Vertolyot olayı düşməni görünməmiş panikaya saldı – fakt, təfərrüat, rəylər

Bakıdan İrəvana döyüş xəbərdarlığı; İrəvan “Ermənistan helikopterinin Ağdamda nə işi vardı” sualı qarşısında aciz duruma düşdü; torpaqlarımızda qanunsuz məskunlaşan ermənilər təlaş içində; Sərkisyan təcili işğal zonasına gəldi; Qarabağ üzərindəki uçuşlar tam dayandı, prezident İlham Əliyevdən düşmən ölkəyə və beynəlxalq aləmə mesajlar

 

Prezident İlham Əliyevdən düşmən ölkəyə və beynəlxalq aləmə mesaj: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir, bu münaqişənin başqa həll yolu yoxdur...”

 
Azərbaycan ordusunun işğal altındakı ərazilərimizdə hərbi təlim keçən Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mi-24" tipli vertolyotunu 3 pilotu ilə birgə məhv etməsi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın aparıcı media orqanları Qarabağ cəbhəsində baş verən hadisədən bəhs etməkdədir.
 
Qeyd edək ki, rəsmi Bakı məsələyə ikili standartlarla yanaşılmasına dərhal reaksiya verərək etirazını bildirib.
 
Belə ki, Avropa İttifaqının xarici siyasət fəaliyyəti xidməti münaqişə zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb. APA-nın xəbərinə görə, xidmətin açıqlamasında bildirilir ki, tərəflərin vəziyyəti gərginləşdirəcək istənilən hərəkətlərdən və bəyanatlardan çəkinməsi zəruridir: “Biz baş vermiş insidentin araşdırılmasına çağırırıq”. Minsk Qrupuna və 3 həmsədrin səylərinə tam dəstəyini ifadə edən Brüssel hər iki tərəfin atəşkəs rejiminə ciddi riayət etməli, güc tətbiqi və güc tətbiq etməklə hədələməkdən çəkinməli və münaqişənin dinc yolla həllinə dair cəhdləri bərpa etməli olduğunu bəyan edib. Minsk Qrupunun həmsədrləri də insidentlə bağlı narahatlığını bildiriblər. Həmsədrlər münaqişə tərəflərini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gətirib çıxara bilən addımlardan qaçmağa çağırıblar.
 
 
Ancaq təəssüf doğuran budur ki, nə həmsədrlər, nə beynəlxalq təşkilatlar helikopterin Azərbaycanın işğal altındakı ərazilərdə məhv edildiyinə toxunmurlar, bu faktın üstündən keçərək guya “narahat” olduqlarını bildirirlər. Halbuki, Azərbaycan tərəfi işğal olunmuş ərazilər üzərində hava məkanını 1993-cü ildən mülki uçuşlar da daxil olmaqla, bağlı elan edib və beynəlxalq təşkilatları bu barədə məlumatlandırıb. Lakin bu dəfə söhbət düşmənin döyüş vertolyotundan gedir. 
 
"Yeni Müsavat" yazır ki, Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağdakı separatçı rejimlə birgə işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimləri hazırda da davam etdirir. Təlimlərə 17 mindən artıq hərbi qulluqçu, 550 artilleriya qurğusu, 250 zirehli hərbi maşın, 150 hava hücumundan müdafiə sistemi, tank əleyhinə 330 texnika, 100-ü xüsusi təyinatlı olmaqla 1300 avtomobil cəlb edilib. Ancaq beynəlxalq birlik nədənsə “narahatlığını” işğalçı Ermənistanın cinayətkar rejimlə birgə Azərbaycanın sərhədləri daxilində hərbi təlimlər keçirməsi ilə bağlı bildirməyə lüzum görməmişdi.
 
