Zühura doğru

Zühura doğru

Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 33-cü ayəsində buyurur:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

“Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”

Bu ayənin mənasının anlaşılması üçün ondan əvvəlki ayənin mənasına diqqət yetirməliyik. Həmin ayədə buyurulur:

يُرِيدُونَ أَن يُطْفِؤُواْ نُورَ اللّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللّهُ إِلاَّ أَن يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

“Onlar (düşmənlər) Allahın nurunu ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, yalnız Öz nurunu tamamlamaq istəyir.”

Bu ayədə Allah-Taala İslam nurunun təkamülə çatacağı və onun digər dinlərə qalib gələcəyini vəd etmişdir. Onun həqiqi təkamülü isə dünyanı tamamilə işıqlandıracağı zamandır.

Allah-Taala bu ayədən sonra həqiqəti daha şəffaf çatdırmaq üçün buyurur: “Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”

Bu vəd azacıq fərqlə “Fəth” surəsinin 28-ci ayəsində də təkrar olunur:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَكَفَى بِاللَّهِ شَهِيدًا

“Onu bütün dinlərə qalib etmək üçün Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Bu böyük vədə) şahidlik üçün Allah kifayətdir.”

Nəhayət, “Səff” surəsinin 9-cu ayəsində də (“Tövbə” surəsinin 33-cü ayəsində işlənən ifadələr kimi) bu böyük vədə bir daha işarə olunaraq buyurulur:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

“Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”

Bu ayələrdən ilahi vədin böyük əhəmiyyət daşıdığı icmalən anlaşılır.

Burada mühüm məsələ ayədə qeyd olunan “li-yuzhirəhu” (onu qalib etmək üçün) ifadəsinin mənasıdır.

Əvvəla, “li-yuzhirəhu” ifadəsindəki şəxs əvəzliyi İslam Peyğəmbərinə (s) qayıdır, yoxsa onun gətirdiyi haqq dinə?

Birinci halda ayə İslam Peyğəmbərinin (s), ikinci halda isə İslamın bütün dinlərə qələbəsi mənasını daşıyacaq. Lakin “li-yuzhirəhu” ifadəsinə “haqq din” ifadəsi yaxın olduğundan, ədəbi qaydalara əsasən, əvəzliyin ona aid edilməsi daha düzgün nəzərə çarpır. (Nəticə etibarilə isə elə bir fərq yoxdur.) Bununla yanaşı, “bir dinin digər dinlərə qələbəsi” “bir şəxsin dinlərə qələbəsi” ifadəsindən daha münasib görünür.

İkincisi, “zühur” sözündə məqsəd nədir? Şübhəsiz, “zühur” sözü ayədə “aşkar olmaq” mənasını yox, “qələbə” mənasını daşıyır. Bu isə, həmin sözün məşhur mənalarından biridir. Məşhur lüğət mənbələrindən sayılan “Qamus”, eləcə də, Rağibin “Müfrədat” kitabında “zühur” sözü elə həmin mənada işlədilmiş, həmçinin Qurani-Kərimin “Mumin”, “Kəhf” və “Tövbə” surələrində də eyni mənada istifadə olunmuşdur. “Tövbə” surəsinin 8-ci ayəsində buyurulur:

كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لاَ يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلاَ ذِمَّةً

“Onların əhd-peymanının necə dəyəri olsun? Əgər onlar sizə qalib gəlsələr, nə sizinlə qohumluğu gözləyər, nə də bir əhdə əməl edərlər.”

“Mumin” surəsinin 29-cu ayəsində buyurulur:

يَا قَوْمِ لَكُمُ الْمُلْكُ الْيَوْمَ ظَاهِرِينَ فِي الْأَرْضِ...

Ey qövm! Bu gün hakimiyyət sizindir. Yer üzündə qalib olanlar da sizsiniz...”

“Kəhf” surəsinin 20-ci ayəsində buyurulur:

إِنَّهُمْ إِن يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ...

Həqiqətən, onlar sizi (“Kəhf” səhabələrini) ələ keçirsələr, daşqalaq edəcəklər...”

İndi isə İslamın bütün dinlərə qalib gəlməsinin necə başa düşülməsinə nəzər salaq. Bu barədə təfsirçilər üç cür təfsir irəli sürmüşlər:

1. Məqsəd məntiqli qələbədir, yəni İslamın mahiyyəti digər dinlərlə müqayisədə dolğun və idealdır. İslamı xurafatlarla qarışmış digər dinlərlə müqayisə edərkən onun məntiqinin digər dinlərin məntiqinə qalib gəldiyi aşkar olunur.

