Türkiyədə 10-cu `Evrensel Erbain Merasimi` ilə Ərbəin mərasimləri başa çatıb - FOTO- REPORTAJ

Türkiyədə Ərbəin mərasimləri 10-cu "Evrensel Erbain Merasimi" ilə yekunlaşıb. Hər il "Ehlibeyt (as) Alimleri Derneği" (Ehlader) və "Anadolu Ehlibeyt (as) Gençlik Derneği"nin birgə təşkil etdiyi Ümumdünya Ərbəin mərasimi bu dəfə İstanbulun Yenibosna rayonundakı "Muhsin Yazıcıoğlu Spor Kompleksi"ndə baş tutub.
 
Maide.az xəbər ki, Türkiyənin "ON4 Tv" televiziya kanalı ilə canlı yayımlanan mərasim müqəddəs kitabımız Qurani-Kərimin tilavəti ilə başlayıb. Sonra Ehlader başqanı, ilahiyyatçı Hasan Kanaatlı mərasimə qatılan əcnəbi və yerli qonaqları salamlama nitqilə çıxış etdi. Daha sonra AK Parti İqdır millət vəkili Nurettin Aras, İmam Rza (ə) Dərgahı Dədəsi Zeynel Demir, ssenarist-yazar Ahmet Turgut və Ümumdünya Əhli-beyt (ə) Qurultayının sədri Ayətullah Məhəmməd Həsən Əxtəri Kərbəla müsibəti və Ərbəin Günü ilə bağlı düşüncələri ehtiva edən çıxışlar ediblər. 
   
AK Parti İqdır millət vəkili Nurettin Aras çıxışında qeyd edub ki, yayılması istənilən təkfirçi fikirlərə qarşı Kərbəla və İmam Hüseynin (ə) qiyamını çox dərindən anlamalıyıq. "Həzrət Əlinin (ə) yolu Allahın buyurduğu yoldur. Həzrət Hüseyn (ə) ədaləti bərpa etmək üçün qiyam etdi", - AK Parti millət vəkili deyib. 
 
Növbəti çıxışçı, İmam Rza Dərgahı Dədəsi Zeynal Demir İmam Hüseynin (ə) etdiyi fədakarlıqlara toxunaraq, Kərbalanı çox ciddi şəkildə öyrənilməli olduğunu ifadə edib. 
 
Daha sonra səhnəyə yazar-ssenarist Ahmet Turgut dəvət olunub. Çıxışında "Biz Ərbəini daha çox şəhidlərin və şahidlərin görüşü kimi bilirik. İnşaallah, bu qardaşların görüşü bütün inanc qardaşlarının görüşünə vəsilə olar" ifadələrinə yer verən yazar davamında deyib: "Bizlər, inşaallah, İmam Hüseyn (ə) və Seyyidə Zeynəbin (sə) varisləri olarıq. İmam Hüseyn (ə) qiyamı ilə Məhəmmədi (s) İslam yenidən həyat qazandı, eynilə Həsəni (ə) sülh kimi. Xanım Zeynəb (ə) İmam Həsən (ə) və İmam Hüseynə (ə) ana qoxusunu əvəz etdirirdi. Bu yönü ilə də o, salehədir".
 
Kərbəlaya aid 3 kitabın müəllifi Əhməd Turgut çıxışından sonra Əhli-beyt (ə) qarşısındakı xidmətlərinə görə təltif edildi. 
 
Davamında söz mərasimin qonağı, Ümumdünya Əhli-beyt (ə) Qurultayının sədri Ayətullah Məhəmməd Həsən Əxtəri cənablarına verilib: "Peyğəmbər (s) sonra onun məsum övladlarını ziyarət etmək ümmət arasındakı münasibətləri, əlaqələri daha da möhkəmləndirir. Biz də Mədinədə Peyğəmbəri (s) ziyarət ediriksə, Kərbəlada İmamı (ə) ziyarət etmək onlarla əlaqəmizi gücləndirmək üçündür. Sizlər də gördünüz ki, bu il 26 milyon insan Kərbəlada İmam Hüseyni (ə) ziyarət etdi. Bu ziyarətlər həm də Peyğəmbər (s) və nəvəsi İmam Hüseyn (ə) yolunu yaşatmaq üçün bu dəyərləri yaşatmağa yenidən söz verməkdir".
 