 
Bu arada helikopterin ekipajının komandiri mayor Sergey Saakyan barədə maraqlı faktlar üzə çıxıb. 1976-cı il avqustun 9-da İrəvan şəhərində anadan olan Saakyan 1983-1993-cü illərdə İrəvanın Andrey Saxarov adına 69 nömrəli orta məktəbində təhsil alıb, Armenak Xanferyanç adına Aviasiya İnstitutunda 3 il pilot təhsili alıb (modern.az). 1996-cı ildən Ermənistan ordusunun hərbi qulluqçusu olub. Məlumatdan aydın olur ki, Ermənistan tərəfinin “Dağlıq Qarabağa” məxsus olduğunu iddia etdiyi hərbi vertolyot əslində Ermənistan Silahlı Qüvvələrinə məxsus olub və heyətin komandiri Ermənistan ordusunun hərbi qulluqçusudur. 
 
****
Müşahidəçilər hesab edir ki, Azərbaycan tərəf ermənilərə helikopter zərbəsi vurmaqla həm onun işğal zonasından ölkəmizi açıq təhdid etməsinə, həm də Xankəndində qeyri-qanuni “məhkəmə” önünə çıxarılan azərbaycanlı iki girovla bağlı qondarma prosesə layiqli cavab verib. Üstəlik, Bakı istənilən vaxt işğalçının cavabını verməyə hazır olduğunu ortaya qoyub.
Məsələyə münasibət bildirən Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “belə bir vaxtda Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində 40 minlik qoşunla təlim keçirmək nəyə lazım idi?! Özü də qoşunların təmas xəttindən keçərək Azərbaycan tərəfdə təxribat törətməkdə məqsəd nə idi?!”, -deyə sual edib.
 
 
Öz növbəsində Azərbaycan XİN yaydığı bəyanatda “Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır” bildirib. 
 
Azərbaycan prezidenti İlham Əliyevin İran prezidenti Həsən Ruhani ilə helikopterin vurulduğu gün mətbuata verdiyi birgə bəyanatında deyilir: “Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törədiblər. Münaqişənin ərazi bütövlüyü çərçivəsində həll edilməsi əlbəttə ki, bölgəyə sülh gətirəcək. Bu münaqişənin başqa həll yolu yoxdur. Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir”. Ali Baş Komandan bu bəyanatı ilə həm də erməni helikopterini vuran əsgərinə dəstəyini nümayiş etdirməklə bərabər beynəlxalq aləmə mesaj vermiş olub. 
 
****
Azərbaycan hərbçilərinin Ermənistana məxsus hərbi vertolyotu məhv etməsi düşmən ölkədə kifayət qədər narahatlıq yaradıb. Son günlər erməni hərbçilərinin ölümünə etirazların yenidən baş qaldırdığı düşmən ölkənin rəhbərliyi bu dəfə çətin durumla üz-üzə qalıb. Belə ki, rəsmi Bakının konkret şəkildə “Ermənistana məxsus hərbi helikopterin Azərbaycan hava məkanından nə işi var idi ki, o da vurulsun” sualına işğalçı ölkənin rəsmilərinin cavabı yoxdur. BayMedia-nin məlumatına görə, hərbi helikopterin vurulması ilə bərabər, Füzuli rayonu ərazisində, təmas xəttində düşmənin hərbi maşını da sıradan çıxarılıb. Belə ki, Ermənistan SQ-ə məxsus “Zil-131" markalı hərbi maşın ”İstiqlal" snayperi ilə vurulub. Düşmənin bir əsgəri məhv edilib. Xəbəri ATV-nin Qarabağ bürosuna yerli sakinlər də təsdiqləyib. 
 
Bəzi mənbələrə görə, bu hadisələrdən sonra müharibənin alovlanması ilə bağlı təhlükənin real olduğunu anlayan, Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilər bölgəni tərk etməyə başlayıb. 
 
Ermənistan prezidenti Serj Sarkisyan isə noyabrın 13-də gizli şəkildə Dağlıq Qarabağa gəlib. Bu barədə Ermənistanın “Haykakan jamanak” qəzeti Erməistanın hakim Respublika Partiyasındakı mənbə bildirib. Qəzetin yazdığına görə, səfər geniş ictimaiyyətdən gizli saxlanır.
 
