Təhsil İdarəsi: Yaşı 8-dən yuxarı olan 20 uşağın məktəbə qəbulu üçün müraciət edilib

Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 20844 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, 18986 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 15852 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3134 nəfəri isə lisey və gimnaziyaları seçib.
 
Bu günə olan rəsmi məlumata əsasən, 10545 nəfər oğlan, 9400 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilib. Onlardan 1057 nəfəri 6 yaşı tamam olmayanlardır. I sinfə qəbul üçün sorğu yerləşdirilmiş uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da mövcuddur. Belə ki, 20 nəfər 8 yaşdan yuxarı uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib.
 
I sinfə elektron qeydiyyat başlayan tarixdən etibarən qeydiyyatdan keçmə prosesi və texniki məsələlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və bu məsələ ilə bağlı yaradılmış komissiyalara müraciətlər olub.
Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart tarixdən başlanılıb.

Google+ WhatsApp ok.ru