Ərçivanda Rusiyaya işləməyə gedənlərin pay torpaqları satılıb

Azərbaycanda 2015-ci il kənd təsərrüfatı ili elan edilib. Astara rayon Ərçivan kənd sakini Xalid Məmmədov isə deyir ki, onun pay torpağı əlindən alınıb. Halbuki, ona məxsus əkinəyararlı torpağı bu kənd təsərrüfat ilində istifadə etmək ümidində olub. Lakin torpağını geri ala bilmir:
 
«TORPAĞIMI BİR NEÇƏ NƏFƏRƏ HƏYƏTYANI SAHƏ KİMİ VERİBLƏR»
 
«İslahat keçirilərkən ailəmizə 57 sot payıbəlli torpaq payı düşüb. Həmin ərazidə əkin də keçirtmişəm.2002-ci ildə işləməyə Rusiyaya getmişəm. İki ildən sonra qayıdıb görmüşəm ki, əkin üçün nəzərdə tutulmuş torpağımı bir neçə nəfərə həyətyanı sahə kimi veriblər. Həmin torpaqda ev inşa edilib».
 
Xalid Məmmədov deyir ki, onun vəziyyətində olan qəsəbə sakinləri çoxdur. Rəvayət Şeyxovaya, Cavid Məmmədova və Vüsalə Məmmədovaya məxsus payıbəlli torpaqları da müxtəlif adamlara həyətyanı sahə kimi satıblar. Onlar bu barədə müxtəlif instansiyalara şikayət ediblər. Lakin şikayətləri heç bir nəticə vermədiyi üçün məhkəmələrə üz tutublar. Birinci instansiya məhkəməsi onların şikayətlərini qismən təmin edib:
 
«İCRA MƏMURLARI AKT TƏRTİB EDİB Kİ, GUYA TORPAQLAR QAYTARILIB»
 
«Astara rayon Məhkəməsinin 25 yanvar 2012-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlərin zəbt etdiyi torpaqlar bizə qaytarılmalıdır. Lakin torpaqlar geri qaytarılmayıb. İcra məmurları akt tərtib ediblər ki, guya torpaqlar qaytarılıb. Məcbur olub yenidən məhkəməyə üz tutduq».
 
Xalid Məmmədov deyir ki, məhkəmə yenə yarımçıq qərar çıxarıb. Qərarda əkin üçün nəzərdə tutulmuş torpaqlarda tikilmiş evlər barəsində bir kəlmə deyilmir.
 
«TORPAĞI ALA BİLMİRİK»
 
Xalid Məmmədovun atası Məmməd Məmmədov da deyir ki, oğlunun ehtiyacı böyükdür:
 
«Oğlumun ailəsi var. Gözətçi işləyir, az maaş alır. Bu da onun ailəsinə çatmır. Payıbəlli torpağı ona vermişəm ki, əkib-becərsin. Öz ailəsini dolandırsın. Torpağı ala bilmirik. Sənəd var. Bilmirik nə edək».
 
Məmməd Məmmədovun sözlərinə görə, torpaq islahatı ilə bağlı prezidentin fərmanını da pozublar:
 
«Torpaqların koordinatları müəyyən edilibsə, necə olur ki, vətəndaşlara əkinəyararlı torpaqlarda həyətyanı sahələr verilib».
 
«İSLAHATDA NÖQSANLARIN OLDUĞUNU NƏZƏRƏ ALARAQ...»
 
Xalid Məmmədov Ərçivan bələdiyyəsi ilə bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi M.Səlimzadəyə də şikayət ünvanlayıb. Həmin şikayətə Ərçivan qəsəbə bələdiyyəsi cavab verib. Bələdiyyənin cavab məktubundan məlum olur ki, qanun daxilində Məmmədovlar ailəsinə 57 sot payıbəlli torpaq verilib. Məktubda deyilir:
 
«Astara rayon Aqrar İslahat Komissiyasının apardığı islahatda nöqsanların olduğunu nəzərə alaraq aparılmış islahatda qismən dəyişikliklər edilməsi barədə 2002-ci ildə Astara rayon İcra Hakimiyyəti başçısı tərəfindən sərəncam verilib. Hazırda bu istiqamətdə işlər aparılır».
 
Bu məktubdan 13 il keçsə də, problem həllini tapmayıb. Xalid Məmmədov bu barədə yuxarı orqanlara yüzdən çox məktub yazıb. Bu şikayət məktubları son nəticədə rayon icra hakimiyyətinə göndərilir, cavab isə eyni olur. 
 
Qəribəsi budur ki, Xalid Məmmədov Ərçivan qəsəbə bələdiyyəsinə müraciət edərək həmin ərazidə həyətyanı torpaq sahəsi istəyib. Bələdiyyə etiraz etməyib. Buna görə ona sənəd verib, 6 sot torpağa görə pul da köçürülüb. Astara rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi isə əkin üçün nəzərdə tutulan torpaq sahəsini «perspektiv inkişafı üçün nəzərdə tutulmuş və Baş planda yaşayış kateqoriyasına aid olan torpaq» kimi göstərib:
 
«İndi mənə deyirlər ki, o torpaq əkin üçün nəzərdə tutulub və həyətyanı sahə kimi verilə bilməz. Axı orda evlər tikilib. Mənim payıbəlli torpağımı mənə həyətyanı sahə kimi vermirlər, başqasına isə verirlər».
 
İCRA NÜMAYƏNDƏSİ NƏ DEYİR
 
Ərçivan qəsəbə icra nümayəndəsi Cəbrayıl Salmanov isə deyir ki, bu problem həll ediləcək:
«Bu iş məhkəmədədir. Bu məsələ ilə bağlı həmin ərazidə digər rəsmi şəxslərlə 3 dəfə olmuşam. Rayon torpaq şöbəsinin yerində fərqli bir idarə yaradılır. Həmin idarə formalaşandan sonra bu məsələ də həllini tapacaq. Başqa yerlərdə də torpaq nəzərdə tutulub. Qəsəbənin 1000 hektara yaxın əkinə yaralı torpağı var. Onlardan istifadə olunur».
 
«ƏKİNƏYARARLI TORPAQLAR VƏHŞİCƏSİNƏ TALANIR»
 
İqtisadçı Vidadi Mirzəyev isə qeyd edir ki, əkinəyararlı torpaqların başqa məqsədlər üçün istifadəsi cinayətdir.
 
«Əkinəyararlı torpaqlar vəhşicəsinə talanır. Bu torpaqlarda yol çəkilir. Müxtəlif qaz, su və digər xətlər salınır. Bizi yedizdirən torpaq əriyir. Əkinəyararlı torpağın hər qarışının qədrini bilmək lazımdır. Halbuki, bu işləri bəyənmədiyimiz sovetlər dövründə də görə bilərdilər. Əkinəyararlı torpaqlar sıradan çıxmasın deyə, müxtəlif kommunikasiya xətlərini yol kənarı ilə çəkərdilər. Bələdiyyələr də bu özbaşınalıqdan istifadə edib əkinə yararlı torpaqları satırlar, bu torpaqların üstündə ev, müxtəlif tikintilər inşa edirlər. Daha fikirləşmirlər ki, əkib nə yeyəcəklər? Bir də gözümüzü açıb görəyəcəyik ki, əkin üçün torpaq qalmayıb». 

Google+ WhatsApp ok.ru