaqla xəsarət yetirib.
 
Bundan sonra daha da şiddətlənən gərginlik əsnasında həbsxanaya yeridilən əlavə qüvvələr məhbuslara gözyaşardıcı qaz qumbaraları ilə hücum edib, bu zaman yenə xeyli məhbus xəsarət alıb.
 
İsrail mediası yazıb ki, iğtişaş həbsxana rəhbərliyi HƏMAS üzvü, yaxud tərəfdarı olan bir qrup məhbusu ayrı korpusa köçürməyə çalışarkən baş verib. Bu zaman əsgərlər xəsarət alıblar.
 
Lakin Məhbusların Media Mərkəzi bildirib ki, işğalçı ordu həbsxananı əsl döyüş meydanına çevirib. Məlumata görə, gecə boyunca 6 və 7 saylı təcridxanların 240-a yaxın məhbusu qolları bağlı şəkildə açıq havada soyuq şəraitdə saxlanılıblar.
 
Bildirilib ki, ötən aydan bəri Nəqəb səhra həbsxanasında İsrail rejiminin zorakılıqları artmağa başlayıb, məhbusların hüquqları pozulub.
 
İşğalçı rejim burada televiziya və radio siqnallarını neytrallaşdıran qurğular yerləşdirib. Bu cihazların işə düşməsindən sonra məhbuslarda baş ağrısı, halsızlıq, ürəkbulanma, depressiya və huşunu itirmə halları kəskin artıb.
 
Hüquq müdafiəçiləri həmin cihazların güclü radiasıya yaydığı və məhbusların da bu səbəbdən səhhətlərinin pozulduğunu bildirir. Bir sıra fəallar isə bu cihazların fələstinli siyasi məhbusları xərçəng xəstəliyinə yoluxdurmaq məqsədilə quraşdırıldığını bildirir.
 

Google+ WhatsApp ok.ru