Çıxışının davamında dünyadakı terror fəaliyyətlərini, belə fəaliyyətləri dəstəkləyən və bəsləyənləri məhkum edən cənab M.H.Əxtəri terrorçulara xitabən bildirib: "Sizmisiniz bu dinin sahibi ki, kimin kafir olduğunu, kimin kafir olmadığını müəyyən edəsiniz. Müsəlmanları təkfir edən belə qurumların arxasında imperialist qüvvələr durur. Daha dünənə qədər bunlar öz ölkələrində belə "mən müsəlmanam" belə deyə bilmirdilər. Misirdə və digər ölkələrdə bunlar heç bir vəzifə belə tuta bilmir, parlamentə belə girə bilmirdilər. 1979-cu ildən sonra bu ölkələr və həmin şəxslər də izzət qazandılar. Buna görə də İsrail rejimi və müttəfiqləri müsəlmanları bir-birinə qarşı qoymaq istəyirlər. Fələstindəki müqavimət qrupları və müttəfiqləri isə fəaliyyətləri ilə bunun qarşına çıxdılar. Bu Dirəniş həlqəsini dağıtmaq üçün də məhz İŞİD kimi terrorçu qruplardan istifadə etməyə başladılar. Bu necə bir işdir ki, belə terrorçuları dünyanın bir çox ölkələri müdafiə edir, hətta aralarında müsəlman ölkələri də vardır. Lakin Fələstin yardımsız, köməksiz qalıb. Hardadır müsəlman və ərəb ölkələri?!"
 
Mərasimin davamında "On4 Tv"də yayınlanan "Mah-ı Matem" verilişinin müəllifi və heyəti EHLADER tərəfindən mükafatla təltif edildi. Mükafatı qəbul edən verilişin müəllifi və aparıcısı Yaşar Topkaya etdiyi təşəkkür çıxışında mükafatı gecəsini gündüzünə qataraq qırx gündür ona yardımçı olan On4 TV əməkdaşları adına aldığını bildirib.
 
Mərasim ustad məddah Hacı Məhəmməd Baqir Təməddüni və Əhli-beyt (ə) zakiri Hacı Keyvan İftixarinin rövzə, mərsiyə və nöhələri ilə davam edib, edilən əzadarlıqlarla Ərbəin mərasimi başa çatıb.
 
1000-dən artıq Əhli-beyt (ə) aşiqinin qatıldığı mərasim yerli televiziya kanallarının diqqətindən kənarda qalmayıb. Mərasimi bir neçə yerli televiziya kanalı canlı olaraq yayımlayıb.
 
Mərasimin baş koordinator, Ehlader baş katibi Kadir Akaras tədbirlə bağlı fikirlərini bölüşərkən deyib: "Səfər ayının son 10 günü İslam dünyası üçün böyük əhəmiyyət daşıyır. Həzrət Peyğəmbərin (s) vəfatı, Həzrəti İmam Rza (ə) və İmam Həsənin (ə) şəhadəti, həmçinin İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününün (Ərbain) ildönümləri Səfər ayının son 10 günü yaşanıb. Bu acı olayların üzərindən yüzlərlə il keçməsinə rəğmən Əhli-beyt (ə) sevdalılarının ürəyində dərin izlər buraxmışdır. Biz də düzənlədiyimiz mərasimlə İslam dünyası üçün bu acı olayları təkrar-təkrar yaşamağa və yaşatmağa çalışırıq." /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru