Üzeyir Cəfərov: “Cəbhədə baş verənlər Nyu York görüşlərinin ayrılmaz hissəsidir”

Son günlər cəbhə xəttində çox ciddi döyüşlər baş verib. Azərbaycan tərəfinin itki verdiyi və bu döyüşlərdə qarşı tərəfin hər dəfə cavab atəşi ilə susdurulduğu qeyd edilir. Verilən ilkin məlumatlara görə, erməni tərəfi 4 əsgərini itirib. Cəbhə xəttindəki gərginlik ekspertlər arasında ciddi müzakirələrə səbəb olub. Belə ki, son vaxtlar dağlıq Qarabağla bağlı cox ciddi müzakirələrin getdiyi bir vaxtda cəbhə xəttindəki bu gərginlik təsadüfi sayıla bilməz.
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Ermənistanın silahlı birləşmələrinin ağılsızlığı nəticəsində cəbhə bölgəsində vəziyyət nəzarətdən çıxa bilər: “Düşmən tərəfi əvəllər avtomat və pulemyotlardan atəş açırdısa, indi iri çaplı pulemyotlardan və artileriya silahlarından istifadə edirlər.
Guya bu addımlarla Azərbaycan tərəfini cəzalandırmaq istəyirlər. Azərbaycan heç vaxt Ermənistana qarşı təxribat həyata keçirtməyib. Azərbaycan ən böyük “təxribatı” elə geniş əməliyyatların başlanması olardı.
Bu vaxta qədər baş verən bütün təxribatlar qarşı tərəfdən olub. Ermənistanın prezidenti Serj Sarkisyan Nyu Yorka yola düşməzdən öncə bəyan etdi ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Bu onu deməyə əsas verir ki, Ermənistan işğalçılığı tək beynəlxalq sənədlərdə deyil, özü də etiraf edir. Cəbhədə baş verənlər Nyu Yorkda BMT Baş Asambleyasının iclasının ayrılmaz hissəsidir. Biz son dərəcə diqqətli olmalıyıq. Təbii ki, genişmiqyaslı əməliyyatların olması inandırıcı görünmür. Hər halda ciddi toqquşmaların olması realdır”./

Google+ WhatsApp ok.ru