İmtahan ödənişləri abituriyentlərin cibinə uyğun olacaqmı?

İmtahan ödənişləri abituriyentlərin cibinə uyğun olacaqmı?

Təhsil eksperti: “Qəbul imtahanlarının qiymətinin kəskin artması təhsilə ciddi zərər vura bilər...”

Tarif Şurası ilə test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində danışıqlar artıq başlanılıb. Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində yarım ildir ki, iş aparılır.
 
“Bizim təkliflərimiz hazırdı. Araşdırmaların nəticələrini müvafiq nazirliklərə göndərmişik. Təbii ki, imtahanların ödənişi biz tərəfdən deyil, Tarif Şurası tərəfindən qəbul ediləcək”, - deyə o qeyd edib. M.Abbaszadənin bildirdiyinə görə, qəbul imtahanlarının il ərzində iki dəfə keçirilməsi ilə bağlı yenilik neçə il idi ki, hazırlanırmış: “Çoxsaylı müraciətlər olurdu. Abituriyentlər yaxşı nəticə əldə etmək üçün ikinci şans istəyirdilər. Əvvəllər TQDK dövlət büdcəsindən maliyyələşdirilirdi və hər bir abituriyentə müəyyən məbləğ həcmində vəsait ayrılırdı. Buna görə də biz təkrar imtahan keçirə bilməzdik. Çünki bu, büdcənin artmasına gətirib çıxara bilərdi. Artıq bu xidmət bir növ pullu olduğu üçün abituriyentlər üçün əlavə imkan yaradılıb”. M.Abbaszadə onu da deyib ki, hər bir abituriyent hansı imtahanda iştirak etmək istədiyini özü müəyyən edəcək.
 
Bəs bu ödənişlər abituriyentlərin cibinə uyğun olacaqmı?
 
Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin (DİM) sınaq və qəbul imtahanlarının qiymətini ciddi şəkildə artırsa, maliyyə itkisi ilə qarşılaşa biləcəyini dedi: “Cəmiyyətdə belə fikir var idi ki, sanki indiyədək keçirilən qəbul imtahanları ödənişsiz əsaslarla həyata keçirilirdi, bundan sonra isə ödənişli əsaslarla olacaq. Xeyr, bu belə deyil. Buraxılış imtahanları istisna olmaqla, TQDK (DİM) tərəfindən təhsilin istənilən pilləsi üzrə keçirilən qəbul imtahanları ödənişli - pullu olub. Bu imtahanda iştirak edən iddiaçı xidmət haqqı ödədikdən sonra iştirak hüququ əldə edib. Sadəcə olaraq, bu ilə qədər TQDK-ya həm də dövlət büdcəsinin vəsaiti ilə maliyyə dəstəyi olurdu. Bu məbləğ il ərzində beş milyon manat təşkil edirdi. TQDK ləğv olunub publik şəxsə çevrildikdən sonra bu quruma dövlət tərəfindən verilən vəsait dayandı. Bu ildən etibarən DİM-in özü göstərdiyi xidmətlərə görə maliyyələşdirilməsini özü həyata keçirəcək. Bu qurumun hazırda yeganə gəlir mənbəyi təhsilin müxtəlif pillələri üzrə sınaq və qəbul imtahanlarını keçirməklə əldə edəcəyi vəsait olacaq. Hesab edirəm ki, məhz bu ildən etibarən qəbul imtahanlarının iki mərhələdə keçirilməsini zəruri edən halların başında bu gəlir”.
 
Ekspertə görə, DİM sınaq və qəbul imtahanlarının qiymətini ciddi şəkildə artırsa, nəzərdə tutulan kimi gəlir əldə edə bilməyəcək, əksinə, ciddi şəkildə maliyyə itkisi ilə qarşılaşa bilər: “Bunu statistik göstəricilər deyir. İndiyə qədər keçirilən sınaq və qəbul imtahanlarının qiymətləri fərqli olub. Sınaq imtahanları 3.54 AZN, qəbul imtahanları 2.54 AZN olub. İndi bu rəqəm maksimum 7-8 manat ola bilər. DİM qeyd edir ki, bir sual kitabçası onlara 25 manata başa gəlir. Axı onlar imtahanda iştirak edən hər bir iddiaçıya ayrıca sual kitabçası tərtib etmirlər. Bu gün kifayət qədər kurslar qazanc əldə etmək üçün sınaq imtahanları keçirirlər. Onların qiyməti 7 manatdan artıq deyil. Onlar da DİM-in xərcləri qədər maliyyə sərf edirlər. Bundan əlavə, iki il ərzində hələ ənənəvi qaydada qəbul həyata keçiriləcək. Yeni test tapşırıqları qəbul edilmir. Deməli, DİM test tapşırıqlarına vəsait sərf etməyəcək. Belə çıxır ki, indi müəyyən olunan qiymətlər iki ildən sonra kurikulum əsasında qəbul aparılanda dəyişəcək? Magistr pilləsi üçün imtahan qiyməti 10-15 manatdan baha ola bilməz. Ənənəvi test tapşırıqlarının yoxlanılmasına da o qədər vəsait sərf edilmir. Bundan başqa, imtahan nəticələrinin öyrənilməsi ilə də bağlı xərclər var. Bu, SMS qiymətləridir. Hesab edirəm ki, bu da 0.50 AZN-dən çox ola bilməz”.
 
 
Ekspert qəbul imtahanlarının qiymətinin kəskin artmasının təhsilə ciddi zərər verəcəyini dedi: “Hazırda Azərbaycanda 36 dövlət və 15 özəl ali məktəb fəaliyyət göstərir. Azərbaycanda yalnız dövlət universitetlərinə deyil, özəl universitetlərə də hər il hər ixtisas üzrə nə qədər tələbə qəbul ediləcəyini hökumət müəyyən edir. Lakin xaricdə tam əksinədir. Dövlət universitetləri istisna olmaqla, özəl universitetlər nə qədər tələbə qəbul edəcəklərini özləri müəyyən edirlər. Xaricdə daha bir üstünlük bundan ibarətdir ki, orada yaxşı təhsil verən özəl universitetə köməklik göstərilir. Lakin bizdə əksinə, yaxşı təhsil verən özəl universitet sıxışdırılır. Bu da öz növbəsində təhsilin keyfiyyətini aşağı salır. Əgər imtahanda iştirak edənlərin sayı azalsa və müsabiqə şərtlərini ödəyən abituriyentlər yalnız dövlət universitetlərini seçsələr, özəl universitetləri böhran gözləyir. Ümumiyyətlə, bu ildən etibarən orta məktəblər tam şəkildə təmayülləşməyə keçir. Bu, regionlarda şagirdlərin 10-11-ci siniflərdə kütləvi şəkildə məktəblərdən yayınmasına və məhrum olmasına gətirib çıxaracaq. Bundan başqa, yüksək qiymətlərlə sınaq və qəbul imtahanları keçirsək, bu da onların təhsilə cəlb olunmasına ciddi şəkildə maneə olacaq. Onsuz da Azərbaycanda ali təhsillilərin sayı o qədər də çox deyil. Təhsil Nazirliyi Azərbaycanda ali təhsillilərin sayının artması istiqamətində iş apardığı halda orta məktəblərin təmayülləşməsi və sınaq qəbul imtahanlarının qiymətinin kəskin artması buna mənfi təsir edəcək. İnsanlar yüksək imtahan xərci və yüksək təhsil haqqı ödəyib Azərbaycanda oxumaqdansa, daha ucuz təhsilin olduğu xarici ölkələrə üz tutacaqlar”. /Musavat.com/
 

Google+ WhatsApp ok.ru