 
Qəzetin yazdığına görə, Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə gəlişi Ağdamda Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlıdır. Hadisə ilə bağlı Dağlıq Qarabağda çaxnaşma yaranıb və erməni əhali regionu tərk eləmək istəyir. Qarabağda doğulmuş Serj Sarkisyan yəqin ki, öz həmyerlilərinə ürək-dirək verməyə gəlib (anspress)
 
Ermənistan müdafiə nazirinin birinci müavini David Tonayan isə “Mi-24" tipli helikopterin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi ilə bağlı verilən sual qarşısında çıxılmaz vəziyyətdə qalıb. Qafqazinfo Ermənistan KİV-nə istinadən xəbər verir ki, jurnalistlərin sualına cavab olaraq ”insidentlə bağlı lazımsız spekulyasiya lazım deyil" deyərək hökumət binasını tərk edib. Nazir müavini növbəti suallara cavab verməkdən imtina edərək danışmayacağını bildirib.
 
Fakt budur ki, helikopter zərbəsindən sonra Ermənistanın “10 günlük irimiqyaslı hərbi təlimlər” keçirməsi də Xankəndində iki azərbaycanlı girova qurduğu “məhkəmə” şousu kimi iflasa uğradı. İndi düşmən Azərbaycanı cavabla təhdid edir. Ancaq ekspertlərə görə, artıq ox yaydan çıxıb və düşmənin sərsəm hərəkəti hər an onun məhvinə yönələn irimiqyaslı əməliyyatların başlamasına təkan verə bilər. 
 
 
****
Bu arada separatçı “Dağlıq Qarabağ Respublikası”nın müdafiə naziri Movses Akopyan ordumuzun məhv etdiyi hərbi vertolyotun qalıqlarını və ölən 3 pilotun cəsədini ərazidən götürmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə vasitəçi olması üçün müraciət edib.  
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) də helikopter olayına münasibət bildirib. Qurumun baş katibliyi “Bu təhlükəli hadisə regionda vəziyyətin sonrakı gərginləşməsinə təhrikdir və bizim narahatlığımızı gücləndirir”, - deyə bildirib.  KTMT-nın baş katibi Nikolay Borduya bildirib ki, vəziyyətin təhlükəli xarakter almamasına ehtiyac duyulduğuna əmindir.  
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc isə deyib ki, Azərbaycan tərəfi helikopteri vurmaqla düzgün addım atıb: “Hərbi qaydalara görə erməninin helikopteri məlum zolağı keçməsi yetərlidir ki, o, hansısa əməliyyata əl atmasa belə, Azərbaycanın Hərbi Hava Hücumundan müdafiə qüvvələri onu zərərsizləşdirsinlər. Bu, hava məkanını pozan dinc xarakterli təyyarələrə də aiddir”. 
 
İşğal edilmiş torpaqlarında erməni helikopterinin vurulması ABŞ-dakı ermənimeyilli konqresmenləri hərəkətə gətirib. (avropa.info) ABŞ  Konqresində  Kaliforniya ştatını təmsil edən konqresmen Adam Şiff erməni vertolyotu ilə bağlı açıqlama yayıb, Azərbaycanı günahlandırıb. Ancaq hadisəyə ədalətli yanaşan əcnəbi şərhçilər də az deyil. Politoloq Vladimir Belyayev olayı sarsıdıcı hadisə kimi qiymətləndirib. O, bildirib ki, helikopterin vurulması atəşkəsin imzalandığı 1994-cü ildən 2014-cü ilə kimi tərəflərin nəinki rekord sayda itkisi, eləcə də bahalı hərbi texnikanın məhvi ilə də yadda qalıb. Belyayev deyib ki, helikopterin erməni Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə təlimləri zamanı vurulması Ermənistanın nəinki hərbi, eləcə də Dağlıq Qarabağdan propoqanda kimi istifadə edən siyasi imicinə böyük zərbədir. 
 
İsrailli ekspert Arye Qut isə Ermənistan helikopterinin vurulmasının Azərbaycanın səbrinin tükənməsinə işarə olduğunu bildirib. “Vertolyotun Azərbaycanın Ağdam rayonu ərazisində vurulması Azərbaycanın öz müstəqilliyini qorumaq üçün atdığı addımdır. Bunu heç kim qınaya bilməz. Ermənistan bu barədə düşünməli və bir daha işğal altındakı ərazilərdə Azərbaycanı təhdid edən hərbi manevrlərə yol verməməlidir” - deyib (axar.az).
 
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov isə deyib ki, Rusiya Ermənistanın əli ilə Azərbaycan tərəfinin nəbzini ölçür: “O uçuşlar sadəcə təlim xarakteri daşımırdı. Sözsüz ki, Azərbaycan Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin əlində təxribatla bağlı yetərli sübut olduğu üçün helikopterin vurulması əmri verilib” - deyib ekspert.
 
“Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və onu bütün mümkün üsullarla, həmçinin hərbi metodla da qoruyacağıq”. Qafqazinfo xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Kommersant FM”-in suallarını cavablandırarkən deyib. “Əgər hər hansı vertolyot Rusiya sərhədini keçsəydi, siz bunu necə başa düşərdiniz? Hər ölkə öz sərhədlərini qoruyur. Bu tamamilə təbiidir. Bu ki sərnişin deyil, hərbi vertolyotdur. Niyə görə hərbi vertolyot orada uçmalıdır?”-səfir əlavə edib.
 
Lakin düşmənin aqressiyası və çaşqınlığı Azərbaycanı bütün sahələrdə ehtiyatlı olmağa vadar edir. Bu mənada Naxçıvana uçuşlar məsələsi gündəmə gəlib ."Naxçıvana uçuşlar yerinə yetirən mülki təyyarələrimiz üçün heç bir təhlükə yoxdur". Bunu isə APA-ya açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AzAL) xidmət rəisi Məhərrəm Səfərli deyib. O bildirib ki, Azərbaycanın mülki təyyarələri Ermənistanın hava məkanından istifadə etmir, Naxçıvan Muxtar Respublikasına uçuşlar isə İran hava məkanı üzərindən həyata keçirilir: “Bizim uçuşlar üçün hər hansı təhlükə yoxdur”.
 
“Ötən gün Ermənistan Ordusuna məxsus hərbi helikopterin vurulmasından sonra cəbhə xəttinin qarşı tərəfində helikopterlərin və digər uçuş aparatlarının uçuşları dayanıb”. Bunu isə APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. V. Dərgahlının sözlərinə görə, hadisədən sonrakı dövrdə və bu gün işğal olunmuş Azərbaycan ərazilərinin üzərində heç bir uçuş qeydə alınmayıb. Nazirlik sözçüsü Azərbaycanın bütün hava məkanının Hərbi Hava Qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib. 
“Hava sərhədlərimizi pozanlara zərbə vurmaq üçün Hərbi Hava Qüvvələrimiz ən müasir vasitələrə malikdir. Beynəlxalq sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal altındakı ərazilər üzərində bütün avia uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi dəyərləndirilir”, - deyə polkovnik Dərgahlı vurğulayıb. V. Dərgahlı ötən gün və gecə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozuntularının sayında müəyyən artım müşahidə olunduğunu, lakin hansısa kəskin səviyyədə olmadığını bildirib: “Bəzi KİV o istiqamətdə ağır döyüşlərin getdiyinə dair məlumat yayıblar. Belə bir hadisə yoxdur. Azərbaycan Ordusu düşmənin bütün təxribat cəhdlərinin qarşısını alacaq”.

Google+ WhatsApp ok.ru