Allahın bu vədi həyatda gerçəkləşmişdir və hətta İslamın “azan” adlı şüarının digər dinlərin şüarları ilə müqayisəsi onun məntiqi qələbəsini daha da aydınlaşdırır.

2. Məqsəd İslamın bəzi məntəqələrdəki dinlər üzərində üstünlüyüdür.

Allahın bu vədi də gerçəkləşmişdir. Çünki Peyğəmbərin (s) dövründə İslam Ərəbistan yarımadası, ondan sonra da dünyanın böyük bir hissəsinə hakim oldu və onun hökmranlığı Çindən tutmuş Atlantik okeanının sahillərinə qədər ərazini əhatə etdi. Bir sözlə, dünyanın böyük bir hissəsi İslama baş əydi və hətta, həmin məntəqələrdə İslam hakimiyyətinə son qoyulduqdan sonra da, bir məktəb olaraq öz varlığını qorudu.

3. Məqsəd İslamın bütün dünyaya xarici (mədəni, siyasi və iqtisadi) qələbəsidir. Bu təfsiri bəzi şiə və əhli-sünnə təfsirçiləri də qəbul etmişlər.

Şübhəsiz, bu vəd hələ həyatda gerçəkləşməmiş və İmam Mehdinin (ə) zühuru və inqilabı ilə hasil olacaqdır. Bu zaman bütün dünyaya haqq-ədalət hökm sürəcək və İslam dini dünya miqyasında bütün dinlərə qələbə çalacaqdır.

Bəzi şahidlər üçüncü təfsirin digər təfsirlərə üstünlüyünü sübuta yetirir:

1. “Zühur” sözündəki qələbədə zehni qələbə deyil, hissi və xarici qələbə nəzərdə tutulur. Qurani-Kərimin heç bir yerində “zühur” sözü zehni qələbə mənasında işlənməmişdir. Əksinə, qeyd edilən bütün ayələrə diqqət yetirdikdə, onun hissi və xarici qələbə mənasında işləndiyini görürük.

2. Təkid məqsədilə işlənən “kullihi” sözündən İslam dininin müəyyən bir məntəqəyə deyil, bütün dinlər və məzhəblərə qələbəsi anlaşılır. Bu da İslamın bütün dünyada yayılması ilə mümkündür!

3. Uyğun ayənin təfsirində nəql olunan rəvayətlər üçüncü təfsiri təsdiqləyir. Nümunə olaraq aşağıdakı rəvayətlərə nəzər salaq:

1. Əyyaşi öz silsilə sənədləri ilə İmran ibn Meysəmin Əbayədən bel nəql etdiyini yazır: “İmam Əli (ə)هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ (Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”) – ayəsini tilavət etdikdən sonra öz səhabələrindən “Bu qələbə hasil olubmu?” – deyə soruşduqda, cavab verdilər: “Bəli!” Həzrət buyurdu:

كلّا فوالّذى نفسى بيده حتّى لايبقى قرية الّا و ينادى فيها بشهادة ان لا اله الّا اللّه بكرة و عشيّاً؛

“Xeyr, canım əlində olan Allaha and olsun ki, bu qələbə səhər-axşam “Lə iləhə illəllah” (Allahdan başqa bir məbud yoxdur) səsi bütün abadlıqlarda ucaldığı zaman gerçəkləşəcəkdir.” (“Məcməul-bəyan”, “Səff” surəsinin 9-cu ayəsinin təfsiri.)

2. İmam Baqir (ə) buyurur:

انّ ذلك يكون عند خروج المهدى من آل محمّد فلا يبقى احدا الّا اقر بمحمّد صلى الله عليه و آله و سلم؛

“Bu qələbə Muhəmmədin (s) övladlarından olan Mehdinin (ə) qiyamı zamanı hasil olacaq. O zaman dünyada Muhəmmədi (s) qəbul etməyən bir şəxs olmayacaq.” (“Təfsiri-Bürhan”, c.2, səh.121.)

3. Miqdad ibn Əsvəd Peyğəmbəri-Əkrəmdən (s) belə eşitdiyini nəql edir:

سمعت رسول اللّه صلى الله عليه و آله و سلم يقول لا يبقى على ظهر الارض بيت مدر و لا و بر الّا ادخله اللّه كلمة الاسلام؛

“Yer üzündə daşdan, yaxud palçıqdan (tikilmiş) elə bir ev qalmayacaq ki, Allah-Taala İslamı o evə daxil etməsin!” (“Məcməul-bəyan”, “Tövbə” surəsinin 33-cü ayəsinin təfsiri.)

Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur ki, qeyd olunanlarla kifayətlənirik. (“Hokuməte cahaniye Həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.37-41.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru