YALANIN MÜSTƏSNA HALLARI

YALANIN MÜSTƏSNA HALLARI

Əxlaq alimləri və fəqihlər hədislərə istinad edərək yalanın müstəsna hallarını qeyd etmiş və yalan danışmağa iki yerdə icazə vermişlər:

1. Zərurət və çarəsizlik zamanı:

Ümumiyyətlə, zərurət üzündən qadağan olunmuş bir rəftarın caizliyi yalnız yalana aid deyildir. Məsələn, bir xəstənin müalicəsi yalnız yeyilməsi haram olan ərzaqdan aslıdırsa, lazımi qədər ondan istifadə etmək caizdir. Həmçinin şəri qanunlara uyğun kəsilməmiş heyvan ətini yeməyin haram olduğu hamıya məlumdur. Lakin zərurət tələb edərsə, aclıqdan ölmək qorxusu yaşanarsa və həmin ətdən başqa, yeməyə heç bir şey olmazsa, bu zaman lazımi miqdarda istifadəyə icazə verilir və caiz hesab olunur.

Nəzərə çatdıraq ki, yalan danışmaq zərurətin aradan qaldırılması ilə sona çatmalıdır. Yəni caizlik hökmü zərurətin təmin olunacağı ana qədər qüvvədədir. Daha dəqiq desək, zərurət yarandığı zaman belə, insanın öz istədiyi qədər yalan danışmasına icazə verilmir. Demək, hər bir zərurət bəhanəsi ilə yalan danışmaq qadağandır. İmam Rza (ə) buyurur:

اِنَّ الرَّجُلَ لَيَصْدُقُ عَلى اَخيهِ فَيَنالُهُ عَنَتٌ مِنْ صِدْقِهِ فَيَكُونُ كَذّابآ عِنْدَاللّهِ وَ اِنَّ الرَّجُلَ لَيَكْذِبُ عَلى اَخيهِ يُريدُ بِهِ نَفْعَهُ فَيَكُونُ عِنْدَ اللّهِ صادِقآ

“Həqiqətən də, bir insan müsəlman qardaşı haqqında onun başını bəlaya salacaq doğru bir söz deyərsə, Allah dərgahında yalançılar cərgəsində, amma müsəlman qardaşını zərərdən qoruya biləcək bir yalan danışarsa, Allah-Taalanın dərgahında sadiqlər sırasında olacaqdır.” ((“Vəsailüş-şiə”, 12-ci cild, səh.255, hədis 16238.)

Bir işin zatən yaxşı olması zamanı “yaxşı” və “daha yaxşı” məsələsinə işarə etmək olar. Belə ki, zatən yaxşı olan bir iş bəzi hallarda xoşagəlməz bir rəftara çevrilə bilər. Məsələn, mümkündür, lazım olmayan bir yerdə doğru söz demək xoşagəlməz nəticələr verib fitnə-fəsadlar törədə bilər. Peyğəmbəri-Əkrəm (s) imam Əliyə belə buyurur:

ثَلاثَةٌ يَقْبَحُ فيهِنَّ الصِّدْقُ النَّميمَةُ...

“Üç yerdə düz danışmaq bəyənilmir (xoşagəlməz nəticələr verir): …biri də söz gəzdirməkdir...” (“Vəsailüş-şiə”, 12-ci cild, səh.252, hədis 16230.)

Söz gəzdirmək kiminsə sözünü başqalarının yanında danışaraq fitnə-fəsad yaradarsa, hətta doğru danışmış olsa belə, yenə də xoşagəlməz bir iş hesab olunur.

2. İki nəfər arasında sülh və barışıq yaratmaq üçün:

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

اِحْلِفْ بِاللهِ كاذِباً وَ نَجِّ اَخاكَ مِنَ الْقَتْلِ

“Allaha yalan and içərək günahsız qardaşını ölümdən xilas et.” (“Vəsailüş-şiə”, 16-cı cild, səh.162.)

İmam Sadiq (ə) buyurmuşdur:

اَلْكَلامُ ثَلاثَةٌ صِدْقٌ وَ كَذِبٌ وَ اِصْلاحٌ بَيْنَ النّاسِ

“Söz üç növdür: Doğru, yalan və insanlar arasında barışıq yaratmaq üçün deyilən söz.” (“Kafi”, Kuleyni, 2-ci cild, səh.341, hədis 16.)

Təbiidir ki, üçüncü növ söz dedikdə, müsəlmanlar arasında mübahisələrin həlli üçün deyilmiş yalan nəzərdə tutulmuşdur. Burada heç bir zərurətin olmadığı müşahidə olunur. Lakin İslam dinində qardaşlıq münasibətlərinin necə müqəddəs bir münasibət olmasını nəzərə aldıqda, yaranmış ixtilafların həlli üçün deyilmiş “yalan” haram hesab oluna bilməz. İslamda müsəlmanlara din qardaşlarının problemlərinə qarşı soyuqqanlı olmaq tövsiyə olunmur. Çünki İslam dini qardaşlıq və mehribanlıq dinidir. Burada deyilən yalan İslam cəmiyyətinin məsləhəti üçün caiz statusunu alır. Peyğəmbəri-Əkrəm (s) imam Əliyə belə vəsiyyət edir:

اِنَّ اللّهَ اَحَبَّ الْكَذِبَ فِى الصَّلاحِ وَ اَبْغَضَ الصِّدْقَ فِى الْفَسادِ

“Həqiqətən də, Allah-Taala barışıq yaradan (məsləhətli və xeyir məqsədli) yalanı bəyənir və fitnə-fəsad yaradan doğru sözə isə nifrət edir.” (“Vəsailüş-şiə”, 12-ci cild, səh 252, hədis 16229.)

Bu mövzu ilə bağlı iki məsələ diqqəti cəlb edir:

1. Həqiqətdə yalanın müstəsna halları bir nöqtəyə tuşlanıb və o da budur ki, yalana yalnız onun mənfi təsirlərini kölgə altına salan mühüm hadisələrdə icazə verilir. Aydındır ki, insan özünün, həm də başqalarının canı, malı və namusunu qoruyan, yaxud hərbi əməliyyat və gərgin hallarda bir müharibəyə son qoyan, qan tökülməsinin qarşısının alan, yaxud da amansız düşmən və peşəkar canini məhkum edən yalan əhəmiyyət daşıyır. Hətta bəzən, ər-arvad arasında baş verən bir sıra qarşıdurmalar ayrılığa və yaxud çəkişmələrə gətirib çıxardığı zaman bir yalanla aralarındakı ixtilaf aradan qaldırıla bilər. Bütün bu hallarda yalan daha mühüm məsləhətlərə görə caiz olur.

2. Məsləhət üçün söylənilən yalanın həddi-hüdudu, müəyyən miqdarı olmalıdır. Çünki həddən artıq istifadə insanın xarakterində çatışmazlıqlara da səbəb ola bilər.

Burada diqqəti cəlb edən məsələ odur ki, bu hallarda yalan danışmağın caiz olması eynilə canı qorumaq üçün murdar ətin zərurət qədər yeyilməsinə icazə verilməsi kimidir. Nəinki şəriət müstəsna hallara icazə verməklə böyük günahlara cürət tapmağa, hər kiçik məsələdə yalan danışmağa icazə vermiş olsun. Amma çox vaxt büdrəyişlər elə müstəsna halların kənarında, o “qadağan olunan məntəqə”yə və ya “təhlükə məntəqəsi”nə yaxın düşərkən baş verir. Rəvayətlərdə bu yerlər “himəllah” (Allahın qadağan etdiyi məntəqələr) və “hovləl-hima” (qadağan olunan sərhədlər) ünvanı ilə qeyd olunur. Belə ki, hədislərin birində buyurulur:

مَحارِمُ اللهِ حِمىَ اللهِ فَمَنْ يَرْتَعْ حَوْلَ الْحِمى يُوشَكُ اَنْ يَقَعَ فِيها

“İlahi haramlar Allahın qadağan qoyduğu məntəqələrdir. Kim heyvanlarını qadağan olunan sərhədlərə yaxın aparsa, mümkündür ki, ora girsin.” (“Fəraidul-üsul” (Rəsail), Şeyx Mürtəza Ənsari, səh.360, “Əxlaq sayəsində sağlam həyat” kitabından nəqlən, Ayətullah Məkarim Şirazi, səh.68-70; “İlahi əxlaq”, Ayətullah Müctəba Tehrani, səh. 86-88.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru