“Bu vətən əmanətdir” düşüncəsi

“Bu vətən əmanətdir” düşüncəsi

-- 1918-ci il 30 mart – 2 aprel tarixi bizim üçün tarixin hələ tam açılmamış qara səhifələrindəndir.

Günlər var ki, öz xoşbəxt anları, sevinc dolu dəqiqələri, şən xatirələri ilə yadda qalır. Günlər də var ki, kədərli, hüznlü məqamları, tragedik ölümləri, acısının əzəməti ilə zehnlərə birdəfəlik həkk olunur.
 
31 mart  azərbaycanlıların soyqırımı günü də ikinci qismə aiddir.
 
Tarix boyu özümüzü bir millət olaraq təsdiqləməmiz görünür çoxlarının diqqət və nəzərindən yayınmayıb və öz çirkin siyasətlərini yürütmək üçün bizim qarşımızda əngəllər törətəyə çalışıblar.
 
Əsrlərin yorğun, çətin çabalarından sonra yenicə özümüzə gəlib dincimizi almaq ərəfəsində növbəti “proqram” hazırladılar. Müstəqilliyimizin qırmızı lentini kəsməyimizə hər vəchlə mane olmağa çalışırdılar. Nədən?!….Çünki öz ayaqlarımızın üzərində durub irəliləmək istəyi hegemonların xoşuna gəlmirdi.
 
1918-ci il 30 mart – 2 aprel tarixi bizim üçün tarixin hələ tam açılmamış qara səhifələrindəndir.
 
Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın göstəricisidir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması ötən əsrin ən dəhşətli faciələrindəndir. 1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən plan həyata keçirilməyə başlandı. Minlərlə dinc əhali sırf milli mənsubiyyətinə görə məhv edildi. Milli memarlıq incilərini, məscidlər yandırıldı, Bakının böyük bir hissəsini xarabalığa çevrildi.
 
Eyni zamanda bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq, hadisələri təhrif edir, soyqırımı törədənlər, soyqırım qurbanları kimi qələmə verilirdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılır, böyük humanist ideallara söykənən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist ideologiyasının təqiblərinə məruz qalırdı. Bu da onların maddi soyqırımları ilə bərabər irəliləyən mənəvi soyqırımları idi.
 
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci il mart hadisələrinə xüsusi diqqət yetirib, 1919-1920 ci ilin mart ayının 31-i ilk dəfə ümumilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət idi. Lakin AXC-nin süqutu bu işin başa çatmasına imkan vermədi.
 
1998-ci il 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
 
Tarix yarandığı andan etibarən bu günə qədər heç bir xalq bu qədər böyük bir vandalizmin qurbanı olmayıb.
 
Həmişə bir əlimiz qələmdə, digəri kitabda olanda belə, qılınc qurşanmalı olmuşuq. Sülhü əmin-amanlığı, qardaşlığı tərənnüm etdiyimiz zaman bir namərd bıçağı kürəyimizə sancılıb. Amma yenə də Vətən adlı bir and yeri olduğunu unutmamışıq. Şimşək kimi üfüqdən-üfüqə şığıyan atların qanadında da, düşmən üzərinə çalınan qılıncların parıltısında da, bir parça torpaqda kök atan çinarın tənha duruşunda da “Bu vətən əmanətdir” düşüncəsini görmüşük. (Nübar Həsəni/Mübarizim.com)

Google+ WhatsApp ok.ru