İNSANIN MƏNƏVİ HƏYATI – ƏN ÜSTÜN HƏYAT MƏRHƏLƏSİ

İNSANIN MƏNƏVİ HƏYATI – ƏN ÜSTÜN HƏYAT MƏRHƏLƏSİ

Həyatın mərtəbələri var. Onun bir mərtəbəsi nəbatatla – bitkilərlə bağlıdır. Bu səbəbdən, bitki “diri” və “ölü” olmaqla iki yerə bölünür. İnkişaf və artım bitki həyatının səciyyəsidir. Bu sayaq həyat “nəbati” həyat adlanır. Həyatın bundan üstün mərtəbəsi “heyvani həyat”dır. Belə həyatın inkişaf və artımdan əlavə hərəkət və idrak səciyyələri var. Bu səciyyələrə malik mövcud heyvani həyat yaşayır.
 
İnsanın həm nəbati, həm heyvani həyatı var. O həm inkişaf edib artır, həm hərəkət edir, həm də qavrayır. Əlbəttə, ondakı bu səciyyələr heyvan və bitkidə olduğundan daha dərin və daha genişdir. Bu səciyyələrə görə insan bitki və heyvan növü ilə müştərəkdir. Biz həyat dedikdə, adətən, bu deyilənləri düşünürük. Qidalanma və inkişaf “nəbati həyat”ın şərtidir. “Heyvani həyat” üçün isə idrak və iradi hərəkət zərurətdir. Yalnız bu səciyyələrə malik mövcuda diri deyirlər. Bu səciyyələrdən məhrum mövcud ölü sayılır. Lakin Qurani-Kərim və Əhli-beyt (ə) göstərişlərindən məlum olur ki, insan nəbati və heyvani həyatdan da üstün bir həyat yaşaya bilər. Bu “mənəvi həyat”dır. Bu üstün həyatın şərtləri vardır. Əgər insanda bu şərtlər ödənməsə, əslində, o, heyvani həyat baxımından diri sayılsa da, insan olmayacaqdır. Yemək, nəfəs almaq, dərk etmək, hərəkət və bu kimi şeylər nəbati və heyvani həyatın şərtləridir. İnsani həyat isə ayrı bir həqiqətdir. Qurani-Kərimdə buyurulur:
 
أَوَ مَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَّثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا
 
“Heç ölü ikən dirildiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz adam zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi?” (“Ənam” surəsi, ayə 122.)
 
Bu ayədən məlum olur ki, insan nuraniyyət ilə şərtlənən bir həyat yaşaya bilər. Beləliklə, insan nuraniyyət sahibi olarsa diri, ondan məhrum olarsa ölü insan sayılır. Baxmayaraq ki, nəbati və heyvani həyatı vardır! Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Onun surəti insan surətidir. Lakin qəlbi heyvan qəlbidir. Nə qurtuluş yolunu tanıyır ki, onu keçsin, nə də azğınlıq yolunu tanıyır ki, ondan qaçsın; belə bir şəxs dirilər arasında bir ölüdür.” (“Nəhcül-bəlağə”, Sübhi Saleh, 87-ci xütbə.)
 
“Əbu Həmzə Sumali” duasının “İlahi, Sənin zikrinlə qəlbim diridir!” cümləsində də imam Səccad (ə) bu üstün həyata işarə etmişdir. Bu həyatın sütunları Allahın zikridir. Necə ki, nəbati həyatın möhkəmliyi inkişafda, heyvani həyatın möhkəmliyi şüur və idrakdadır.
 
Oksigen insana çatmadıqda, qısa müddət kəsimində onun həyatına son qoyulur. Möminin qəlbi də ilahi zikrdən uzaq düşüb maddiyyata qərq olduqda, öz həyatını əldən verir.
 
Qeyd etdiyimiz kimi, bizim tanıdığımız həyat, adətən, hər birinin təsiri və şərtləri olan heyvani və nəbati həyata həsr olunur. Lakin ağılın hökmü ilə bərabər, Quran və Əhli-beyt (ə) kəlamlarında da göstərildiyi kimi, bizim naqis ağlımızla dərk etmədiyimiz bir həyat mərtəbəsi də vardır, o da iman həyatıdır. İnsanın həqiqi həyatının belə bir həyat olduğunu desək yanılmarıq. Rəvayətlərə əsasən, mömində “ruhul-iman” (iman ruhu) adlı bir ruh vardır. Bu ruh onun həyat mənşəyidir. Bu ruhun kölgəsində mömin insan günah edənədək digər bir həyatda olur. Lakin günah edən zaman bu ruh ondan ayrılır. Tövbə və Allaha tərəf qayıdışla yenidən bu ruh möminə qayıdır.
 
“Ruhul-iman”dan başqa bir ruh da vardır, peyğəmbərlər və ilahi övliyalara məxsus olan “ruhul-qüds” bu qismə aiddir. Peyğəmbərimiz və imamlarımız belə bir ruha sahib olublar.
 
Bizim gördüyümüz və öz heyvani idrakımızla dərk etdiyimiz həqiqətlərdən başqa, Allahın, Peyğəmbərin və imamların xəbər verdiyi həqiqətlər də vardır. Əgər biz Allah və Onun Peyğəmbərini qəbul ediriksə, göstərişlərə də etiqadlı olmalıyıq. Belə həyatın dəyəri bizim tanıdığımız heyvani və nəbati həyatla müqayisə olunası deyildir. Yalnız onlara sahib olan şəxslər bu həyatın dəyərini bilirlər. (“Rəbbin dərgahında”, Ayətullah Misbah Yəzdi, səh.163-165.)
 

Google+ WhatsApp ok.ru